Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Kərbəla şəhidlərinin əzadarlığının fayda və əhəmiyyəti.

Kərbəla şəhidlərinin əzadarlığının fayda və əhəmiyyəti.
0
Mətndə qrammatik səhv var?
Kərbəla şəhidlərinin əzadarlığının fayda və əhəmiyyəti.


İmam Huseyn (ə) əzadarlığının faydaları.

Artıq Kərbəla hadisəsindən hicri təqviminə əsasən 1366 il ötür. Bu olduqca böyük zaman müddətində minlərlə sınaqdan, çətinliklərdən, əziyyətlərdən keçərək, minlərlə insanın qanı, Əhlibeyt sevərlərin zəhməti və yüzlərlə alimin yuxusuz gecələri bahasına dövrümüzə qədər gəlib çatan hadisə, modern dövrümüzdə də hər il milyonlarla inanclı insan tərəfindən müxtəlif formalarda yad olunur.

Bu gün bu barədə dini cameəyə ünvanlanan ən mühüm suallardan biri də məhz məhərrəm ayında keçirilən əzadarlıqlar barədədir. Məzhəbindən aslı olmayaraq günümüzün insanları bu əzadarlığın mahiyyəti və faydası haqda maraqlanırlar. Lakin burada təəssüf olunası məqam budur ki, bəzən bu əzadarlığın mahiyyəti və faydası barədə maraqlanan insanlara bizim cavabımız yalnız bu hadisənin fəziləti barədə olan hədisləri səsləndirməkdən və ya tövsiyələrdən ibarət olur. Bu hadisənin yad olunması barədə dinimizdə vəd olunan savablar və əzadarlığın fəziləti haqda olan hədislər bu sualın cavabı deyil.
Biz bu hadisənin hələdə yalnız savab və fəzilət çərçivəsində saxlanılmasını qınamalıyıq. Bu gün bu hadisənin qeyd olunmasının mahiyyəti və faydası barədə geniş şəkildə məlumata və maarifləndirməyə ehtiyac vardır. Allaha çox şükürlər olsun ki, ölkəmizdəki dini cameəmizdə bu gün artıq bu hadisənin mahiyyətini və faydasını həm ictimai, həm sosial, həm psixoloji istiqamətlərdən analiz edərək, minbərlər, kitablar və məqalələr vasitəsi ilə kütlələrə çatdıran və insanları İmam Huseynin (ə) hədəf və məqsədi ilə tanış edən ilahiyyatçılarımız, ziyalılarımız az da olsa vardır.

Bizdə çalışdıq ki, öz növbəmizdə bu məqalədə bu suala bacardığımız qədər hamı tərəfindən başa düşüləcək formada bir cavab hazırlayaq.

İlk öncə bu suala cavab tapmağımız lazımdır ki, əzadarlıq nədir?
Əza sözü qəm, kədər, yas sözlərinin sinonimidir. Əzadarlıq yəni dünyasın dəyişmiş bir şəxsin xatirəsini əziz saxlamaq üçün yas tutmaq, qəmlənmək, kədərli olmaq, onun fəzilətlərindən danışmaq, özəlliklərini qeyd etmək və mənsub olan mədəniyyətə uyğun formada yas (xatırlanma) məclisi qurmaqdır. Əzadarlıqın keyfiyyəti isə yad edilən mərhumun hörmətindən, şəxsi keyfiyyətlərindən, cəmiyyətə nə dərəcədə lazımlı olmasından və ya özünü fəda etdiyi amalardan asılı olaraq dəyişilir.
Lakin şahid olduğumuz mənzərə budur ki, dünyadan gedən insan nə qədər hörmətli birisi olursa olsun təm-təraqla, ahu-zarla yad edildikdən bir müddət sonra, artıq söz söhbəti unudulacaq və getdikcə çox az xatırlanacaq və sonda demək olar ki, unudulub gedəcək. Tarixə nəzər saldığımız vaxt şahidi oluruq ki, xüsusi rejimləri idarə edən tiran və diktatorlar da öz rejimlərinin hakim olduğu müddət boyunca hörmətlə yad olunublar. Əslində bu həqiqi hörmət olmayıb, sadəcə məcburiyyətdən və rejimin tələbindən doğan şəxsiyyətpərəstliyə əsaslanan, qorxu qarışıq süni bir hörmət idi.

