Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Rəcəb ayının əməlləri

Rəcəb ayının əməlləri
+9
Mətndə qrammatik səhv var?

Rəcəb ayı üstün aylardan biridir. Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Allahın Rəsulu (s) bu barədə belə buyurub:«Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Taalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar». 

 

İbni Babəveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiq (ə)-ın hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Taala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Taala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. Üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».

 

İmam Museyi Kazım (ə) belə buyurub: «Rəcəb bir əzəmətli aydır ki, Allah-Taala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda üç gün oruc tutsa, behişt ona vacib olar».

 

Rəcəb tövbə və məğfirət ayıdır. Bu ayda çox deyilməsi tövsiyə olunan zikrlərdən biri«Əstəğfirullahə və əsəluhut-təubə»-dir.

 

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ay da günahlarınızın bağışlanmasını diləyin ki, Allah-Taala bağışlayan və mehribandır». Belə isə "Əstəğfirullahə və əsəluhut-təubə", zikrini çox deyin.

 

Bu ayın digər mühüm əməlləri isə imkansızlara, kimsəsizlərə əl tutmaq və sədəqə verməkdir.

 

Həzrət Əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Taala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib».

 

Həzrət Peyğəmbər (s) belə buyurub: «Hər kim Rəcəb ayında 100 dəfə «Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh» söyləsə və sonra sədəqə versə, Allah-Taala da onun işini rəhmət və bağışlanma ilə xətm edər və hər kim ki, bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».

 

RƏĞAİB GECƏSİ - Bu gecənin əməlləri

Rəcəb ayının birinci cümə gecəsi “Leylətul-rəğaib” adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Peyğəmbərdən (s.ə.a) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.

Bu gecənin əməllərindən biri də on iki rikətlik namazdır. Kim bu namazı qılsa Allah-təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: “Ey mənim həbibim sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın”. Həmin kimsə deyər: “Sən kimsən? And olsun Allaha mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm”. O isə belə deyər: “Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Belə isə xoş hal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq”. 

QILINMA QAYDASI

Bu namazın qılınma şərtlərindən biri orucdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı (4-cü gün) günü oruc tutursan. Həmin günü, yəni Cümə gecəsi iftarı açdıqdan sonra şam və xiftən namazlarının arasında 12 rikətlik namaz qılırsan. Hər iki rikətdən bir salamı deyirsən. Sonra qalxıb təkbir deyərək (Allahu Əkbər) növbəti iki rikəti qılırsan. Hər rikətdə də bir dəfə Həmd, üç dəfə Qədr, on iki dəfə İxlas surəsini oxuyursan. 

1. HƏMD SURƏ: 

Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yaumiddin. İyyakə nəabudu və iyyakə nəstəin. İhdinəs sıratəl mustəqim. Sıratəl ləzinə ən əmtə əleyhim ğeyril məğzubi əleyhim vələzzallin. 

2. QƏDR SURƏSİ: 

Bismillahir-Rəhmanir-Rəhim. İnnə ənzəlnəhu fi ləylətil-qadr. Vəma ədrakə ma ləylətul-qadr. Ləylətul-qadri xayrun min əlfi şəhr. Tənəzzəlul-məla-ikətu vər-Ruhu fihə bi-izni rabbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil-fəcr. 

3. İXLAS SURƏSİ: 

Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd.

1. Namazdan sonra 70 dəfə deyirsən:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Allahummə salli əla Mühəmmədin-nəbiyyil-ummiyyi və əla alih”

Tərcümə: “İlahi, Məhəmməd peyğəmbərə və onun ailəsinə öz rəhmətini göndər”

2. Sonra səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə deyirsən:

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”. 

Sonra hacətini, istəyini Allahdan istəyirsən. İnşallah hacətin yerinə yetər.

 

Rəcəb ayının 13, 14 və 15-ci gününün əməlləri

 

Etikaf(Bir şəxsin 3 gündən az olmamaq şərti ilə, xüsusi göstəriş üzrə məsciddə qalıb ibadətlə məşğul olmağ mənasındadır.)
 

Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kəbəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik):«İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmaili tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), ruku və səcdə edənlər üçün pak-pakizə edin». («Bəqərə» surəsi, ayə 125) 

 

Etikaf müstəhəb əməllərdən biri hesab olunur. İslam tarixini yazanlar Allahın Rəsulunun (s) hər il Rəcəb və Ramazan aylarında evdən çıxaraq, Hira mağarasına getdiyini və orada Allaha ibadət etməklə məşğul olduğunu qeyd ediblər.

 

Etikafın məxsus günləri Rəcəb ayının 13, 14 və 15-i və Ramazan ayının son 10 günüdür.

