Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Imam Sadiq (ə) kimdir?

Imam Sadiq (ə) kimdir?
+1
Mətndə qrammatik səhv var?

Adı: Cəfər
Ləqəbi: Sadiq
Künyəsi: Әbu Abdullah
Atası: Həzrət İmam Məhəmməd Baqir (ə)
Təvəllüd tarixi: Hicri-Qəməri tarixinin 80-cı ili
İmamlıq müddətbiristanlığı.i: 31 il
Ömrü: 65 il
Şəhadət olduğu tarix: Hicri 148-ci ilin Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun vəlisi vasitəsi ilə zəhərlənərək şəhid edildi.
Məzarı: Mədinə şəhəri, Bəqi qəbiristanlığı.


Əhli-beyt (ə) məktəbinin özəllikləri.

1. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt (ə) məktəbini digər məktəblərdən fərqləndirən ən başlıca özəllik o idi ki, bu məktəbin qapıları elm öyrənmək istəyən hər bir şəxsin üzünə açıq idi. Orada təkcə Əhli-beyt (ə) tərəfdarları deyil, hətta Əhli-beyt (ə) tərəfdarı olmayanlar da elm öyrənə bilirdilər. Cəfəri məzhəbinə qarşı çıxaraq özü yeni bir məzhəb yaratmış, İmam Sadiqin (ə) imamətini inkar etmiş, o Həzrətin Mömin ət-Taq kimi səhabəsini Şeytan ət-Taq adlandırmış və şəxsi düşüncələrinə əsaslanaraq, dində məqbul sayılmayan müqayisə metodundan istifadə etmiş Əbu Hənifə məhz həmin məktəbdə elm almış, İmam Sadiqdən (ə) hədislər nəql etmişdir. O, Mədinədə bir neçə il İmamla ünsiyyətdə olmuşdur. O, Zeyd ibn Əlinin qiyamı zamanı onu dəstəkləyənlərdən biri olmuş və Zeydin əməvilərə qarşı qiyamını Peyğəmbərin (s) Bədr döyüşündə kafirlərə qarşı mübarizəsinə bənzətmişdir.[1]

2. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt (ə) məktəbində bir çox elmlər tədris edilirdi. İmam Sadiq (ə) Quran, sünnə, fiqh, tarix, üsuli-fiqh, etiqadi məsələlər, İslam sxolastikası və İslam fəlsəfəsinə xüsusi önəm verirdi. Bununla yanaşı, astronomiya, tibb, botanika, biologiya, kimya, fizika kimi elm sahələri də diqqətdən kənar qalmırdı.

3. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt məktəbi heç vaxt hakim dairəyə tabe olmamışdır. İstər əməvilər, istərsə də abbasilər dövründə fəaliyyət göstərmiş Əhli-beyt məktəbi adı çəkilən rejimlərin heç birinin göstərişi ilə hərəkət etməmiş, heç vaxt hakim dairənin siyasətinə qarışmamış, onların siyasi məqsədlərinə xidmət etməmişdir. Müsəlmanlar bu məktəbin mövcud rejimin mənafeyinə xidmət etməyən yeganə məktəb olduğunu görüb bütün arzu və ümidlərini ona bağlamışdılar. Çünki bu məktəbin başında Peyğəmbər elminin varisi, əsil İslam təfəkkürünün böyük bayraqdarı İmam Cəfər ibn Muhəmməd dayanır. Onun tutduğu mövqe isə hamıya bəlli idi. Böyük əxlaq sahibi olduğu üçün Sadiq (doğru danışan) təxəllüsü ilə tanınmışdı. Azğın hakimlərə qarşı həmişə barişmaz mövqe nümayiş etdirmişdi. Buna görə də o Həzrətin məktəbi azğın ideoloji və siyasi cərəyanlardan uzaq olmaq istəyən haqq tərəfdarları üçün siyasi-ideoloji bir sığınacağa çevrilmişdi.

4. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt (ə) məktəbinin özəlliklərindən biri də o idi ki, bu məktəbdə hər hansı elm sahəsinin öyrənilməsi sağlam düşüncəyə əsaslanırdı.

5. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt (ə) məktəbinin çox görkəmli nümayəndələri olmuşdur. Onlar müxtəlif elm sahələrinə yeniliklər gətirməklə, ixtiralar etməklə cəmiyyətə öz töhfələrini vermişlər. Təsadüfi deyil ki, İmam Sadiqin (ə) məktəbinin nümayəndəsi olmaq böyük şərəf hesab edilmişdir. Bu məktəbin yetirmələrinin sayı dörd min nəfərə çatmışdı.

6. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt (ə) məktəbi sonralar inkişaf edərək Kufə, Bəsrə, Qum və Misirdə də şöbələri açılmışdır.

7. İmam Sadiq (ə) bu məktəbdəki fəaliyyətini cəmiyyətdəki digər fəaliyyətlərindən ayırmamış, əksinə, onun həmin məktəbdəki fəaliyyəti o Həzrətin islahat proqramının tərkib hissəsi olmuşdur. Çünki bu məktəb əməlisaleh insanların yetişdirilməsi üçün ən gözəl vasitə idi. O Həzrətin bu məktəbdə yetişdirdiyi siyasi-elmi kadrlar İmamın bütün işlərində yaxından iştirak edirdilər.

8. İmam Sadiqin (ə) təşkil etdiyi məktəbin daha bir özəlliyi şərit qanunlarının mənbəyi sayılan Quran və Peyğəmbər sünnəsi ilə bilavasitə bağlılığı olmuşdur. Belə bir məktəbin isə heç bir zaman tayı-bərabəri olmamışdır. Təsadüfi deyil ki, İmam Sadiq (ə) özü də bu məktəbdə hədis yazılmasına, hədis öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Çünki çox da uzaq olmayan keçmişdə (təxminən bir əsr ərzində) Həzrəti-Peyğəmbər (s) kəlamları hakim dairənin siyasi məqsədlərinə görə təhriflərə məruz qalmış, hətta hədis nəql edilməsinə qadağa qoyulmuşdu. Ancaq hədis söylənilməsi qadağan edilsə də, məsum imamların heç biri bu qadağaya əhəmiyyət verməmişdir.

Məlum məsələdir ki, hakim dairə tərəfindən uzun müddət hədis nəql edilməsinə qoyulmuş qadağa, əsasən, Həzrəti-Peyğəmbərin (s) müsəlman ümmətinin Əhli-beyt (ə) ilə sıx əlaqədə olmasına təkid edən hədislərinə yönəlmişdi. Deməli, hakimiyyət başında olanların əsas məqsədi camaatı Əhli-beytdən (ə) uzaqlaşdırmaq olmuşdur. Çünki insanların həmin hədislərdə deyilənlərə əməl etməsi zalım və siyasətbaz hakimlərdən uzaqlaşması ilə nəticələnəcəkdi.

İmam Sadiq (ə) Əhli-beyt (ə) məktəbi barədə belə buyurmuşdur:

“And olsun Allaha, bizim yanımızda elə elm var ki, heç kimə möhtac deyilik. Ancaq bütün insanların bizə ehtiyacı var. Bizdə Peyğəmbərin (s) dediyi və Əli ibn Əbutalibin (ə) yazdığı elə bir kitab var ki, uzunluğu yetmiş dirsəkdir. Onda Allahın bütün halal və haramı qeyd edilib.”[2]

O Həzrət başqa bir kəlamında belə buyurmuşdur: “Bizim elmimiz qədim zamanlardan olmuş, əbədi olaraq da qalacaq. Bu elm kitabda yazılmış, ürəklərə həkk olmuş, qulaqlara oxunmuşdur. “Qırmızı cəfr”, “Ağ cəfr”, “Müshəfi-Fatimə” və “Səhifeyi-camiə” kitabları bizdədir. Onlarda insanların möhtac olduğu bütün şeylər yazılmışdır.”[3]

9. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt məktəbində kitab nəşrinə xüsusi önəm verilirdi. Ümumiyyətlə, bu məktəbin ən böyük özəlliklərindən biri elmin inkişafına, kitab nəşrinə, tələbə yetişdirməyə qayğı göstərmək idi. İmam Sadiq (ə) öz yetirmələrinə kitab yazmağın əhəmiyyətini başa salaraq onlara bu işlə məşğul olmağı tapşırardı. O Həzrət öz tələbələrinə buyurardı ki, kitablarınızı qoruyun. Çünki tezliklə həmin kitablara ehtiyac duyacaqsınız.[4]

İmam Sadiq (ə) ən yaxın səhabələrindən olub hədis sahəsində fəaliyyət göstərmiş Zürarəni belə dəstəkləmişdir: “Allah Zürarə ibn Əyuna rəhmət eləsin! Əgər o olmasaydı, atamın buyurduğu hədislər itib batardı.”

