Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Quran və mübarək adlarla bağlı bəzi hökmlər

Quran və mübarək adlarla bağlı bəzi hökmlər
0
Mətndə qrammatik səhv var?
Quran və mübarək adlarla bağlı bəzi hökmlər

Məsələ 394. Dəstəmazsız insanın Quranın mətninə toxunması, yəni bədəninin hər hansı bir yerini, məsələn, əlini, ayağını, üzünü, dodağını, sinəsini, dilini, dişini və s. Quranın yazısına toxundurması haramdır və Qurana dəstəmazsız toxunmağın haramlığı xüsusunda onun hər hansı bir ayəsinə, sözünə, yaxud hərfinə toxunmaq arasında heç bir fərq yoxdur.

Məsələ395.Quran və eləcə də digər mətnlərdə rast gəlinən sözlər xüsusunda onların yanaşı düzüldükdə ürfən Quran mətni hesab edilməsi meyar götürülür və burada mətni yazanın niyyətinin heç bir təsir qüvvəsi yoxdur. Əlbəttə ki, bu qəbildən olan Quran sözləri hissələrə ayrıldıqdan sonra da ehtiyatın tələbinə riayət etməyi unutmamaq lazımdır, yəni əgər əvvəl bir ibarə (söz birləşməsi, yaxud cümlə) Quran mətni hesab edilirdisə və indi parçalara ayrıldığına görə ürfən Quran mətni hesab edilmirsə, lazım ehtiyata əsasən, bədəni həmin yazıya dəstəmazsız toxundurmamaq lazımdır.

Məsələ396. Quran mətninin üzərində şüşə, nazik plastik qoruyucu qatı, yaxud zərvərəq (üzərinə qızıl suyu çəkilmiş kağız) olarsa və Quranın yazısı onun altından görünərsə, sadalanan şeylərə dəstəmazsız halda toxunmağın eybi yoxdur.

Məsələ 397. Qeyd edilən hökmdə Quranın üzərində yazıldığı şeyin cinsinin heç bir fərqi yoxdur. Buna əsasən, üzərində Qurandan yazılar olan kağız, lövhə, parça, paltar, yer, divar və s., hətta vacib ehtiyata əsasən,üzərinə Qurandan bir parça yazılmış sikkə və əsginaslara (metal və kağız pullara) da dəstəmazsız halda əl vurmaq ehtiyata əsasən caiz deyil. Həmçinin, Quranın yazıldığı xətlər (qrafikalar) arasında fərq yoxdur. Hətta kufi xətti kimi artıq arxaikləşmiş, istifadə edilməyən xətlərlə yazıldıqda belə Quran mətninə dəstəmazsız toxunmaq haramdır. Həmçinin, yazı üsulları, o cümlədən əl yazısı (qələmlə), çap, qravüra, oyma,qabarıqyazılar, naxışlama və s. arasında heç bir fərq yoxdur.

Məsələ 398. Quranın yazısından başqa yerlərə, məsələn, sətirlərin arasına, vərəqin kənarlarına, cildinə, yaxud üzlüyünə dəstəmazsız toxunmaq haram deyil, lakin məkruhdur. Həmçinin, yazıların bədənə bilavasitə toxunmadığı təqdirdə Quranın boyundan, yaxud paltardan asılması və insanın onu üzərində daşıması məkruhdur.

Məsələ 399. Qurana toxunmağın haramlığı yalnız mükəlləflərə aiddir. Beləliklə, uşağı və dəlini Qurana toxunmaqdan çəkindirmək vacib deyil. Lakin onların toxunması Qurana qarşı hörmətsizliklə nəticələnərsə, məsələn, onu cırarlarsa, yaxud üzərində oturarlarsa və ya nəcasətə bulaşdırarlarsa, bu qəbildən olan hərəkətlərin qarşısı alınmalıdır. Quranı öyrənmək və bu qəbildən olan məqsədlərlə hərçənd dəstəmazsız halda toxunacaqlarını bildikdə belə uşaqların əlinə vermək olar. Hətta uşaqların Quranın yazısına toxunmasına səbəb olmaq, məsələn, onların əlindən tutaraq Quranın mətninin üzərinə qoymaq da hörmətsizlik olmayacağı təqdirdə caizdir.

