Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yalan haqqında hədislər

Yalan haqqında hədislər
+8
Mətndə qrammatik səhv var?
Yalan haqqında hədislər

1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun.” ( “Biharul-ənvar”, 78-ci cild, səh. 347.)
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar.” ( “Səfinətul-bihar”, 2-ci cild, səh. 474.)
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.” ( “Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100.)
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan danışmaqdır.” ( “Cameus-səadət”, 2-ci cild, səh. 322.)
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan insanın üzünü qara edir.” ( “Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100.)
7-Qurani-kərimdə yalan Allaha şərik qoşma sırasında vurğulanmışdır. Ayədə buyurulur: “...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” ( “Həcc” surəsi, 30-cu ayə.)
8-İmam Baqir (ə) buyurur ki, Əli ibni Hüseyn (ə) öz övladlarına belə nəsihət edirdi: “Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər bilmirsiniz ki, Allahın Rəsulu (ə): “Bəndə həmişə doğru danışarsa, Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar” – deyə buyurub?!” ( “Üsuli-kafi”, 2-ci cild, səh. 338.)
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur.” ( “Vəsailuş-şiə”, 8-ci cild, səh. 577.)
10-Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hətta oruc tutub namaz qılsa və özünü müsəlman bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət etmək, yalan danışmaq və vədəyə xilaf çıxmaq.” ( Yenə orada, 11-ci cild, səh. 269.)
11-Yalançının imanı yoxdur və onlar İlahi ayələrə qarşı kafir olanlar və onları inkar edənlər cərgəsində hesab edilir. Allah-taala buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır!” ( Nəhl” surəsi, 105-ci ayə.)
12-İmam Əli (ə) buyurmuşdur: “Yalan danışmağı – istər zarafat, istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada bilməz.” ( “Üsuli-kafi”, 2-ci cild, səh. 34, hədis: 11.)
13-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, yalan imanı məhv edir.” ( “Biharul-ənvar”, 69-cu cild, səh. 247.)
14-İmam Rza (ə) nəql edir ki, Peyğəmbər (s)-dən sual olundu: “İmanlı adam qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşuldu: “İmanlı adam simic olarmı?” Buyurdu: “Bəli.” Dedilər: “Bəs yalan necə? İmanlı adam yalan danışarmı?” Buyurdu: “Xeyr.” ( “Vəsailuş-şiə”, 8-ci cild, səh. 573.)
15-Həsən ibni Məhbub deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Mömin simiclik edərmi?” Buyurdu: “Bəli.” Soruşdum: “Mömin qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşdum: “Mömin kəzzab (çox yalan danışan) olarmı?” Buyurdu: “Xeyr.” Sonra İmam buyurdu: “Mömin xəyanət və yalandan başqa hər şeyə adət edə bilər.” ( Yenə orada.)
16-Əbdür-rəhman ibni Həccac deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Bəzi hallarda yalan danışanlara kəzzab (çox yalan danışan) demək olarmı?” Həzrət buyurdu: “Xeyr, hamı bəzi hallarda yalan danışır, lakin kəzzab odur ki, yalan danışmaq onun bir növ xasiyyətinə çevrilmiş olsun.” ( Yenə orada.)
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, yalanda isə imanın kökü kəsilir.)” ( “Səfinətul-bihar”, 2-ci cild, səh. 473.)
18-İmam Əli (ə) buyurmuşdur: “Yalan istər zarafatca olsun, istərsə də ciddi, nalayiq bir hərəkətdir. Məsləhət deyildir ki, bir kəs öz övladına vədə versin, amma sonradan vədəsinə əməl etməsin. Çünki yalan insanı boşboğazlığa və məsuliyyətsizliyə tərəf çəkir. Onun da nəticəsi cəhənnəmdir.” ( “Vəsailuş-şiə”, 8-ci cild, səh. 577.)
19-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əbuzərə etdiyi nəsihətlərində buyurur: “Ey Əbuzər! Vay olsun o adamın halına ki, camaatı güldürmək üçün yalan danışır. Vay olsun ona! Vay olsun ona!” ( “Biharul-ənvar”, 74-cü cild, səh. 88.)
20-Yalançı İlahi hidayətdən məhrum olar. Allah-taala buyurur: “Allah yalançı və nankor olan kimsəni doğru yola müvəffəq etməz.” ( “Zümər” surəsi, 3-cü ayə.)
21-Qurani-kərimin başqa bir ayəsində buyurulur: “Şübhəsiz ki, Allah həddi aşanı və yalançını hidayət etməz.” ( Mömin” surəsi, 28-ci ayə.)