Əsas sualın cavabına keçməzdən öncə biz burada şişirtmədən tam uzaq olaraq, tam əminliklə deyə bilərik ki, tarix boyunca İmam Huseyn (ə) qədər öz ölümü ilə bağlı çox yad olunan, 1400 ilə yaxındır əzası qeyd olunan, şəhadəti haqqında yüzlərlə, minlərlə kitab yazılan, söhbətlər olunan, əziyyətlərə baxmayaraq hər il milyonlarla insanın ziyarətinə axışan ikinci bir şəxsi tapa bilmərik. İmam Huseynə (ə) bəslənilən bu bənzərsiz sevgi bu günləri dinindən aslı olmayaraq çox sosioloqu, psixoloqu və ictimai xadimi düşündürən bir amildir. Əzadarlıq artıq İslam mədəniyyətinin və xüsusəndə Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsidir. Azərbaycanın ən məhşur klassik şairləri Kərbəla mövzusuna dair əsərlər ortaya qoymuşdur. Bu görkəmli şəxsiyyətlərdən Məhəmməd Füzulini, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Əbülhəsən Racini, Abbasqulu ağa Bakıxanovu, Xurşidbanu Natəvanı, Əliağa Vahidi misal göstərə bilərik. Azərbaycanda təşkil olunan ilk teatr səhnələri məhz Kərbəla mövzusunda qurulan şəbihlər olmuş və bu şəbihlərdə mərsiyə ifa edən mərsiyəxanlar Azərbaycanda muğam sənətinə böyük töhfələr vermişlər.

İndi isə keçək əsas sualımıza. Sual belə idi ki, Kərbəla şəhidlərinin hər il matəm şəklində yad olunmasının, onlara olunan əzadarlığın mahiyyəti və faydası nədir?
Bir hadisəni hər il yad etməkdə bir neçə məqsəd ola bilər:
1. Bu hadisənin cəmiyyətin yaddaşında daim diri qalması üçün.
2. Bu hadisənin bir daha baş verməməsi üçün hadisəni törədən səbəblərin daim diqqət mərkəzində saxlanılması üçün.
3.Baş verən hadisədən lazım olan qədər ibrət alınması üçün.
4. Bu hadisənin müsbət qəhrəmanlarının insanlara örnək kimi tanıtdırılması üçün.
5. Hadisənin baş verməsində rol oynayan amal və məqsədin cəmiyyətdə qorunması və yaşadılması üçün.

İmam Huseynin (ə) əzadarlığının hər il yad olunmasında bu beş məqsədin hamsının özünə məxsus rolu vardır. Lakin biz burada istərdik ki, sırf bu əzadarlığın mahiyyətini bir neçə hissəyə bölərək qeyd edək. İmam Huseynin (ə) əzadarlığının mahiyyətini, fəlsəfəsini və faydasını anlamaq üçün bir neçə önəmli hissəyə diqqət yetirmək zəruridir:
Qurani Kərimin bəzi hissələrində, Allah bizə ilahi şəxsiyyətləri yad edib, xatırlamağı tövsiyə edir. “Məryəm” surəsində (ayə 41) buyurulur: “Bu kitabda İbrahimi də yad et, o, çox düzdanışan şəxs və Allahın peyğəmbəri idi.” Sonra onun büt və bütpərəstliklə ciddi və barışmaz mübarizəsi bəyan olunur. Digər bir ayədə, (Məryəm surəsi 56-57) buyurulur: “Kitabda (Quranda) İdrisi yad et; o, çox düz danışan və (böyük) peyğəmbər idi, Biz onu yüksək məqama çatdırdıq." Bunun ardınca ilahi nemətlərdən bəhrələnən sair peyğəmbərlərin adı çəkilir. Başqa bir ayədə isə (Sad surəsi 41-43) buyurulur: “Bizim bəndəmiz Əyyubu xatırla, o zaman ki, Rəbbini çağırdı (və dedi:) “Pərvərdigara! Şeytan məni əzab-əziyyətə salmışdır.” (Ona dedik:) “Ayağını yerə vur, sənin üçün içmək və yuyunmaq üçün sərin su çıxar.” Ailəsini də ona bağışladıq və onun mislini ona əlavə etdik ki, Bizim tərəfimizdən bir rəhmət, düşüncə sahibləri üçün bir xatırlatma olsun.”