Məsələ 400. Quranın mətnini və onun yazıldığı vərəqi nəcasətləmək hörmətsizliyə səbəb olduğu halda haramdır və nəcasətləndikdə onu dərhal suya çəkmək lazımdır. Həmçinin, hörmətsizliyə səbəb olmadığı halda da vacib ehtiyata əsasən, nəcasətlənməsi haram, nəcasətləndikdə yuyulması isə vacibdir. Quranın cildi nəcasətlənərsə, hörmətsizlik sayıldığı halda onu yumaq lazımdır.

Məsələ 401.Quranı sirayətedici rütubəti olmayan özlüyündə nəcis bir şeyin, məsələn, qurumuş qan laxtasının, yaxud murdar (şəri kəsim qaydalarına uyğun olaraq kəsilməyən) heyvanın dərisindən hazırlanmış dəri məmulatının üzərinə qoymaq hörmətsizliyə səbəb olduğu halda haramdır və Quranı onun üzərindən götürmək vacibdir.

Məsələ 402. Quran mətninin kafirə satılması, vacib ehtiyata əsasən, doğru deyildir. Həmçinin, Quranın kafirə verilməsi ona qarşı hörmətsizlik sayıldığı, yaxud hörmətsizliyə səbəb ola biləcəyi təqdirdə haramdır. Lakin Quranın kafirə verilməsi onun haqq yola yönəldilməsi məqsədini daşıyarsa və ona qarşı hər hansı bir hörmətsizlik baş verməyəcəksə, eybi yoxdur.

Məsələ 403. Quranı, hətta onun bir hərfini belə nəcis mürəkkəblə yazmaq onu nəcasətləmək hökmünü daşıyır, yəni hörmətsizliyə səbəb olduğu halda haramdır və yazılarsa, su və ya başqa bir vasitə ilə onu nəcis mürəkkəb aradan gedəcək şəkildə məhv etmək lazımdır.

Məsələ 404.Quran məqsədyönlü şəkildə olmadan insanın əlindən düşərsə, bunun üçün hər hansı bir kəffarə yoxdur, lakin onu dərhal yerdən qaldırmaq və gərəkli ehtiramı göstərmək lazımdır.

Məsələ 405.Vacib ehtiyata əsasən, dəstəmazsız şəxsin hansı dildə yazılmasında asılı olmayaraq uca Allahın adına ( ﺍﻟﻠﻪ , ﺧﺪﺍ , GOD) bədəni ilə toxunması caiz deyil və həmçinin, hansı dildə yazılmasından asılı olmayaraq Onun vəsf olunduğu xüsusi sifətlərə toxunmaq da bu qəbildəndir.

Məsələ 406.İnsanın uca Allahın adı olan həmayil və bu qəbildən olan əşyaları üzərində saxlamasının eybi yoxdur, lakin vacib ehtiyata əsasən, ismi-cəlalənin (Allahın uca adının) dəstəmazsız halda bədənə toxunmaması üçün onu paltarın üstündən asmalıdır, yaxud ismi-cəlalə onu bədənlə bilavasitə təmasdan qoruyan cild, yaxud qılafla örtülmüş olmalıdır.

Məsələ 407.Quranın fars və ya başqa bir dilə tərcümə olunmuş mətninə uca Allahın adını ifadə edən xüsusi isim və Onu vəsf edən sifətlər istisna olmaqla dəstəmazsız halda toxunmaq haram sayılmır.

Məsələ 408. ﺍﻟﻠﻪ adı yerinə yazılan" ﺍ ...", həmçinin, “Allah” adını əvəz edən əvəzliyə, məsələn, ﺑﺴﻤﻪ ﺗﻌﺎﻟﻰ (Onun uca adı ilə) ifadəsindəki " ـﻪ" (“O” bitişən əvəzliyi) və ﻫﻮ ﺍﻟﺒﺎﻗﻲ (Odur Baqi) ifadəsindəki və " ﻫﻮ" (ayrı yazılan “O” əvəzliyi) üzərinə dəstəmazsız halda toxunmaq olar.