İmam Sadiq (ə) Zürarə, eləcə də Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd Əcəli kimi səhabələrinin barəsində belə buyurmuşdur: “Əgər bunlar olmasaydı, heç kim bu fiqhi dərk etmək iqtidarında olmazdı. Bunlar dinin qoruyucuları və Allah-taalanın halal-haramı barəsində atamın etibar etdiyi şəxslərdir. Onlar dünya və axirətdə bizə doğru gəlməklə başqalarından önə keçmiş insanlardır.” (لولا هؤلاء ما كان أحد يستنبط هذا الفقه، هؤلاء حفّاظ الدين واُمناء أبي(عليه السلام)على حلاله وحرامه وهم السابقون الينا في الدنيا والآخرة)[5]

İmam Sadiq (ə) tələbələrinə yaxşı dərs oxumağı tapşırardı. Müfəzzəl ibn Ömərə belə buyurmuşdur: “Elm öyrənərkən yaz və qardaşların arasında yay. Dünyadan köçərkən övladların arasında kitab miras qoy. Elə bir vaxt gələcək ki, insanlar kitablarından başqa heç nə ilə təmasda ola bilməyəcəklər.”[6]

Bütün bunların nəticəsi olaraq İmam Sadiqin (ə) səhabələri hədislərin yazılmasına xüsusi diqqət yetirmişlər. Təsadüfi deyil ki, şiə məzhəbinin dörd yüz cilddən ibarət ilk hədis toplusu məhz onların tərəfindən qələmə alınmışdır.

10. İmam Sadiqin (ə) dövründə fəaliyyət göstərən Əhli-beyt məktəbinin digər bir xüsusiyyəti də müxtəlif elm sahələrində mütəxəssislər yetişdirməklə İslam təfəkkürünü inkişaf etdirmək olmuşdur. Bu barədə az sonra ətraflı məlumat verəcəyik.

İmam Sadiqin (ə) məktəbində elmi ixtisaslaşdırma

İmam Sadiq (ə) həyatının bu mərhələsində kadr hazırlığına, elmi ixtisaslaşdırmaya böyük önəm verir. O Həzrət çox yaxşı bilirdi ki, İslam təfəkkürünün təkamülündə bu işin müstəsna rolu var. Digər tərəfdən də o Həzrətin məktəbinə müraciət edənlərin sayının çox olduğunu nəzərə alaraq elmi ixtisaslaşdırma nəticəsində məktəbin elmi fəaliyyətini çoxşaxəli etmək mümkün idi. Buna görə də o Həzrət öz tələbələrini müxtəlif elmi sahələrə cəlb edirdi. Tələbələrin dərs məsələsinə şəxsən özü nəzarət edir, qarşıya çıxan problemləri bilavasitə özü həll etməklə məktəbin fəaliyyətini davam etdirirdi. Təbii ki, burada İmam Sadiq (ə) məktəbinin bütün elm sahələri haqqında danışa bilmərik. Lakin bəzi nümunələri qeyd etməyi lazım bilirik.

a) Həkimlik.
İmam Sadiqdən insan fizionomiyası barədə sual edildikdə o Həzrət belə buyurmuşdur: “Allah-taala insanda on iki oynaq, qırx sümük, üç yüz altmış damar yaratmışdır. İnsanın bədənini suvaran məhz damarlarıdır. Ət sümükləri, sinir isə əti qoruyur. Allah hər birində qırx bir sümük olmaqla insanın iki qolunda səksən iki sümük xəlq yaratmışdır. Bunlardan otuz beşi əldə, ikisi dirsəklə əl arasında, biri bazuda, üçü isə çiyindədir. İnsanın ayağında qırx üç sümük var. Bunlardan otuz beşi ayaq pəncəsində, ikisi topuqda, üçü baldırda, biri budda, ikisi isə ling nahiyəsindədir. Onurğa sümüklərinin sayı on səkkizdir. Hər tərəfdə doqquz olmaqla on səkkiz qabırğası var. Boyun nahiyəsində səkkiz, başda isə otuz altı sümük var. İnsanın ağzında isə bəzi hallarda iyirmi səkkiz, bəzi hallarda isə otuz iki sümük (diş) olur.”[7]