Gördüyümüz ki, müqəddəs Qurani Kərim bizə ilahi şəxsiyyətləri xatırlamağı tövsiyə edir. Çünkü onlardan ibrət almaq, başlarına gələnləri eşidərək, düşünmək üçün onları xatırlamağa ehtiyac vardır. Belə görkəmli və tarixi şəxsiyyətlərin xatirəsi əziz saxlanılmalı, onların gözəl məram və bəyanları, əxlaqi səciyyəli xüsusiyyətləri, ictimai mövqeləri daima diqqət mərkəzində olmalıdır. Buna görə də məsum imamlar Kərbəla şəhidlərinin, xüsusilə şəhidlərin sərvəri imam Hüseynin (ə) ad və xatirəsinin həmişə canlı saxlanmasında müxtəlif üslublardan istifadə etmişlər.
Diqqət olunası məqam burada budur ki, Kərbəla hadisəsinin əhəmiyyəti nə qədər mühümdürsə, onu yaşatmaq üçün nəzərdə tutulan əzadarlığın da önəmi də bir o qədər mühümdür.

Bildiyimiz kimi Kərbəla hadisəsi özü şəhidlərin xatirəsi ilə bağlı olan bir hadisədir. İslam mütəfəkkirlərinin fikrinə görə şəhadət ictimai mühitdə və həmçinin fərdlərin qəlbində bir növ nur yaradır. Bu nur vasitəsi ilə qəlb saflaşır, insanın hidayət tapması asanlaşır, qaranlıqlar aradan gedir və yol daha aydın görünür. Şəhidin məntiqi ən üstün məntiqdir. Burada diqqət olunası məsələ budur ki, şəhid sözü hər öldürülən şəxsə aid ola bilməz. Şəhid böyük hədəf uğrunda öz canın fəda edən deyil, müqəddəs hədəf uğrunda fəda olan şəxsdir. Çünkü böyük hədəflər çoxdur və hər böyük hədəfdə müqəddəs hədəf sayılmaz. Şəhid sözünün ətrafında bir müqəddəslik və ucalıq vardır, müqəddəs hədəf uğrunda, cəmiyyətin xoşbəxtliyi uğrunda öz canını qorxmadan fəda etmək vardır. Şəhidlər hər zaman öz ətraflarında pak bir mühit yaradırlar və şəhidlərin xatirəsinə təşkil olunan əza məclislərinə də bu paklıq hakim olur.

- Bu əza məclislərində insanların İmam Huseyn (ə) və onun sadiq tərəfdarlarının çox məzlum və qəhrəmancasına öldürülməsinə görə tökdükləri göz yaşları, insanların qəlbindəki təkəbbürü, eqoistliyi tədricən silib aparır, insan ruhunu böyüdür, insanı dar bir "mən" çərçivəsindən xilas edir, qəlbi yumşaldır, insani duyğuları hərarətə gətirir. İnsanı ağlatmaq o qədərdə asan bir məsələ deyil. Əgər insanlar hər il yığışaraq bir dəfə baş vermiş müsibətə qulaq asaraq ağlaya bilirlərsə və təkrar danışılan müsibət zikrləri onları bezdirmirsə demək mütləq bu ağlamaqda, bu əzadarlıqda yuxarıda qeyd etdiyimiz kimi xüsusi hikmətlər vardır. Bu ağlamaq əslində insanın mövqeyini müəyyən edir. Əzadar sanki öz göz yaşı ilə Haqq dəstəsində olduğunu təsdiq edir. İnsanlar artıq Kərbəlaya ictimai bir hadisə deyil, öz şəxsi, doğma dərdləri kimi baxırlar və bu müsibətə öz itirdikləri doğmalarına tökdükləri göz yaşı qədər, bəlkə ondan daha artıq göz yaşı axıdırlar. Bu ağlamaq qəlbdə olan məhəbbətin təzahürü sayılır, çünkü insan sevmədiyi bir varlığa görə göz yaşı tökməz. Ona görə də ruhanilərimiz bizə tövsiyə edirlər ki, əgər keyfiyyətli əzadar olmaq istəyirsizsə bunun üçün öncə İmam Huseyni (ə) və Kərbəla şəhidlərini tanımanız, onların şəxsiyyətlərinin qiymətini anlamanız və şəhadətdən öncəki həyatlarında tutduqları mövqelərini bilməniz lazımdır.
Tarixin səhifələrini soyuqqanlılıqla çevirib, araşdıran qeyri-müsəlman tarixçi olan Edvar Braun İslam tarixinin Kərbəla səhifəsinə gəldikdə son dərəcədə təsirlənib deyir:
“Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmasın? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.”

