Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Tarixi-dini abidələrin qorunmasında və bərpasında Heydər Əliyevin rolu

Tarixi-dini abidələrin qorunmasında və bərpasında Heydər Əliyevin rolu
+1
Mətndə qrammatik səhv var?

XIX əsrin başlanğıcında rus istilası Azərbaycanı iki yerə parçaladıqdan sonra milli mədəniyyətimizə, elm və maarifimizə ciddi zərbə vuruldu. Çarizmin apardığı “parçala, hökm sür” siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş şimal hissəsində maddi dayaqlardan məhrum edilmiş ənənəvi elm və təhsil sürətlə geriləməyə başladı. Azərbaycanlıların yeni nəsli tarixi-mədəni və dini köklərdən demək olar ki, qoparıldı. Bununla əlaqədar olaraq, çarizmin yürütdüyü siyasətə boyun əyməyənlər, bu rejimi qəbul etməyənlər savadsız və inkişaf etməkdən geri qalmış şəxsləri Azərbaycana göndərirdi. Eyni zamanda, bu dövrdə Azərbaycanın özü də çarizmə tabe edilən ərazilər sırasında geridə qalmış ərazilərdən biri hesab olunurdu. Bunun nəticəsində azərbaycanlılar arasında artıq rus imperiyasına qulluq edən yeni bir zümrə meydana gəlmişdi və onlar dünya elminə korifeylər bəxş etmiş Azərbaycan maarifini artıq bəyənmir, onun imperiyanın apardığı siyasət nəticəsində süni təsirlə çürüdüldüyünü başa düşmədən, tədrisin metodikasını, pedaqogika elmini müasirləşdirmək əvəzinə “üsuli-qədim” məktəbini ləğv etməyə, minillik bir dövrdə Azərbaycan mədəniyyətinə xidmət etmiş və artıq milliləşmiş əlifbanı dəyişdirməyə, xalq arasında “uşqol” adlandırılan “üsuli-cədid” məktəblərini genişləndirməyə çağırırdılar. Belə bir dalğanın qarşısında dayanmaq üçün “üsuli-qədim” adlandırılan məktəblərin yenidən qurulması vacib idi. Lakin Azərbaycanda bu işi görə biləcək qüvvə qalmamışdı. Köhnə məktəb və mədrəsələrdə dərs deyən molla və müəllimlərin elmi-pedaqoji hazırlığı zamanın tələblərinə cavab vermirdi. Necə deyərlər, çarizm istədiyinə artıq nail ola bilmişdi.

AZƏRTAC bununla bağlı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Şahlar Şərifovun “Tarixi-dini abidələrin qorunmasında və bərpasında Heydər Əliyevin rolu” məqaləsini təqdim edir.

Bu dövrü səciyyələndirən Ümummilli Lider Heydər Əliyev 1998-ci il dekabrın 9-da Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” beynəlxalq simpoziumundakı çıxışında xalqımızın müstəqillik yoluna qədəm qoyması nəticəsində milli-mənəvi, dini dəyərlər qovuşmasında nailiyyətlər qazanmasını vurğulayaraq qeyd etmişdi ki, Sovetlər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif cür münasibət qərarlaşmışdı. Bunu ondan görmək olardı ki, həmin dövrdə xristian dininə məxsus kitabların rus dilində nəşr olunması qadağan deyildi, hətta “Qurani-Kərim” də rus dilinə tərcümə edilərək nəşr olunmuşdu. Lakin “Qurani-Kərim”dən istifadə etməyi azərbaycanlılara qadağan edirdilər. Hesab edirdilər ki, Quran rus dilinə tərcümə olunub və guya xristianlar tərəfindən İslam dinini öyrənmək üçün lazımdır. Amma “Qurani-Kərim” Azərbaycan dilinə tərcümə olunsa, bu, azərbaycanlıların İslam dininə meylini artıracaqdır. Bu, əsas narahatçılıq yaradan məsələlərdən biri idi. Onu da qeyd etmək istərdik ki, eyni zamanda, xristian dininə məxsus kitabların rus dilində nəşr olunması qadağan deyildi. Elə bunun özü də Sovetlər İttifaqı zamanı müxtəlif xalqlara müxtəlif münasibət olduğunu göstərirdi.

Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra da bu kimi məsələlərə diqqət yetirən Heydər Əliyev dini kitabların nəşr edilməsi ilə yanaşı, tarixi-dini abidələrin də yenidən təmir və bərpa işləri ilə yaxından maraqlanmağa başlamışdı.