Mirzə Məhəmməd Xəlili yazır:
“Canıma and olsun ki, İmamın insan bədənindəki sümüklər barədə dediyi rəqəm bu gün müasir tibb elmində həkimlərin dediyi ilə eynidir. Nə bir sümük o az, nə bir sümük çox.”[8]

İmam Sadiq (ə) insan bədənində qan dövranını ilk dəfə olaraq Müfəzzəl ibn Ömərə bəyan etmişdir. Həmin hədisdən belə nəticə əldə edilir ki, o Həzrət insan bədənində qan dövranını ilk dəfə kəşf etmiş Vilyam Harveydən daha əvvəl bunu açıqlamışdır. İmam Sadiq (ə) həmin hədisdə belə buyurmuşdur:
“Ey Müfəzzəl, heç düşünmüsənmi, Allah-taala insan bədəninin qida ilə təmin edilməsindən ötrü nə işlər görmüşdür? Yemək mədəyə yetişdikdən sonra orada həzm olur. Sonra onun bir hissəsi qaraciyərə doğru gedərək onun ətrafındakı damarlara ötürülür. Qaraciyəri zədələyəcək bir şey getməsin deyə həmin damarlar yeməyi təmizləyir. Çünki qaraciyər olduqca incə bir orqandır, sərtliyə davam gətirmir. Qaraciyər qidanı qəbul etdikdən sonra Allahın qoyduğu proqram əsasında onu qanda həll edərək qanın ötürülməsi üçün nəzərdə tutulmuş boruların vasitəsilə bütün bədənə ötürür. (Eynilə torpağın suvarılmasında suyun ötürülməsi üçün nəzərdə tutulmuş borular kimi.) Eləcə də həmin qidanın digər tərkib hissələri bədəndə nəzərdə tutulmuş xüsusi yerlərə doğru ötürülərək orada bir-birindən ayrılır. Acı, yaşımtıl maddə öd kisəsinə, tünd olanlar dalağa, artıq maddələr isə sidik kissəsinə tərəf ötürülür.

Ey Müfəzzəl, bədənin quruluşundakı hikmətə diqqət yetir, gör hər bir üzv necə uyğun yerində yerləşdirilmiş, hər bir maddə üçün lazımi qab nəzərdə tutulmuşdur. Beləliklə, zəhərli maddələrin bədənə qarışaraq insanın zəhərlənməsinin, xəstələnməsinin, zəifləməsinin qarşısı alınır. Bu cür gözəl tədbir görən və dəqiq quruluş yaradan Allah pakdır, müqəddəsdir!”[9]

b) Gigiyena.
İmam Sadiq (ə) mədə xəstəliklərinin qarşısının alınması üsullarını bəyan etmiş, habelə cüzam xəstəliyi kimi xəstələrdən uzaq olmağı tövsiyə etmişdir. O Həzrət buyurmuşdur ki, cüzamlı xəstə ilə söhbət edən şəxs onunla öz arasında minimum bir dirsək qədər məsafə saxlamalıdır.[10] Müasir tibb elmində sübut edilmişdir ki, cüzam xəstəliyinin mikrobu hava vasitəsilə yayılaraq xəstənin bir metr radiusuna keçə bilir.

İmam Sadiq (ə) buyurmuşdur ki, bütün xəstəliklər həzm sisteminin yaxşı işləməməsindən qaynaqlanır.[11] Həmçinin buyurmuşdur: “Yeməkdən əvvəl və sonra əllərinizi yuyun!”[12] Yeməkdən əvvəl əllərin yuyulması ehtimal verilən mikrobların aradan getməsinə səbəb olur. Yeməkdən sonra əllərin yuyulması isə təmizlik məqsədi daşıyır.

