Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Şahmat, nərd, domino və bilyardın hökmü

Şahmat, nərd, domino və bilyardın hökmü
0
Mətndə qrammatik səhv var?

Bismillahir Rəhmanir Rəhim
Hər bir mükəlləfə (ağıllı və həddi-büluğa çatmış şəxsə) vacibdir ki, Allahın əmrlərinə itaət etsin. İstər bu əmr, “namaz” kimi edilməsi vacib olan bir əmələ olsun, istər “zina” kimi edilməsi haram olan bir əmələ olsun fərq etməz. Çünki hər bir vacib və haram olan əməldə bir əmr və qadağa vardır. Vacibdə (namazda) olan əmr o işi yerinə yetirməyi (qılmağı), qadağa isə o işi tərk etməməyi (qılmamağı) tələb edir. Haramda (zinada) olan əmr isə o işi tərk etməyi (zina etməməyi), qadağa isə o işi etməməyi (zinadan uzaq durmağı) tələb edir. Hər iki halda, itaət edilmədiyi təqdirdə günaha mürtəkib olmuş olar. Qiyamət günündə isə edilən hər bir xeyir və günah əmələ görə bir qarşılıq vardır. Necə ki, Allah təbarəkə və taala Zəlzələ surəsinin 7 və 8-ci ayələrində belə buyurur:
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ
“Hər kim (dünyada) yaxşı bir iş görmüşdürsə, onu (onun xeyrini, mükafatını) görəcəkdir. Hər kim (dünyada) pis bir iş görmüşdürsə, onu (onun zərərini, cəzasını) görəcəkdir”.
Qurani-Kərimə baxdıqda görürük ki, günahlar iki qismə bölünür:
1: Böyük günahlar
2: Kiçik günahlar


Buna dəlil olaraq Nisa surəsinin 31-ci və Nəcm surəsinin 32-ci ayəsini nəzərinizə çatdırmaq istəyirik:
إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin kiçik günahlarınızın üstünü örtərik”.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ
“Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər”.

Sual:
Günahların iki qismə bölünməsinin səbəbi bu iki ayədən açıq-aşkar şəkildə aydın olur. Bəs görəsən böyük günahlarla kiçik günahlarındakı fərq nədir? Hansı günahlara böyük günah deyilir?

Cavab:
Alimlər (Allah onlardan razı olsun) buyururlar ki, böyük günah o günaha deyilir ki, Allah təbarəkə və taala Qurani-Kərimdə o günah barəsində əzab vədəsini vermişdir. Həmçinin o günahlar ki, müqəddəs şəriətimizdə onları etməyin müqabilində müəyyən hədlər (cəzalar) təyin olunmuşdur. Məsələn; oğurluq etməyin müqabilində əlin kəsilməsi, zina edən şəxsin qətlə yetirilməsi və s.
Böyük günahlardan biri də qumardır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Bəqərə surəsinin 219-cu ayəsində belə buyurur:
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ
“(Ey Rəsulum!) Səndən xəmr (məstedici içki) və məysir (qumar) haqqında soruşanlara de: “Bunların hər ikisində də böyük günah vardır”.

“القمار”- “Əl-qumar” sözünün lüğətdəki mənası “udub-uduzmaq”-dır. Bu ayədə Allah təbarəkə və taala qumarı “məysir” adlandırmışdır. Məysir sözü “اليسر”-“Əl-yusr” (asanlıq) kəlməsindən tutulmuşdur və qumarın hər bir növünə şamil olur. Bu kəlmədən tutulmasının da səbəbi isə bundan ibarətdir ki, qumar oynanılan zaman heç bir çətinlik və əziyyət olmadan, çox asanlıqla qarşı tərəfin malı əlindən alınmış olur.
Bu barədə imam Rza (ə) buyurur: “Hər o şey ki, onunla udub-uduzmaq üçün oynanılır, o məysirdir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 323”.
Qumarın yaratdığı fəsadlardan biri də insanlar arasında ədavət və düşmənçilik yaratmaq, Allahın zikrindən və namazdan uzaqlaşdırmaqdır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Maidə surəsinin 91-ci ayəsində bu barədə belə buyurur: “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”