22-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Allah-taala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan da pisdir.” ( “Üsuli-kafi”, 2-ci cild, səh. 339, hədis: 3.)
23-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Bütün çirkin əməllər bir evə yığışsa, o evin açarı yalan olar.” ( “Biharul-ənvar”, 69-cu cild, səh. 236.)
24-İmam Əli (ə) buyurmuşdur: “Yalan ən pis xəstəlikdir.” ( “Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100.)
25-Yalanın psixoloji səbəbi alçaqlıq və özünə hörmətsizlikdir. Bu mətləb əxlaqi psixologiyada diqqət mərkəzində olmalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən başqa bir şey deyildir.” ( Yenə orada.)
26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan ruzini azaldır.” ( “Cameus-səadət”, 2-ci cild, səh. 322.)
27-İmam Əli (ə) buyurmuşdur: “Söz gəzdirmək, qeybət etmək və yalan danışmaq qəbir əzabına səbəb olur.”
28-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala huşsuzluğu yalançılara hakim kəsər.” ( “Biharul-ənvar”, 69-cu cild, səh. 251.)
29-İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, həzrət Əli (ə) dəfələrlə minbərdə buyurardı: “Yaxşı olardı ki, müsəlman olan şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: Həyasız, axmaq və yalançı şəxsdən.” ( “Üsuli-kafi”, 2-ci cild, səh. 639, hədis: 1.)
30-İmam Əli (ə) yalançı şəxs barəsində buyurmuşdur: “Yalançı ilə yaşamaq sənə yaraşmaz; çünki sənin sözlərini başqalarına, başqalarının sözlərini də sənə danışar. Birini qurtaran kimi o birini üstünə artırar. İş o yerə çatar ki, əgər düz danışsa belə, heç kəs inanmaz. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq, ürəklərə kin-küdurət toxumu səpər. Belə isə, Allahdan qorxun və təqvalı olmağa adət edin, ehtiyatlı olun, görün kimlərlə dostluq edirsiniz.” ( Yenə orada.)
31-İmam Baqir (ə) buyurmuşdur: “Dörd nəfərlə dostluq etmə və onlardan uzaqlaş: Axmaqla, xəsislə, qorxaqla və yalançı ilə!” ( “Xisal”, 1-ci cild, səh. 226, hədis: 89.)
32-İmam Baqir (ə) buyurmuşdur: “Yalançı doğru danışarsa belə, heç kim ona inana bilmir.” ( Yenə orada.)
33-Həzrət Əli (ə) bir hədisdə imam Həsən (ə)-a buyurdu: “Yalançı ilə dostluq etmə; çünki o, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərir.” ( “Nəhcül-bəlağə”, “qısa sözlər” bölümü, hədis: 38.)
Yalanın rəva görülən halları:
a) Zəruri hal və çarəsizlik zamanı:
34-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insan çarəsiz qalıb təqiyyə halında yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra belə buyurdu: “Hər bir haram zəruri hallarda halal olur.” ( “Vəsailuş-şiə”, 16-cı cild, səh. 137, hədis: 18.)
b) İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:
35-Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a vəsiyyət edərkən belə buyurdu: “Ey Əli! Allahın sülh və barışıq yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.” ( Yenə orada, 8-ci cild, səh. 578.) (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.)
36-Müaviyə ibni Əmmar imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Hər kim sülh və barışıq yaratmaq üçün yalan danışarsa, yalançı deyildir.” ( Yenə orada.)
37-İsa ibni Həssan imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Bir gün gələr ki, insan hər bir yalan danışığa görə cavab verməli olar, yalnız üç nəfərdən başqa. Onlardan biri də iki nəfər arasında sülh və barışıq yaratmaq istəyən şəxsdir. Həmin şəxs onları barışdırmaq məqsədilə birinin yanında bir söz, digərinin yanında isə tam başqa bir söz deyir.” ( Yenə orada.)
c) Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurur: “Ey Əli! Üç yerdə yalan danışmaq olar: Döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribanlıq yaradarkən.” ( “Biharul-ənvar”, 74-cü cild, səh. 51.)
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən böyük yalan üç növdür: Mənim demədiyim sözü mənə nisbət vermək, görmədiyi yuxunu yalandan demək və bir şəxsi atasından başqasına nisbət vermək.” ( Yenə orada, 15-ci cild, səh. 42.)
40-İmam Sadiq (ə) buyurmuşdur: “Cəhənnəmə daxil olmağın səbəblərindən biri müsəlmanların haqqını mənimsəmək və mal-dövlətini həbs etmək (saxlayıb verməmək) üçün yalandan and içməkdir !!! ( “Kafi”, “iman” kitabı, 7-ci cild, səh. 436.)


paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.