c)Biologiya.
İmam Sadiq (ə) qarışqalar sinfi ilə bağlı belə buyurmuşdur: “Qarışqalara, onların azuqə toplaması üçün çalışmasına diqqət yetirsən, görərsən ki, onlardan bəzisi insanlar evlərinə yemək daşıdığı kimi, topladığı dənləri öz yuvalarına daşıyır. Hətta insanlar bu baxımdan qarışqadakı zirəkliyə çatmazlar. Qarışqaların iş zamanı insanlar kimi bir-birinə necə kömək etdiyinə fikir vermisənmi? Onlar dəni bir neçə yerə parçalayırlar ki, yuvada göyərib yuvanı uçurmasın. Əgər hər hansı bir toxum yuvada cücərərsə, qarışqalar dərhal onu yuvadan çıxarıb yerə sərərək havaya verirlər ki, qurusun. Qarışqalar öz yuvalarını həmişə hündür yerdə qururlar ki, axan sular yuvaya girib onları batırmasın. Bu həşəratın gördüyü işlərin hamısı ağlın yardımından istifadə etmədən baş verir. Allah-taala onu belə yaratmışdır.”[13]

İmam Sadiq (ə) İslami elmlərdən fəlsəfə, sxolastika, imamət, siyasət, fiqh, üsuli-fiqh, hədis, təfsir, tarix sahələrində gözəl fikirlər bildirdiyi kimi, botanika, astronomiya, kimya, fizika, bitki tərkibli dərmanlar haqqında da çox yüksək fikirlər bildirmişdir.

İmam Sadiq (ə) məktəbinin bəzi yetirmələri, o cümlədən Hişam ibn Həkəm, Hişam ibn salim, Mömin ət-Taq, Məhəmməd ibn abdullah Təyyar, Qeys Mahir və qeyriləri kəlam – İslam sxolastikası sahəsində ixtisaslaşmışdılar. Digər səhabələrindən Zürarə ibn Əyun, Məhəmməd ibn Müslim, Cəmil ibn Dərrac, Büreyd ibn Müaviyə, İshaq ibn Əmmar, Abdullah Hələbi, Əbu Bəsir, Əban ibn Təğlib, Füzeyl ibn Yəsar, Məhəmməd ibn Həsən Şeybani, Süfyan ibn Üyeynə, Yəhya ibn Səid isə fiqh, üsuli-fiqh və təfsir sahələrində ixtisaslaşmışdılar. Habelə Cabir ibn Həyyan Kufi kimya, Müfəzzəl ibn Ömər isə ontologiya sahəsinin mütəxəssisi olmuşdu.

İmam Sadiq (ə) məktəbinin nümayəndələrinin hər biri öz sahəsində fəaliyyət göstərir, kitablar yazır, diskussiyalar təşkil edirdi. Seyid Həsən Sədrin yazdığına görə həmin dövrdə şiələr tərəfindən qələmə alınmış kitabların sayı təxminən altı min altı yüzə çatırdı.[14]

İmam Sadiqin (ə) səhabələri arasında Hişam ibn Həkəm müzakirə və diskussiya sahəsində digərlərindən daha güclü olmuşdur. İmam onun diskussiyalarını çox bəyənərdi. Hişam mötəzilə cərəyanının lideri Əmr ibn Übeydlə müzakirə aparıb onu üstələdiyini İmama (ə) xəbər verdikdə o Həzrət belə buyurmuşdur:
− Ey Hişam, bunları sənə kim öyrədib?
Hişam: “Ey Peyğəmbər balası, bu sözlər mənim dilimə gəldi.” – deyə cavab verdikdə İmam belə buyurmuşdur:

− Allaha and olsun ki, bu sözlər İbrahim (ə) və Musanın (ə) səhifələrində yazılıb.[15]

İmam Sadiqin (ə) öz məktəbində güddüyü əsas məqsədlərdən biri də digər elm sahələri ilə yanaşı, fiqh sahəsinə yeni nəfəs gətirmək, bu sahədə islahatlar aparmaq olmuşdur. Təsadüfi deyil ki, həmin dövrdə fiqh, üsuli-fiqh və hədis sahələrində Əhli-beyt (ə) məktəbinə istinad edən yeni-yeni kitablar yazılmış, onlarda şəxsi düşüncələrə əsaslanan müqayisə metodundan qətiyyən istifadə edilməmişdir.