Ayədəki kin və ədavəti mülahizə edək:
Qumar oynayan şəxs ya qazanır ya da uduzur. Qazandığı təqdirdə onun müsahibi olan, yəni uduzan şəxsin qəlbində ona qarşı kin və ədavət baş qaldırır. Çünki günlərini, aylarını və ya illəri sərf edərək əziyyətlə qazandığı mal, qarşılığında heç bir şey olmadan bir anda əlində çıxır. Bir halda ki, istəsə belə həmin anda əldən çıxan malını geri qaytara bilməz. Bunun nəticəsində də, qəlbində daim ona (onu udan şəxsə) qarşı kin və ədavət bəsləmiş olur. Uduzduğu təqdirdə isə eynilə udduğu şəxsin ona bəslədiklərini o da ona qarşı bəsləmiş olur. Bəzən də elə olur ki, qumar məclislərinin axırı qəzəb, ehtiramsızlıq, söyüş, dava və nəhayətdə ən pisi olan ölümlə nəticələnir.
Qumar oynamağın haram olmasını ayə və hədisdən gördük. Yazmaq istədiyimiz əsas mövzu isə şahmat, nərd, domino və bilyard barəsindədir. Bu mənada ki, bunların qumar olmasını və bunlarla oynamağın hədis və şəriət baxımından halal və ya haram olmasını araşdıracağıq.

Şahmat və nərd barəsində hədislər


Hədis 1:
Əmirul-muminin Əli (ə) buyurur:
“Nərd və şahmat, hər ikisi də məysirdir (qumardır)”.


Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 324”.

Hədis 2:
İmam Sadiq (ə) buyurur:
“Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) nərd və şahmat oynamağı qadağan etmişdir”.


Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 325”.

Hədis 3:
İmam Baqir (ə) buyurur:
“Nərd və iki şah oyunu (şahmat) sahibinin şəhadəti (şahidliyi) qəbul olunmaz”.


Mənbə: “Vəsailuş-şiə, cild 27, səh 380”.

Hədis 4:
İmam Sadiq (ə) buyurur:
“Şahmat batil əməllərdəndir”.


Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 318”.

Hədis 5:
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
“Hər kim nərd oynayarsa, Allaha (c.c) və onun Rəsuluna (s) qarşı günah etmişdir”
.

Mənbə: “Camiu əhadisuş-şiə, cild 17, səh 213”.

Bu hədislərdən əlavə bir çox hədislər də vardır ki, onlar şahmat və nərdin qumar və haram olmasını bizlərə çatdırır. Lakin domino və bilyard barəsində hədislər olmadığına görə, onların hökmünü fəqihlərin rəyləri əsasında qeyd edəcəyik. Əvvəlcə şahmat, nərd və domino barəsində, daha sonra isə bilyardın hökmünü nəzərinizə çatdırmaq istəyirik:

Şahmat, nərd və domino oynamağın hökmü


Ayətullah Əbul-Qasim Xoyi

Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Həmçinin bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamaq belə haramdır. Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.

Mənbə: “Minhac, cild 2, məsələ 19”.

Ayətullah Seyyid Sistani

Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ən güclü fikrə əsasən şahmat və nərd bu cür oynanılsa haramdır. Hətta bu iki oyundan (şahmat və nərddən) başqasında (domino və bu kimi qumar alətlərində) belə ehtiyat tərk olunmamalıdır. (Yəni, vacib-ehtiyata əsasən domino və bu kimi qumar alətlərilə oynamaq haramdır). Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.

Mənbə: “Minhac, cild 2, məsələ 22”.

Şahmat, domino və nərd kimi qumar alətlərilə, qarşılığında bir şey olduğu və həmçinin olmadığı halda belə oynamaq haramdır.

Mənbə: “Əl-fətaveyil-muyəssərə, həvariyyətut-ticarə”.

Ayətullah Vəhid Xorasani

Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ehtiyat-vacibə əsasən haramdır. Bu ehtiyat, şahmat, nərd və on dörd oyunu barəsində daha çox təkid olunur. Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.

Mənbə: “Muntəxəbul-minhac, məsələ 19”.
➖➖➖➖➖
Vəssələmu ələykum və rəhmətullah


zəhmət olmazsa paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.