Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Şeytan niyə yaradıldı?

Şeytan niyə yaradıldı?
+7
Mətndə qrammatik səhv var?
Şeytan niyə yaradıldı?



SUAL: Şeytanın yaradılışında məqsəd nədir? Niyə Allah insanların azmasına səbəb olan bu tip şər varlığı yaratdı? Şeytanın yaradılışı hansı məntiqə əsasəndir?

CAVAB: Bu suala cavab verməmişdən öncə ilk olaraq onu deyək ki, müsəlman əqidəsinə əsasən və ağlın hökmünə görə Allahı, yaratdıqları barədə qərəzli şəkildə, şikayətlənərək sorğu-suala çəkmək, Allahdan hesab soruşmaq insanın həddinə olmayan bir mövzudur. Quran Ənbiya surəsində 23-cü ayədə də bu barədə buyurur ki, "kimsə Allahdan hesab sora bilməz". Çünkü hesabı adətən bir xəta işləmiş, cinayət etmiş və məhkum olunmuş şəxsdən sorarlar. Allah isə bütün eyib və nöqsanlardan pakdır. Allahdan hesab sormaq, onu yanlış bir iş görmüş kimi hesab etməkdir. Bu iş insan təkəbbürünün onun ağlını və düşüncəsini üstələməsi ilə baş verə bilər. Lakin yaranışın hikmətin bilmək, varlığın sirlərinə yiyələnmək, fəlsəfəsini anlamaq və ümumilikdə varlıq aləminin, müəyyən mövcudların niyə yaradıldığını öyrənmək qəsdi ilə sual soruşmaqın və öyrənməyə çalışmağın nəinki heç bir maneəsi yoxdur, əksinə öyrənmək, düşünmək və anlamaq İslamda təşviq olunan çox mühüm zərurətlərdəndir. Sadəcə Allaha, dinə ünvanlanmış suallar qərəzli etirazla, önyarğılı düşüncə ilə və istehza etmək qəsdilə verilməməlidir.

İlk öncə onu qeyd edək ki, yaranışda heç bir varlıq zatı etibarı ilə şər, pis olaraq yaradılmamışdır. Yaranan hər hansı bir iradi varlıq ona verilən ixtiyarın və azadlığın sayəsində şəri və ya xeyiri seçməkdə azaddır. Allah yaratdığı kimisəni şəri və ya xeyri seçməkdə məcbur etməz. Həmçinin şeytan adlı hal-hazırda şər simvoluna çevrilən məxluq da yaradılışında şər formada yaradılmamışdır. Primitiv bir misal olaraq burada qeyd edək ki, şeytan da cinlər kimi oddan (plazma) xəlq olunmuş iradi bir varlıq olub. Od özü-özlüyündə pis bir şey deyil. Od bu gün insanın yaşaması üçün ən zəruri elementlərdən biridir və həyatımızın ayrılmaz hissəsidir. Burada incə məqam budur ki, yalnız xeyir məqsədlər üçün yaradılan həmin bu odun, şər və ya xeyir olmasına isə insan öz ixtiyarı nəticəsində qərar verir. Əgər insan bu oddan yemək hazırlamaq, qızınmaq, nəyisə əritmək üçün istifadə edərsə, o zaman xeyir olar, yox əgər kiminsə evini yandırmaq, meşəni yandırmaq və ziyan vurmaq üçün istifadə edərsə o zaman şər olar. Ümid edirik ki, buradan mətləbin bir hissəsi az da olsa aydınlaşdı.

Dində mötəbər rəvayətlərə və Quran ayələrinə əsasən məlum olur ki, Şeytan ilk vaxtlarda mələklərlə bir sırada dayanan və Allaha çoxlu ibadəti olan bir varlıq olmuşdur. Demək ki, şeytan ilk əvvəl hamı kimi xeyir üzərində yaradılmış, sadəcə sonradan ona verilən iradi azadlıqdan sui istifadə edərək, Allahın yaratdığı kamil bir varlıq - insana qarşı qəlbindəki paxıllığı biruzə vermiş və Allaha üsyan edərək, azğınlığa düçar olmuşdur. Yəni şeytan özü iradi olaraq şər olmağı seçmişdir.

