Peğəmbərin əsas hədəfi nəfsin saflaşdırılması.
Peğəmbərin əsas hədəfi nəfsin saflaşdırılması.
Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhuna pərvəriş verməkdir. Allah-təala Qurani-Kərimdə buyurub: "Allah möminlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbər seçdi ki, Allahın ayələrini onlara oxusun, onların nəfslərini (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin. Halbuki, əvvəllər onlar azğınlıqda idilər.” ("Ali-İmran” surəsi, ayə 164 )
Təlim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuş və mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud, xoşbəxtliyi öz şəxsiyyətini necə formalaşdırmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması onun müqəddəratını həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, nəfsin təmizlənməsi, pərvəriş edilib təkmilləşdirilməsini insanlara öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən, heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, üzdəniraq əxlaqı tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: "Sizi gözəl əxlaqlara tövsiyə edirəm. Allah məni həmin məqsədlə göndərmişdir.”
(Biharul-ənvar”, 69-cu cild, səh.375 )
Başqa bir hədisdə buyurur: "Mən gözəl əxlaqı tamamlamaqdan ötrü göndərilmişəm.”
(Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282 )
İmam Cəfər Sadiq (ə) buyurur: "Mütəal Allah Öz Peyğəmbərini gözəl xüsusiyyətlər üçün seçdi. Deməli hər kəs özündə gözəl əxlaqın olduğunu görsə, gərək bu böyük nemət üçün Allaha həmd etsin. Hər kəs öz nəfsinin gözəl əxlaqdan məhrum olduğunu görsə, Allah dərgahında yalvarıb raz-niyaz etsin və Ondan gözəl xüsusiyyətlər istəsin.”
(Müstədrəkul-vəsail”, 2-ci cild, səh.283 )
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: "Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm odundan qorxmamağımızı, savaba və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə də gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə və səadət yoludur.” (Müstədrəkul-vəsail”, 3-cü cild, səh.383 )
İmam Məhəmməd Baqir (ə) buyurub: "Möminlərin iman cəhətindən ən kamili o kəsdir ki, onun əxlaqı gözəl olsun.”
("Kafi”, 2-ci cild, səh.99)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: "Qiyamətdə əməl dəftərinə gözəl əxlaqdan da fəzilətli bir şey qoyulmaz.”
("Kafi”, 2-ci cild, səh.99)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: "Mənim ümmətimin behiştə daxil olmasına ən çox səbəb olacaq şey ilahi təqva və gözəl əxlaqdır.”
("Kafi”, 2-ci cild, səh.100 )
Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) yanına gəlib dedi: "Ey Allahın Rəsulu, din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: "Gözəl əxlaq.” O kişi gedib Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sağ tərəfindən qayıtdı və soruşdu: "Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: "Gözəl əxlaq.” Yenidən gedib onun sol tərəfində durdu və dedi: "Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: "Gözəl əxlaq.” Sonra onun arxasında dayanıb soruşdu: "Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ona baxıb buyurdu: "Başa düşmürsənmi? Din bundan ibarətdir ki, qəzəblənməyəsən.”
("Məhəccətul-beyza”, 5-ci cild, səh.89 )
İslam dini gözəl əxlaq məsələlərinə xüsusi diqqət yetirmişdir; buna görə də Quranda əxlaqa aid olan ayələr əhkama aid olan ayələrdən qat-qat çoxdur. Hətta Quran hekayələrində də əxlaq əsas məqsəd olaraq nəzərdə tutulur. Hədis kitablarında minlərlə əxlaqi hədis gözə dəyir ki, sair mövzulardan çox olmasa da az deyildir. Gözəl əxlaq üçün nəzərdə tutulan müjdə və savablar sair əməllər üçün nəzərdə tutulan savablardan heç də az deyildir. Eləcə də çirkin əxlaq barəsində nəzərdə tutulan cəzalar və təhdidlər sair əməllər barəsində edilən təhdidlərdən az deyildir. Deməli, əxlaq məsələsi islamın əsasını təşkil edir və onu dinin ikinci dərəcəli hökmlərindən, sadəcə olaraq, gözəllik və zinətlənmə vasitəsi hesab etmək olmaz. Dini hökmlərdə olduğu kimi, əxlaqda da əmrlər və qadağalar vardır. Din hökmlərində bir əmələ təşviq etmə, savab, yaxud qorxutma və cəza vədəsi vardırsa, əxlaq məsələlərində də eynilə bu cürdür. Bunların nə kimi fərqi ola bilər?! Deməli biz kamal və səadət axtarırıqsa, əxlaqi məsələlərə qarşı etinasız olmamalıyıq. Əxlaqi vacib əməlləri sadəcə olaraq əxlaqi cəhətdən vacib olduqlarına görə tərk eməməli, əxlaqi cəhətdən qadağan olunanların da sadəcə olaraq əxlaq cəhətindən haram olduğunu bəhanə edərək yerinə yetirməməliyik.
Namazın vacib, onun tərk edilməsinin isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Bu kimi işlərin arasında heç bir fərq yoxdur. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin. Hətta əxlaqi məsələlərə diqqət yetirilməsi mənəvi-nəfsani kamalda və səadətdə daha artıq əhəmiyyət kəsb edir (bu məsələ sonradan qeyd olunacaqdır).
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.