Heydər Əliyev respublikada mövcud olan tarixi-dini abidələrin bərpasına müvəqqəti iş kimi yox, uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi yanaşırdı. O, bu işi dövlətin dinə hörmətinin və xalqın milli-mənəvi dəyərlərə qayıdışının göstəricisi kimi dəyərləndirirdi. Müstəqilliyimizin ilk dövrlərində mənfur, vəhşi və özü kimi yer üzündə xain millət olmayan qondarma Ermənistan ilə müharibə aparıldığı üçün dövlət büdcəsinin böyük bir hissəsi hərbi xərclərə sərf olunur, bu da əhalinin yaşayış səviyyəsində özünü açıq-aşkar büruzə verirdi. Belə bir şəraitdə dövlət tərəfindən tarixi-dini abidələrin bərpası, müqəddəs yerlərin, ziyarətgahların təmiri mümkünsüz idi. Əhalinin iqtisadi vəziyyəti bu tipli abidələrin bərpası, yeni məscid və ibadət yerlərinin tikintisi üçün kifayət deyildi. İllər sonra həmin dövrə nəzər saldıqda insan inana bilmir ki, sosial-iqtisadi problemlərin məngənəsində olmasına baxmayaraq, Azərbaycan xalqı yeni məscidlər tikib, köhnələrini isə bərpa edərək xalqın istifadəsinə verib. Həmin dövrü xarakterizə edən Heydər Əliyev belə deyirdi: “Azərbaycan dövləti müstəqilliyini əldə edən zaman ölkəmizdə cəmi 18 məscid var idi. Azərbaycanın dövlət müstəqilliyinin hələ yeddi yaşı tamam olmayıbdır. Yəni tarixi nöqteyi-nəzərdən biz dövlət müstəqilliyi, milli-azadlıq şəraitində kiçik bir zaman yaşamışıq. Azərbaycan xalqı öz milli azadlığını qazanandan sonra, öz quruluşunu öz istədiyi kimi qurandan sonra qısa bir zamanda indi Azərbaycanda mindən artıq məscid var. Demək, insanların hamısının qəlbində məscid intizarı, məscid arzusu, - məscid Allah evidir, məscid dini məbəddir, dini mərkəzdir, - o qədər yaşayıbdır ki, qısa bir zamanda heç bir hökumətin, dövlətin köməyi, vəsaiti olmadan məscidlər tikilib yaradılıbdır”.

Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan tarixi-dini abidələrin bərpası və tikintisini öz nəzarətinə götürərək, bu prosesin xalqın istəyinə uyğun aparılması üçün dövlət dəstəyini əsirgəməyib. İlk vaxtlar tarixi-dini abidələrin bərpası üçün dövlət imkanlarının mövcud olmasına baxmayaraq, Heydər Əliyev Azərbaycanın gələcək inkişafının fonunda sovet hakimiyyətinin amansız münasibəti nəticəsində dağılmış məscid və ziyarətgahların bərpası üçün planlar düşünür, fikirlərini xalqa açıq söyləyirdi. Zaman keçdikcə Heydər Əliyevin arzuları həyata keçərək reallaşmağa başladı. Müstəqillik əldə edildikdən sonra güclənən Azərbaycan dövləti, ölkədə mövcud olan tarixi-dini abidələrin təmir və bərpasına sərf olunacaq qədər vəsait ayırmağa başladı. Qarşıya qoyulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün təmir-bərpa işlərinə 1933-cü ildə dağıdılmış Bibiheybət məscidindən başlanılmışdı.

Bunu nəzər alan Heydər Əliyev belə deyirdi: “Dini ocaqların yaranması, onların daha da abadlaşdırılması işini, lazımi tədbirlərin görülməsini əhəmiyyətli hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar edir. Amma dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən də imkanı dairəsində nə lazımdır edir. Məsələn, Bibiheybət məscidinin bərpası bizim üçün tarixi əhəmiyyətli bir hadisədir. Çünki Bibiheybət ziyarətgahının Azərbaycanın tarixində hansı yer tutduğunu siz yaxşı bilirsiniz. Şübhəsiz ki, vaxtilə təkcə xalqımıza qarşı yox, bütün İslam dünyasına qarşı böyük bir cinayət edilib – o məscid partladılıb, dağıdılıb və ziyarətgah pozulubdur. Amma buna baxmayaraq, insanlar Bibiheybət ziyarətgahını heç bir vaxt unutmayıblar. Doğrudur, qadağan olunduğuna görə əvvəlki kimi ziyarətlər olunmayıb, ancaq o, müqəddəs bir yer kimi yaşayıb və yaşayacaqdır. İndi isə bizim vəzifəmiz Bibiheybət məscidini bərpa etmək, daha da inkişaf etdirmək və oranı-əsrlərdən bəri yaşamış ziyarətgahı yenidən əvvəlki kimi, bəlkə, ondan da yuxarı səviyyəyə qaldırmaqdır ki, təkcə Azərbaycan xalqı, müsəlmanları üçün yox, həqiqətən, bütün dünya müsəlmanları üçün ziyarətgah olsun.