İkinci bir tərəfdən isə, yaranış qanunlarına əsasən, ziddiyyət olmayan yerdə tərəqqi, inkişaf ola bilməz. Suyun hərəkəti üçün bir tərəfin digər tərədən hündür ya alçaq olması lazımdır. Yəni təzadlar, maneələr olmadan və bu maneələrlə ixtiyarı formada mübarizə aparılmadan insan öz ruhunda qərar tapan həqiqi kamilliyə, insanlığın zirvəsinə, ali xoşbəxtliyə və həqiqi ləzzətə çata bilməz. Yəni şeytan və onun təsir ünvanı olan nəfs olmasaydı insanın həyatı mənasız, durğun və inkişafdan qalan bir həyata çevriləcəkdi. Qəsdimiz bu deyil ki, deyək ki, həyatı gözəlləşdirən şeytandır. Xeyir. Həyatı gözəlləşdirən və həyata məna verən insanın şeytanla (bütün çirkinlik və pisliklərlə) mübarizəsidir. Şeytan güc və potensial etibarı ilə insandan qat-qat aşağı bir gücə malikdir. Yəni insanın şeytandan qorxması və baş verən hər pis şeylərin məsuliyyətini, səbəbini onun boynuna atması əbəsdir. İnsanın özünün ruhi qüdrəti və iradi gücü şeytandan kifayət qədər çox olduğu bir halda, yenə də şeytana mübarizə meydanında uduzması təbiiki insanın öz günahıdır. Belə bir kobud misal çəkək: - təsəvvür edin ki, bir idmançını biz nə vaxt qalib, güclü və çempion hesab edirik? Məşq zalındamı? Xeyir. Heç kimsə məşq zalında çəkdiyi əziyyətə görə dərhal çempion hesab edilmir. Onun qalib və ya məğlub olduğunu, güclü və ya gücsüz olduğunu, içində olan istedadını, qabiliyyətini yarış meydançasında, rəqiblə üzbəüz gələrkən, apardığı mübarizə zamanı müşahidə edirik. İnsan isə fitrən kamil yaradılmasına baxmayaraq, yaradılışın qanunlarına əsasən öz kamilliyinə çatmaq üçün mütləq ixtiyarı formada, öz sərbəst seçimi əsasında mübarizə aparmalıdır. İnsanın şeytanla olan mübarizəsi zamanı əslində öz gizlin istedadlarını kəşf edir, öz gizlin gücündən və potensialından xəbərdar olur, ruhunun dərinliyində indiyə qədər hiss etmədiyi ali ləzzətləri üzə çıxarır, yaşamaqından hamıdan artıq zövq almağa başlayır və əgər sona qədər mübarizədə qalib olarsa o zaman təbii nəticə olaraq əbədi bir xoşbəxt həyata nail olur. Bütün bunlara şeytan və şeytanın təsir ünvanı olan daxili nəfs (burada nəfs dedikdə çirkinliklərə əmr edən, heç bir xeyir və şər tanımayan, dini terminologiyada "nəfsi-əmmarə" adlanan nəfs nəzərdə tutulur) kimi bir varlıqla mübarizə aparmadan nail olmaq mümkünsüzdür. Əgər mümkün olsaydı şeytan və nəfs qətiyyən yaradılmazdı. Buradan belə sual çıxa bilər ki, bəs olmazdı ki, Allah bütün bu sayılanları bizə mübarizə aparmadan verəydi? Sualın qısa cavabı budur ki, bəli Allah verə bilərdi. Lakin o zaman biz qiyməti insandan çox aşağı olan bir məcburi varlığa dönmüş olardıq, yəni insanlığımızdan əsər əlamət qalmazdı və o zaman biz mələk olardıq. Mələklərdə də nəfs və şeytani təlqin yoxdur. Lakin biz bütün məxluqatdan üstün bir varlıq olaraq yaradıldıq və bizim üçün hamıdan fərqli bir ilaki kamillik yolu təyin olundu. İlahi istək bu oldu ki, biz özümüz azad şəkildə əziyyət çəkərək öz əziyyətimiz və mübarizəmiz sayəsində xoşbəxtliyə çataq. Bu mübarizə və əziyyətin sayəsində Allah insanı bütün yaradılmışların ən üstünü hesab edir. Çünkü insan hər şeyə Allahın müəyyən köməyinin nəticəsində öz iradəsilə nail olur

Şeytan səbəb olur ki, insan sabah ona mane olacaq bütün zəif xüsusiyyətlərindən xəbərdar olur, onları düzəltmək, rəzil sifətlərini təmizləmək barədə düşünür. Şeytan səbəb olur ki, pis və yaxşı insanlar seçilir, fərqlənir. Şeytan səbəb olur ki, insan gücünü aşkar edərək güclü bir varlığa çevrilir.

O ki qaldı şeytanın sayəsində dünyada baş verən pis hadisələrə, burada onuda qeyd edək ki, bu hadisələr düzdür şeytanın təlqini, yəni vəsvəsəsi ilə olsa da belə, amma əsas olaraq insanın öz ixtiyarı nəticəsində baş vermişdir. Qısaca deyək ki, şeytan bizə qətiyyən tam mütləq hakim deyil və ola da bilməz. O sadəcə bizə kənardan vəsvəsə edər və pis yolları bəzəyərək bizə gözəl göstərər. Artıq insan ya öz ağlı, vicdanı və düşüncəsi sayəsində bütün hiylələri anlayıb onlara tərəf getməz, ya da düşünmək istəməyərək və ya pis olduğunu bildiyi halda ixtiyari formada onlara tərəf gedər. Şeytan bir od misalıdır. Bəziləri bu odla özünü yandırar, bəziləri isə istifadə edib fayda götürər.


Mansurov Bəşir
besir
2 besir « Qonaq » 29 noyabr 2016 20:27
Sitat: Namiq
MasAllah bele bir paylasimlar davamli olsun.

İnsaAllah davamlı olacaq.
Namiq
1 Namiq ♥ İstifadəçi ♥ 16 oktyabr 2016 19:17
MasAllah bele bir paylasimlar davamli olsun.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.