Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İMAM CƏFƏR SADİQDƏN (ə) HƏYAT DƏRSİ

İMAM CƏFƏR SADİQDƏN (ə) HƏYAT DƏRSİ
0
Mətndə qrammatik səhv var?
İMAM CƏFƏR SADİQDƏN (ə) HƏYAT DƏRSİ

İmam Sadiq (ə) buyurub:

***
“Cənnəti axtardım, onu səxavətdə tapdım.
***
Rahatlıq (sağlamlıq) axtardım, onu tənhalığa çəkilməkdə tapdım. (Burada mənasız ünsiyyətlərdən və əyləncə məclislərindən uzaq gəzmək tövsiyə edilir. Çünki bu məclislərdə günah, qeybət ehtimalı çox olur).
***
(Qiyamət günündə) əməl tərəzimin ağır gəlməsi üçün yol axtardım, onu Allahın vahidliyinə və Mühəmmədin (s) Onun elçisi olmasına şəhadət gətirməkdə tapdım.
***
Cənnətə tez girməyin yolunu axtardım, onu (xalis niyyətlə) Allah yolunda savab iş görməkdə tapdım.
***
Ölümü sevməyin (yəni ölümü razılıqla qarşılamağın) yolunu axtardım, onu, Allah yolunda mal-dövləti özümdən qabaq göndərməkdə tapdım. (Həyatda ikən öz sərvətini fəqirlərə paylamaq və bu yolla özünə axirət azuqəsi toplamaq nəzərdə tutulur).
***
İbadətin şirinliyini axtardım, onu günahdan uzaqlaşmaqda tapdım. (Günah insanın qəlbində ləkə yaradar, onu ibadətdən soyudar, ürəyində haram ləzzətlərə meyil yaratmaqla onu ibadətin ləzzətindən məhrum edər).
***
Qəlb yumşaqlığına nail olmağın yolunu axtardım, onu aclıqda və susuzluqda tapdım. (Ac və susuz adam məhrumların, ehtiyaclıların halını daha yaxşı anlayar, qəlbi yumşalar, riqqətə gələr və ehsan etməyə can atar).
***
Qəlbi nurlandırmağın yolunu axtardım, onu təfəkkürdə və ağlamaqda tapdım. (Burada məsumların çox təkid etdikləri təfəkkür, yəni Allahın sifətləri və qüdrəti barədə düşünmək, yaxud öz əməllərin barədə düşünüb özünə hesabat vermək nəzərdə tutulur. Ağlamaq isə günahlardan narahat olmaq və tövbə etmək mənasını verir).
***
Sırat körpüsünün üzərindən keçmək üçün vəsiqə (zəmanət) axtardım, onu sədəqə verməkdə tapdım.
***
Üzün nurlanmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.
***
Cihadın fəzilətini qazanmağın yolunu axtardım, onu ailəni saxlamaq üçün işləyib-çalışmaqda tapdım. (Cihadın ümumi mənası çalışmaq, zəhmət çəkməkdir. Nəfs üzərində qələbə də, halal ruzi naminə tər töküb işləmək də, döyüş meydanında düşmənlərlə savaşmaq da cihadın müxtəlif mərtəbələrindəndir).
***
İzzət və cəlal sahibi olan Allahı sevməyin yolunu axtardım, onu günah əhlinə kin bəsləməkdə tapdım. (Fürui-dinin də iki maddəsi Allahın dostlarını sevmək, Allahın düşmənləri ilə düşmənçilik etməkdir. Qəlbini günahdan və günah əhlinin sevgisindən təmizləyən şəxsin qəlbinə Allah özünün və öz dostlarının məhəbbətini daxil edər).
***
Hakimiyyətin (insanların qəlbinə hökm etməyin) yolunu axtardım, onu Allahın bəndələrinə nəsihət etməkdə tapdım. (Başqalarına faydalı məsləhətlər verən adam xeyirxah kimi tanınar və sevilər).
***
Qəlb aramlığı axtardım, onu sərvəti azaltmaqda tapdım. (Sərvəti çox olan adam həm onu artırmağın, həm də qorumağın qayğısını çəkər).
***
Ən keçərli işin nə olduğunu axtardım, onu səbirdə tapdım. (Bütün ağır çətinliklər səbir etmək yolu ilə insana asan gələr).
***
Şərəf axtardım, onu elmdə tapdım.
***
İbadət axtardım, onu vərədə (dünya nemətlərinə qarşı ehtiyatlı davranmaqda) tapdım.
***
Rahatlıq axtardım, onu zöhddə (dünya ləzzətlərindən uzaqlaşıb, axirət dəyərlərinə meyillənməkdə) tapdım.
***
Ucalıq axtardım, onu təvazökarlıqda tapdım. (Təvazökar insan ətrafdakıların sevgisini qazanar).
***
İzzət (dəyər) axtardım, onu doğruculluqda tapdım. (Çünki doğrucul insan başqalarının gözündə dəyərli və etibarlı olar, yalançı və xəyanətkar adam isə gözdən düşər).
***
Öz nəfsimi əskiltməyin yolunu axtardım, onu oruc tutmaqda yapdım. (Dünyanın halal nemətləri yanında ikən onlardan uzaq durmaq ali bir qüvvənin hökmünə tabe olmağın və bütün istəkləri həmin qüvvənin istəyinə qurban verməyin əlamətidir).
***
Ehtiyacsızlıq (varlılıq) axtardım, onu qənaətdə tapdım. (Burada qənaət deyərkən, həm aza qane olmaq, həm də israf etməmək nəzərdə tutula bilər).
***
Ünsiyyət axtardım, onu Quran oxumaqda tapdım. (Quran oxuyan şəxs ən gözəl ünsiyyətə nail olar, Allahla mənəvi rabitə qurar və mələklər onun qiraətinə qulaq asarlar).
***
İnsanlarla münasibət qurmağın yolunu axtardım, onu mülayimlikdə, gözəl davranışda tapdım.
***
Allahın razılığını qazanmağın yolunu axtardım, onu valideynlərə yaxşılıq etməkdə tapdım”.
***
(“Müstədrəkül-Vəsail”, XII cild, səh. 173-174, hədis 13810-19).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.