Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əzadarlıq keçirmək olarmı

Əzadarlıq keçirmək olarmı
0
  • 29 sentyabr 2017
  • Bölmə: İslam
  • Baxış: 2 286
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Əzadarlıq keçirmək olarmı

Həzrət Peyğəmbər(s): "Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər Qiyamət günü ağlayacaqdır".

Əhli-Beyt(ə) davamçılarının əsas xüsusiyyətlərindən biri İmam Hüseynə(ə) hər il təziyə saxlamaqdır. 14 əsrdir ki, müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar. 14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə(ə) əzadarlıqla mübarizə aparırlar ancaq heç bir şeyə nail ola bilmirlər. Çünki Hüseynsiz(ə) İslam, əməvilərin səltənətini möhkəmləndirən İslamdır. Qərb alimlərindən biri deyirdi ki, Qərbdə bir hansısa tədbirin keçirilməsi üçün küllü miqdarda vəsait xərclənirsə, müsəlmanlar bircə qara bayraq görən kimi öz İmamlarının(ə) məclisinə tələsirlər. Nə qədər də qəribə görsənsə, adi əzadarlıq, göz yaşları İslam müxaliflərinin əsas hədəfinə çevirilib.

Əzadarlıq İslam, xüsusən Azərbaycan, mədəniyyətinin ayrılmaz bir hissəsidir. Böyük şairlərimiz Kərbəla hadisəsini vəsf etmiş, mərsiyələr yazmış, Aşura günü insanlar şəbih qurur və həmin şəbihlərdə iştirak edən mərsiyəxanlar muğamın inkişafına böyük töhfələr vermişlər. Hətta sovetlərin dövründə belə bizim xalq İslama sədaqətini göstərmək üçün Məhərrəm ayında əyləncələrdən çəkinər, gizli yerlərdə əzadarlıq məclisləri qurardılar. Əzadarlıq özlüyündə bir mədəniyyət olmaqla yanaşı ictimai bir fəlsəfədir.

İmam Hüseynin(ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir. Xacə Nəsirəddin Tusi vaxtı ilə deyirdi ki, əgər İmamlardan(ə) göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin(ə) timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi. Ancaq həm Peyğəmbər(s) özü həm İmamlar(ə) təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar.

Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər(ə) İmam Hüseynə(ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin(s) İmam Hüseyn(ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını Peyğəmbər(s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi. Hədislərin birində deyilir ki, Cəbrayıl(ə) Peyğəmbərə(s) nazil olaraq ona bir ovuc torpaq verir. Peyğəmbər(s) bu torpağın haradan gətirildiyini soruşduqda Allahın vəhy məleykəsi bunun Kərbəla çölündən gətirdiyini və onun nəvəsi İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını deyir. Bu xəbərdən ağlayan Peyğəmbər(s) həmin torpağı xanımı Ümmü Sələməyə(s.ə) verir və deyir ki, bu torpaq qana bulaşsa Hüseynin(ə) şəhid olduğunu bilsin. Bu hadisənin üstündən neçə il ötdükdən sonra Aşura günü Ümmü Sələmə(s.ə) Peyğəmbərin(s) verdiyi torpağın qana bulaşdığını görür və küçəyə çıxıb fəryad edir. Digər bir rəvayətdə İmam Sadiqin(ə) Həcc mövsümündə Məkkədə mərsiyəxanlara pul verib İmam Hüseynə(ə) növhə oxutdurduğu da nəql olunur.

Bütün bunlar əzadarlığın əhəmiyyətini göstərir. İmam Hüseyn(ə) meydanda tək qalanda üzünü dörd səmtə çevirərək hər səmtə doğru çağırdı: “Peyğəmbər övladına kömək edən yoxdurmu?” Əlbəttə ki, İmam(ə) bunu Yezidin azğın qoşununa demirdi. Onun çağırışı bütün dövrlərdə və bütün ölkələrdə yaşayan azadlıq və ədalətin, haqqın tərəfdarlarına ünvanlanmışdı. Hər il Məhərrəm ayında əza saxlayan hər kəs sanki İmamın(ə) yardım çağırışına müsbət cavab vermiş olur. İmam Hüseyn(ə) haqqın təcəllası olduğu kimi Yezid də batilin təcəssümüdür. İmama(ə) ağlayıb Yezidə nifrin oxuyan hər kəs əslində haqqın əzilməsinə ağlayıb zalımlara etirazını bildirir. İmam Hüseynə(ə) görə axıdılan göz yaşı həm haqqa məhəbbət həm də batilə etirazdır. Bu səbdəndir ki, tarixən İmam Hüseynə(ə) əzadarlıq edilən ərazilərdə böyük imperiyalara qarşı qiyamlar olub.

Sual yarana bilər ki, niyə məhz ağlamaq? Olmazdırmı ki, hansısa tədbirlər, məsələn son zamanlar dəbdə olan qanvermə aksiyaları və yaxud elmi-praktiki konfranslar keçirilsin? İslam əlbəttə ki, bütün xeyriyyə işləri alqışlayır ancaq İmam Hüseyn(ə) məktəbinin, İslam həqiqətlərinin yaşanması üçün quru və hissiz tədbirlər azdır.

İmam Hüseynin(ə) qiyamı ictimai bir hadisədir. Ancaq onun məqsədi insanların daxilində mənəvi inqilab yaratmaqdır. İmam Hüseynə(ə) əzadarlıq həm cəmiyyətin ictimai şüurunun oyanması həm də ayrı-ayrı fərdlərin mənəvi islahına xidmət edir. Bəzi insanlar İmam Hüseynin(ə) faciəsinə böyük bir tarixi hadisə kimi deyil, özlərinin şəxsi dərdi kimi baxırlar. Kərbəladan danışanda, sanki onların özlərindən danışırlar. Hansısa elmi tədbirdə İmam Hüseyn(ə) faciəsi təfərrüatı ilə və düzgün şəkildə təhlil oluna bilər ancaq bu quru təhlillər insanın ağlına yol tapsa da qəlblərə yol tapa bilməyəcəkdir. Əza saxlayan şəxs isə hissi baxımdan İmam Hüseynə(ə) bağlanır və xəyalən özünü Kərbəlada hiss edir. Eyni zamanda əqlən də hadisənin ictimai əhəmiyyətini anlayır. İmam Hüseynə(ə) axıdılan göz yaşları qəlblərə qəsavət, etinasızlıq, zülmə baş əymək xəstəliklərindən şəfa verir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.