Ona görə də, məscidin bərpası üçün mənim dövlət tərəfindən vəsait ayırmağım təsadüfi bir iş deyildir”.


İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.a.s) nəvələrindən olan İmam Musa əl-Kazimin (ə) qızı, Həzrət Hökumənin qəbri yerləşən Bibiheybət ziyarətgahında bərpa işlərinin aparılmasına və məscid tikintisinə ölkə Prezidenti Heydər Əliyev hələ 1994-cü ildə buranı ziyarət edən zaman qərar vermişdi. Sonrakı dövrlərdə dəfələrlə Bibiheybət ziyarətgahında olan Heydər Əliyev kompleksin tikintisi prosesinə şəxsən nəzarət edib. Bibiheybət kompleksinin tikilib başa çatdırılmasında Heydər Əliyev həm Azərbaycan Prezidenti, həm də bir müsəlman kimi əlindən gələni əsirgəməyib və bununla özündən sonrakı nəsillərə də bir örnək olub.

Prezident olduğu müddətdə xalqla birlikdə olmağa üstünlük verən Heydər Əliyev, məscidləri tez-tez ziyarət edirdi. Bu baxımdan “Təzəpir”, “Bibiheybət” və “Mir Mövsüm ağa” kimi müqəddəs məkanlarda dəfələrlə olub və dindarlarla yanaşı, digər şəxsləri də sevindirib. Hətta adlarını qeyd etdiyimiz müqəddəs məkanlarda aparılan təmir-bərpa işlərinə nəzarət edərək öz məsləhət və göstərişlərini verməyi də əsirgəməyib.

Azərbaycanın bütün bölgələrində tarixi-dini abidələrin bərpasında yaxından iştirak edən Heydər Əliyev Naxçıvandakı “Əshabi-Kəhf” mağarasının da yenidən bərpa edilərək insanların istifadəsinə verilməsində öz köməyini əsirgəməyib. Heydər Əliyevin tapşırığı və dəstəyi ilə “Əshabi-Kəhf”də abadlıq işləri aparılıb, zəvvarların rahatlığı üçün şərait yaradılıb, ibadət etmələri üçün məscid tikilib və mağaranın girişinə kitabə də qoyulub.

Əlbəttə, Azərbaycan xalqının da, keçmiş Sovetlər İttifaqı tərkibində yaşayan digər müsəlman xalqlarının da öz dinindən təcrid olunmasının birbaşa səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu mülahizə Heydər Əliyevin təhlillərində həmişə ön plana çəkilirdi. Lakin bu hadisələri, eyni zamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi düşüncələr müstəvisinə çıxardaraq deyirdi: “Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum edilib. Bu, əlbəttə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu, nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu, Allahın işidir. Bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtliklər əldə edir”.

Heydər Əliyev tarixi-dini abidələrimizin bərpası işini dövlət himayəsinə götürməklə bu günün həqiqətinə, gələcəyin tarixinə çevrilmək hüququ qazanıb. Onilliklər, yüzilliklər, minilliklər keçəcək, lakin hər dəfə tarixi-dini abidələrimiz dövlətimiz tərəfindən bərpa olunarkən bu, Heydər Əliyev siyasətinin davamı kimi qiymətləndiriləcək və müdrik, uzaqgörən şəxsiyyətin sözləri xatırlanacaq: “Əmin ola bilərsiniz ki, bütün imkanlardan istifadə ediləcək, nəinki bu müqəddəs yeri, həm də Azərbaycan xalqının tarixini, milli, dini ənənələrini əks etdirən bütün abidələr, ocaqlar, müqəddəs yerlər bərpa olunacaq.