Məsələ 409.Vacib ehtiyata əsasən, ləfz-i cəlaləyə hətta Abdullah, Həbibullah kimi mürəkkəb adların tərkib hissəsi olduqda da toxunmaq caiz deyildir.

Məsələ 410. Quranın vərəqi, yaxud ehtiram göstərilməli olan hər hansı bir şey, məsələn, uca Allahın adının, Peyğəmbərin (s) və ya məsumlardan (ə) birinin adının, yaxud onların ləqəb və künyələrinin yazıldığı kağız ayaqyoluna düşərsə, çıxarılması və yuyulması hətta müəyyən xərc tələb etdiyi təqdirdə belə dərhal yerinə yetirilməsi vacib olan bir işdir. Çıxarılması mümkün olmadığı halda isə insan sözügedən vərəqin çürüdüyünə əmin olmayınca orada ayaqyoluna çıxmamalıdır. Lakin başqalarına bununla bağlı məlumat vermək vacib deyildir. Həmçinin, İmam Hüseynin (ə) türbəti ayaqyoluna düşərsə və çıxarılması mümkün olmazsa, insan onun tamamilə axıb getdiyinə əmin olmayınca orada ayaqyoluna çıxmamalıdır.

Məsələ 411. İmam Hüseynin (ə) müqəddəs qəbrindən təbərrük məqsədilə götürülmüş türbət nəcasətə bulaşarsa, ürfən hörmətsizlik hesab edildiyi təqdirdə nəcasətdən təmizlənməsi vacibdir və İslam Peyğəmbərinin (s) və eləcə də digər məsum imamların (ə) münəvvər qəbirlərindən təbərrük məqsədilə götürülən türbətlər də nəcasətlənmə və paklanma məsələsində Şəhidlərin sərvəri Həzrət Hüseynin (ə) türbəti ilə eyni hökmü daşıyır. Həmçinin, Şəhidlərin sərvərinin (ə) türbətinin onun qəbrinin üzərindəki torpaqdan götürülməsi ilə başqa bir yerdən torpaq gətirilərək qəbrin üzərinə qoyulub sonra təbərrük və şəfa tapmaq məqsədilə götürülməsi arasında heç bir fərq yoxdur.

Məsələ 412. Əhli-beyt (ə) mənsublarının adını daşıyan “İmam Rza xiyabanı”, “İmam Hüseyn meydanı”, “Həzrət Zəhra hüseyniyyəsi” və “Musa ibn Cəfər məscidi” kimi yer adlarına hörmətsizlik (məsələn, onların yazıldığı şeylərin tapdalanması, yaxud zibil yeşiyinə atılması) caiz deyildir.

Məsələ 413. Mübarək adlara ehtiram göstərilməlidir və onların ürfən hörmətsizlik kimi qəbul ediləcək yerlərə atılması caiz deyil. Bu səbəbdən, daha yaxşı olar ki,bu qəbildən olan adların və sözlərin yazıldığı materialları saxlamaq, yığmaq üçün bir qutu, yaxud yer ayrılsın və vaxtaşırı olaraq orada yığılan materiallar çöllülərdə, yaxud hər hansı pak yerin bir küncündə torpağa basdırılsın və ya dənizə, yaxud axar suya atılsın. Həmçinin, sözügedən yazıların hətta bəzi kimyəvi maddələrdən istifadə üsulu ilə də məhv edilməsi caizdir, lakin Quran ayələrinin, Qurani-kərim nüsxəsinin vərəqlərə ayrılmış parçalarının, yaxud uca Allahın və məsumların (ə) mübarək adlarının yandırılması heç bir vəchlə caiz deyildir.


(Mənbə: Ali Məqamlı Mərcəyi-Təqlid Seyid Əli Hüseyni Sistaninin Risaləsindən)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.