 

Etikafı «came məscid»ində yerinə yetirmək lazımdır. Əgər insan 2 gün etikafda olarsa, bu işi 3-cü gün davam etdirmək ona vacib olar. Etikafda olan şəxs bu 3 gün ərzində, yalnız zərurət olduğu halda məsciddən bayıra çıxa bilər.

 

İmam Sadiq (ə) buyurmuşdur: «Etikaf, yalnız ədalətli pişnamazın camaat namazı qıldığı cümə məscidində olmalıdır».

 

Məymun ibn Mehman deyir: «Həsən ibn Əlinin (ə) yanında oturmuşdum. Bir kişi gəlib dedi: «Ey Rəsuləllahın övladı! Filankəsin məndən filan qədər alacağı var və məni həbs etmək istəyir». İmam (ə) buyurdu: «Allaha and olsun, mənim pulum yoxdur ki, sənin borclarını ödəyim». Sonra həmin kişi ilə söhbət etdi. Məymun deyir ki, İmam (ə) ayaqqabılarını geyərkən, ona ərz etdim: «Yəbnə Rəsuləllah! Etikafda olduğunuzu unutmusunuzmu?»

 Həzrət (ə) buyurdu: «Unutmamışam, ancaq atamın babam Rəsuləllahdan (s) belə nəql etdiyini eşitmişəm ki, müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışan 3 min il oruc tutan və gecələri oyaq qalaraq Allaha ibadət edən şəxs kimidir».

 

İnsan zəruri halda (məsələn, şahidlik etmək, xəstənin ziyarətinə getmək, səfərdən gələn birini qarşılamaq, qonağı yola salmaq və ya cənazə dəfni üçün) etikafı poza bilər. Əgər insan zəruri işlərdən biri üçün məsciddən çıxarsa, ən yaxın yolu seçməli, ehtiyac olan miqdardan çox məsciddən kənarda qalmamalı, oturmamalı, kölgənin altı ilə hərəkət etməməli və imkan daxilində kölgədə oturmamalıdır.

 

Bu ayın əməlləri içərisində pak İmamlardan (ə) bir çox dualar və ibadətlər rəvayət olunub. Biz bu ayın əməllərini sizlərə müxtəsər şəkildə çatdırırıq.

 

Rəcəb ayının on üçüncü gününün daha bir əməli

 

Rəvayətlərə əsasən, Fil ilindən otuz il sonra Rəcəb ayının on üçündə, Kəbə evinin içində Həzrət Əmirəl-möminin Əli (ə) dünyaya gəlmişdir.

Bu gün «Əyyamul-beyz»in birinci günüdür. Bu gündə tutulan oruc üçün çoxlu savab vardır.

 

Rəcəb ayının on üçüncü gecəsində, həmçinin iki rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə Həmddən sonra bir dəfə «Yasin» surəsi, bir dəfə «Mulk» surəsi və bir dəfə «İxlas» surəsi deyilməlidir.

 

Ummu Davud duası

 

Bu dua əzəmət və bərəkətlə dolu olan dualardandır. Əllamə Məclisi yazmışdır: «Bil ki, Rəcəb ayının ortasının ən ümdə əməllərindən biri Ummu Davud duasıdır ki, ibn Babuyə şeyx Tusi, Seyid ibn Tavus (Allah onlardan razı olsun) mötəbər hədislərə istinadən rəvayət ediblər ki, bu dua hacətlərin verilməsi, qəm-qüssənin götürülməsi, zülmün dəf olunması üçün təcrübə edilib» («Zadul-məad» 21).

İmam Sadiq (ə) belə buyurub: «Hər kəs bu duanı oxusa, mütləq onun duası qəbul olar, hətta əgər yerin və göyün qapıları sənin istəyinə mane olsa belə».

 

Ummu Davud əməli Şeyxin «Misbah» kitabına əsasən belədir: Rəcəb ayının 13, 14 və 15-ci günləri oruc tutulmalıdır. 15-ci gün zaval (günorta) vaxtı qüsl edilməlidir. Günorta azanı olandan sonra, zöhr və əsr namazları sakit və xəlvət yerdə qılınmalıdır. Namaz bitdikdən sonra üzü qibləyə Həmd və İxlas surələrini (hər biri 100 dəfə), «Ayətul-kursu» 10 dəfə, sonra Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şuəra, Duxan, Fəth, Vaqiə, Mulk, Qələm surələri və İnşiqaq surəsindən Nas surəsinə qədər, daha sonra isə Ummu Davud duası oxunmalıdır.



Vəlhəmdulilləh
Bəşir Badkubei
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.