- Bu məclislər insanların nəzərində İmam Huseynin (ə) ali məqsədini canlandırır. Bu canlanma əslində həmin ali məqsədlərə tərəf bir təşviqatdır. İmam Huseynin (ə) hədəfi isə ümmətin islah olunması, həqiqi İslamın qorunması, batilin həqiqi kimliyinin üzə çıxarılması, batilin necə çirkin bir mövqe olduğunun sübut olunması, insanlara batillə qorxmadan mübarizə aparmağın yolların öyrədilməsi idi.

- Bu məclislər insanların qəlblərindəki haqqa olan məhəbbəti və batilə olan nifrəti daha da qətiləşdirir. Sanki bu əzadarlıq bütün alçaq əməlləri və bütün gözəl əməlləri bir muzey daxilində sərgiləyir. Əzadarlar isə sanki bu muzeydə ekskursiya edən şəxslər kimi batilin nə qədər çirkin olduğunu və haqqın nə qədər gözəl olduğunu daha açıq və əyani şəkildə görür və hiss edirlər.

- Bu məclislər insanlara Allah övliyasına, Allahın vəlisinə öz təkəbbürləri səbəbindən və ya nəfsani maraqlarına görə qarşı çıxmağın sonunun nə ilə nəticələndiyini başa düşməyə kömək edir. Əslində bu əzadarlıqlar bir xəbərdarlıq və ictimai həyəcan siqnalıdır. Hər il məhərrəm ayında bizim yadımıza salır ki, əgər Allah dostlarına arxa dayaq olmasaz, onlara itaət etməsəz, onlara xəyanət etsəz, onlara qarşı çıxsaz sizində sonunuz İmam düşmənlərinin sonu kimi olacaq və əbədi bədbəxt olacaqsız. Həmçinin bu hadisə də Allah vəlisinə necə itaət etmək lazımdır sualının cavabını da tapırıq. Bizlər hər il Kərbəla qəhrəmanlarından və xüsusəndə Hz. Abbasdan və Hz. Əliəkbərdən danışdığımız zaman onların timsalında haqqa necə bağlı olmağın əsl nümunəsini görmüş oluruq. Xanım Zeynəbin timsalında bəlalara necə səbr etmək lazım olduğunu öyrənirik.

- Bu məclislər sanki bütün dünyaya, bütün batil qüvvələrə bir mesaj ünvanlayır ki, siz nə qədər güclü olsaz, fiziki cəhətdən Haqqı əzib, qətl edə bilsəz belə amma Haqqın məhəbbətini qəlblərdən, insanların fitrətindən silə, Haqqın ruhiyyəsini sındıra və dünyanı fəth edə bilsəz belə, qəlbində Haqqa məhəbbət olan kəslərin düşüncəsini və qəlbini fəth edə bilməzsiz. Kərbəla məktəbi sübut edir ki, qılınc nə qədər iti olsa belə, şəhidin məntiqinin qarşısında acizdir və məğlubdur.
Robinqranat Taqor adlı dünya şöhrətli hind mütəfəkkiri bu barədə belə deyib: - Huseyn öz hərəkatı ilə sübut etdi ki, haqq-ədaləti qorumaq üçün qoşun və silahdansa özünü fəda etməklə daha böyük uğur qazanmaq olar.

- Bu məclislər insanlara xatırladır ki, İmam Huseynin (ə) karvanı yenə də yoldadır. Onun yolu nə Kufəyə nə də Şama tərəfdir, onun yolu əbədiyyətə doğrudur. Bu karvan zaman və məkan sərhədlərini aşaraq ürəkdən ürəyə, nəsildən nəsilə keçir. Bu əbədi xoşbəxtlik və nicat karvanının qapıları hər zaman hamının üzünə açıqdır.

- Bu məclislər bizə Allahın qüdrətinə, izzətinə, əzəmətinə sığınaraq, ixlaslı bir niyyətlə və Allah övliyasının əlindən tutaraq hansı möcüzələr yaratmağın və ali insaniyyət məqamlarını fəth etməyin mümkünlüyünü əyani olaraq anladır. Düzdür fiziki olaraq bizimlə İmam Huseynin (ə) dövrü arasında 14 əsrlik bir tarix vardır. Lakin bu o demək deyil ki, biz İmam Huseynin (ə) bərəkətli nəfəsindən məhrum olmuşuq. Necə ki, illər öncə yaşayan insanların əllərindən tutaraq, dünya adlı bataqlıqdan və batil adlı quyudan xilas etdisə, indi də bu məclislər vasitəsi ilə bizim əllərimizdən məcazi mənada tutaraq bizi dünya bağlılıqından və zəlalətdən xilas edir. Sadəcə kifayətdir ki, biz bu məclislərə Allaha xatir gedək və İmam Huseyn (ə) məhəbbətinin bizi dəyişməsinə mane olmayaq.
Fəlsəfi fikirləri, əsərləri ilə qərb fəlsəfəsi aləmində tanınmış filosof olan Tomas Karlayl İmam Hüseyn (ə) barəsində belə demişdir:
“Kərbəla faciəsindən aldığımız ən ğözəl dərs odur ki, Hüseyn və onun silahdaşlarının Allaha necə möhkəm bir imanla bağlanmalarını görürük. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir”.


