Qədir Xum bayramının əməlləri
Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:
Qədir-Xumun orucu
Qədir-Xumun əməllərinə nəzər saldıqda, insan bu günün necəliyinə valeh olur. Nə qədər möhtəşəmlik var bunlarda! İnsan öz Qədir-Xumunu elə tənzimləməlidir ki, bu təbərrükdən maksimal pay apara bilsin.
Mübarək Qədir-Xum günü tövsiyə olunan əməllərdən biri orucdur. Həzrət Əli (ə) öz xütbəsində bayram gününün oruc tutmağı ilə bağlı belə buyurur: «Bu günün orucu müstəhəblərdəndir ki, Allah Təala ona çağırmışdır».
İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə isə Qədir-Xum günü orucla bağlı buyrulur: «Sizlərə lazımdır ki, o günün orucunu – Allaha təşəkkür və Allaha həmd üçün – tutasınız».
Bu, elə gündür ki, onun orucu Allaha şükür və həmd üçün əda edilir. Allah Təala ki, dini insanlar üçün kamil edib, nemətləri tamam edib, razı olduğu İslamı insanlar üçün müəyyən edib – Qədir-Xum gününün orucu bunun şükrünün yerinə yetirilməsi mənasını verir. Rəbbin sonsuz məhəbbət və lütfünün müqabilində təşəkkür və həmddir bu günün orucu.
Nəql edirlər ki, bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşur ki, Qədir-Xum bayramı gününün layiqli işi nədir və hansı əməlin müstəhəbliyi var? İmam (ə) buyurdu: «Oruc».
Qədir-Xum günü orucun savabı haqqında İmam Sadiq (ə) buyurmuşdur:Qədir-Xum bayramında oruc – bütün dünya ömrünün orucunun savabına bərabərdir».
Digər yerdə bu günün orucunun savabı haqqında İmam Sadiq (ə) buyurur: «Qədir-Xum bayramı gününün orucu 60-illik günahın kəffarəsidir».
Uca Allahdan duamız budur ki, cəmi bəndələrinə bu günün orucunu qismət etsin!
Günün bəyənilən əməlləri
Mübarək bayramla bağlı o qədər nəcib əməl sadalanıb ki, hər birini incələmək xeyli vaxt tələb edir. Ümumi olaraq, onları müəyyən qaydada sıralamaq olar.
Bu sırada iftar vermək qeyd olunur ki, həmin günün bəyənilən əməllərindəndir. Bu əməlin böyük savaba səbəb olduğu qeyd olunur.
Digər əməl kimi acları, imkansızları doyuzdurmaq qeyd olunur. Mübarək dinimiz hər zaman xeyriyyəçiliyi, kasıba əl tutmağı təqdir edir, bu gündə bu nəcib işi xüsusilə vurğulayır.
Qədir-Xum gününün əməllərindən biri də səliqəli və təmiz olmaqdır. İnancımız gözəl bir inancdır. İnancımız həm daxili, həm zahiri gözəlliyi, təmizliyi, səliqəliyi dəstəkləyir. İnsanın həm fərdi, həm ictimai həyatını əhatə edən bir inancdır. Bir inancdır ki, səliqəli və təmiz olmağı bizə bir əməl kimi tövsiyə edir. Və bu gündə xüsusi vurğu verir.
Qədir-Xum günü təzə geyim geymək də tövsiyə olunur. Xoş ətir vurmaq, möminlərlə görüşmək, görüşəndə əl vermək – bu əməllər ki, bütün il boyu dəstəklənir, Qədir-Xum günü xüsusilə vurğu ilə tövsiyə edilir.
Bütün incikliklərin, küsülüklərin aradan getməli olduğu bir gündür Qədir-Xum bayramı. Bu gün təbrik demək, qarşılıqlı mehribanlıq etmək xüsusilə məsləhət görülür. Günün əməlləri sırasında şadlıq zəminələri icad etmək də göstərilir. Yəni, mömin gərək bu gün xüsusi bir işlər görsün ki, insanların şadlığına səbəb olsun. Gün ərzində valideynləri, uşaqları, yaxınları, digər insanları şad etmək üçün situasiyalar yaratmaq gərəkdir. Şadlıq ab-havası yaratmağı tövsiyə edir dinimiz Qədir-Xum günündə.
1. Bayram gününün qüslünü almaq;
2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);
3. Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;
4. Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə «Həmd»dən sonra “Qədr” surəsi, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.
Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: (“Məfatihül-cinan” kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə “Əlhəmdulilləh” və 100 dəfə də “Şükran lilləh” demək lazımdır.
Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.
5. İkirükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-kürsi», 10 dəfə «Qədr» surəsini oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;
6. “Nüdbə” duasını oxumaq.
7. Möminlər bir-biri ilə görüşən zaman desinlər: “Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin, bivilayəti Əmiril-mu’mininə vəl əimməti ələyhimus səlam”.
Sonra de: “Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc’əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).
8. Bu zikri 100 dəfə demək: “Əlhəmdulilləhil-ləzi cə’ələ kəmələ dinihi və təməmə ni’mətih, biviləyəti Əmiril-mu’mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).
9. Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: “Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və ‘ahədtullahə və mələikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl-əimmətəl-mə’suminə ələyhimus-sələm, ‘alə ənni in kuntu min əhlil-cənnəti vəş-şəfə’əh, və uzinə li biən ədxuləl-cənnəh, ləədxuluhə ilə və əntə məi”. Bunu dedikdən sonra mömin qardaşın desin: “Qabiltu”. Sonra desin:“Əsqəttu ənkə cəmi’ə huquqil-uxuvvəh, mə xaləş-şəfə’ətə vəd-du’aə vəz-ziyərəh”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).
10. Sileyi-rəhm etmək - qohum-əqrəbaya baş çəkmək;
11. Yeni libas geyinmək;
12. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;
13. Məsumlara (ə) salavat göndərmək.
Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.
Qeyd edək ki, zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allahdan hacətlərini istəyir.
Bəli, Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.
Allahım! Bizləri Qədir-Xumu dərk edənlərdən və yaşadanlardan qərar ver! Amin!
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.