İmam Sadiq (ə) buyurmuşdur:

“Mənim kəlamım atamın, atamın kəlamı babamın, babamın kəlamı İmam Hüseynin (ə), İmam Hüseynin (ə) kəlamı İmam Həsənin (ə), İmam Həsənin (ə) kəlamı Əmirəlmömininin (ə), Əmirəlmömininin kəlamı Peyğəmbərin (s), Peyğəmbərin (s) kəlamı isə Allahın kəlamıdır.”[16] Həmçinin buyurmuşdur: “Əgər biz istək və nəfsimizə əsaslanıb insanlar üçün fətva versək, həlak olanlardan olarıq. Biz Peyğəmbərdən (s) bizə gəlib çatmış, yanımızda olan və nəsilbənəsil bir-birimizə ötürdüyümüz, əmlakını toplayan tacirlər kimi öz elmimizi toplayır, onun əsasında insanlar üçün fətva veririk.”[17]

Üsuli-fiqh sahəsində yazılmış kitablarda şəriət qaydalarının əldə edilməsi yolları və hədis kitablarında qarşıya çıxan hədislərlə necə davranma qaydaları izah edilmişdir.

İmam Sadiq (ə) öz yetirmələrinə şəriət mənbələrindən qayda-qanunları necə əldə etməyin yollarını, habelə onlara bir-birilə uyğun gəlməyən hədislərlə necə davranmağın lazım olduğunu başa salmışdır. O Həzrət Quranın ümumi məzmunu ilə uyğun gəlməyən hədislər barədə belə buyurmuşdur:
“Quranla uyğun gəlməyən hədislərin dəyəri yoxdur.” (ما لم يوافق من الحديث القرآن فهو زخرف)[18] Həmçinin: “Hər bir haqqın həqiqəti, hər bir doğrunun nuru vardır. Allahın kitabı ilə uyğun gələn hədisləri qəbul edin, uyğun gəlməyənini isə kənara atın.” − (إنّ على كل حق حقيقة ، وعلى كل صواب نوراً فما وافق كتاب الله فخذوه وما خالف كتاب الله فدعوه)[19]

Bir-birinə zidd olan iki hədis barəsində isə belə buyurmuşdur: “Bizdən sizə bir hədis yetişdikdə həmin hədisin doğruluğuna dair Allahın kitabından və ya Peyğəmbərin (s) kəlamından sübut tapın. Əgər tapa bilməsəniz, həmin hədisə əməl etməyin.”[20] O Həzrət başqa bir kəlamında da belə vurğulayır: “Üsuli-fiqh qaydalarını sizə öyrətmək bizim borcumuz, onları şaxələndirmək isə sizin borcunuzdur.” − (إنّما علينا أن نلقي إليكم الاُصول وعليكم أن تفرّعوا)[21]


Mənbələr:
[1] Həyatul-İmam Muhəmməd əl-Baqir, c. 1, səh. 75
[2] Bəsairüd-dərəcat, səh. 149
[3] Biharul-ənvar, c. 47, səh. 26
[4]Kafi, c. 1, səh. 52
[5] Vəsailüş-şiə, c. 8, səh. 57-59
[6] Üsuli-kafi, c. 1, səh. 52
[7] Əl-Mənaqib, c. 4, səh. 256; Biharul-ənvar, c. 14, səh. 480
[8]Tibbul-imamis-Sadiq (ə), səh. 3
[9] Biharul-ənvar, c. 3, səh. 57
[10] Vəsailüş-şiə, c. 2, səh. 208
[11] Biharul-ənvar, c. 63, səh. 336
[12] Biharul-ənvar, c. 63, səh. 356
[13] Tövhidi-Müfəzzəl, səh. 66; Biharul-ənvar, c. 3, səh. 61
[14] Təsisuş-şiə liülumil-İslam, səh. 288
[15] Əl-Ehticac, c. 2, səh. 125-128
[16] Üsuli-kafi, c. 1, səh. 53-58
[17] Bəsairüd-dərəcat, səh. 300
[18] Vəsailüş-şiə, c. 18, səh. 78
[19] Üsuli-kafi, c. 1, səh. 69
[20] Üsuli-kafi, c. 1, səh. 69
[21] Biharul-ənvar, c. 2, səh. 245
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.