- Bu məclislər vasitəsi ilə İmam Huseynin (ə) qiyamətə qədər bəşəriyyətə ünvanladığı bir səda ucalır və sanki bizim qulaqlarımızda səslənir. O mesaj bu kəlmələrdən ibarətdir ki, İmam buyurur:
- Bir nəfər vardırmı ki, mənə kömək edə...???
Bu kəlmələr zahirən İmam edilən köməkdən bəhs etsədə əslində isə İmamın bizim köməyimizə ehtiyacı yoxdur. İmam bizi özünə köməyə dəvət etməyi ilə sanki bildirmək istəyir ki, bir nəfər vadırmı ki, onu xilas edim? ona nicat verim? İmama və onun ali məqsədinə olunan köməyə bizim həm fərdi olaraq və həmdə ictimai olaraq su və hava qədər ehtiyacımız vardır. Bu kömək əslində bizim özümüzün özümüzə etdiyimiz köməkdir.

- Bu məclislərin əsas faydalarından biri də ondan ibarətdir ki, biz hər il İmam Huseynin (ə) sayəsində İslamın insan azadlığı konsepsiyası ilə tanış oluruq. İmam Huseyn (ə) bəlkədə tarixdə ən azad insanları, çirkin işlərə əmr edən nəfslərinin təsirindən tamamilə azad olan, şeytanı məğlub edən və heç bir zalım diktatorun boyunduruğunu qəbul etməyən şəxsiyyətləri bir yerə cəm etdi və tarixə azad insan modelini təqdim etdi.
Hindistan xalqının azadlıq uğrunda mübarizəsinə rəhbərlik etmiş dahi şəxsiyyət - Mahatma Qandi İmam Hüseyn (ə) qiyamı barəsində belə demişdir:
“Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.

- Bu əza məclislərinin ictimai faydaları barəsində də çox danışmaq olar. Qısa olaraq onu deyək ki, bəlkədə sözümüzdə yanılmarıq ki, heç bir gün Aşura günü qədər insanları birləşdirə, mehribanlaşdıra, ictimailəşdirə bilmir. Aşura günü minlərlə insan təkəbbürü bir kənara qoyaraq, əsl fədakarlıq edir, müxtəlif vasitələrlə cəmiyyətə və xüsusəndə əzadarlara xidmət etməyə çalışır, nə qədər taksi və avtobus xidmətləri pulsuz olur, insanlar ehtiyaclı şəxslər üçün ianələr toplayır, ehsan süfrələri açılır və sairə. Bu əzadarlıq cəmiyyətdə ictimai vahid şüurun oyanmasına kömək edir, cəmiyyətin islahına kömək edir və cəmiyyəti haqqın mövqeyinə kökləyir.

Qeyd: Çox təəssüflə qeyd olunmalı məqam budur ki, bu gün dünyada kifayət qədər İmam Huseyn (ə) məktəbinin, ziyarətinin və əzadarlığının əleyhinə istər fiziki, istər hüquqi və istərsədə ideoloji mübarizə aparılmaqdadır. Bəziləri bu hadisəni xatırlamağı lazımsız hadisə kimi təqdim edərək, insanları bu məclislərdən soyutmağa çalışır. Bu qərəzli şəxslərə mən Moris Dokberi adlı yazıçının sözləri ilə cavab vermək istərdim:
- “Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qiymətləndirməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir”.

Sonda bunu yadda saxlamalıyıq ki, son və həqiqi qələbə ALLAHINDIR...

Əziz İmam Huseyn (ə) sevərlərdən xahiş edirik ki, məqaləni bacardıqları qədər çox paylaşsınlar və bu maarifləndirmə işində bizə yardımçı olsunlar.


Mansurov Bəşir. 01.10.2016
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.