Bunu biz sizinlə birlikdə edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər, davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın yaratdığı tarixi abidələri, dini abidələri, yaşadacağıq”.

Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, tarixi-dini abidələrin bərpası dedikdə o, yalnız İslam dini ilə bağlı olan abidələri deyil, digər dinlərə, istər yəhudilərə, istərsə də xristianlara məxsus tarixi-dini abidələrin, sinaqoq və kilsələrin bərpasına da lazımi köməyini əsirgəməyib. Heydər Əliyevin göstəriş və məsləhətləri ilə Azərbaycanda kilsə və sinaqoqlar təmir edilib, yeniləri inşa edilib. Bu işdə də o, öz maddi dəstəyini əsirgəməyib. Bakıda Rus Provaslav Baş Kafedral Kilsəsinin bərpası və onun açılış mərasimində Heydər Əliyevin iştirakı təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da əks-səda doğurmuşdu. Çünki bu, bütün dünya provaslavlarının həyatında əlamətdar hadisə idi. Ölkəmizdə katolik xristianlarının sayının az olmasına baxmayaraq, 1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınıb, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılıb. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınaraq kilsəyə çevrilib, daha sonra Azərbaycan ilə Vatikan arasında Bakıda Roma-Katolik Kilsəsinin inşa olunması barədə razılıq əldə olunmuşdu.

Heydər Əliyevin dəstəyi ilə xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunub, yeniləri inşa edilib. 2003-cü ildə Bakıda yəhudi sinaqoqunun dindarların istifadəsinə verilməsi dünya yəhudilərinin diqqətini ölkəmizə yönəltmişdi. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus-Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası maliyyə dəstəkləri ilə yaxından iştirak etmişdi. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun tikintisində birgə iştirakı nadir faktlardandır. Bu, həm Azərbaycan xalqının, həm də Heydər Əliyevin din siyasətinin nəticəsi, həm də gələcəyə ünvanlanmış böyük bir tərbiyəvi işin göstəricisidir.

Ulu Öndər Heydər Əliyevi narahat edən məsələlərdən biri də mənfur Ermənistanın işğal etdiyi ərazilərdə minlərlə tarixi-dini abidələrimizin taleyi idi. Çünki bu işğal nəticəsində erməni vandalları tərəfindən bir çox məscid və ziyarətgahlarımız viran edilmişdi. Eyni zamanda, fərqli zamanlarda bəzi alban məbədləri də ermənilər tərəfindən qriqoryanlaşdırılmışdı. Bu baxımdan Heydər Əliyevin dəstəyi ilə Şəki şəhərinin Kiş kəndində və Qəbələ rayonunun Nic qəsəbələrindəki alban kilsələrinin təmir olunması, Alban-Udin Xristian dini icmasının yaradılması təsadüfi deyildi.

Heydər Əliyevin apardığı uğurlu din siyasəti nəticəsində qorunub-saxlanılmış tolerantlıq mühiti və bərpa edilmiş tarixi-dini abidələrimiz bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər üçünsə ən dəyərli mirasımızdır.

Dahi Lider öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərinin inzibatçılığa yol vermədən məqbul beynəlxalq standartlara müvafiq şəkildə qurulmasını təmin edib, dövlətin strateji xəttinə əsasən tənzimləyib. Məhz Heydər Əliyevin səyləri nəticəsində cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı inam formalaşdırılıb.

Müasir dövrdə Azərbaycanda islamşünaslığın geniş və səmərəli şəkildə öyrənilməsinə şərait, əlbəttə ki, Heydər Əliyev tərəfindən yaradılıb. O, 1998-ci il dekabr ayının 9-11-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumdakı dərin məzmunlu məruzəsində belə demişdi: “…Azərbaycan islamşünaslıq sahəsində XX əsr demək olar ki, tamamilə itirilib. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi-tədqiqat institutları, bəlkə də, bu sahə üçün xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaradılmalıdır. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün şəraitdə yaradacağam. Buna arxayın olun”.

Beləliklə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə Prezidenti seçilən Heydər Əliyev, sovetlər dövründə fəaliyyəti dayandırılmış məscidlərin, tarixi-dini abidələrin təmir və bərpasına xüsusi diqqət ayırmışdı. Məhz Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, Bibiheybət məscidi yenidən bərpa edilərək 1998-ci ildə istifadəyə verilmişdi. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu tarixi ənənə ondan sonra da layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamlı şəkildə davam etdirilir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.