Böyük insanların xüsusiyyətləri. İslamın və dahilərin baxışında.
- 10 avqust 2016
- Bölmə: Digər bilmədiklərniz / Əxlaq
- Baxış: 3 777
- Şərhlər: 0
- Müəllif: besir
Böyük insanlar.
Jan Lüsyen Arrea adlı fransız yazaranın belə bir sözü var:
- Böyük insanların həyatı onların ölüm anından başlayır.
Bu fikirlə çox məqamlarda razıyam. Çünkü böyük insanlar ölümlə bitib-tükənəcək insanlar olmur, onların bəşər üçün gördükləri işlər, insanlığa etdikləri xidmətlər yaşadıqca onlar da yaşayır, buraxdıqları izlər hər zaman insanlar üçün ilham mənbəyi olaraq qalır. Böyük insanların gördüyü işlər də böyük olduğundan, bir kiçik dövrə təsir etmək miqyasından daha geniş miqyaslı təsir qüvvəsinə malik olurlar.
Alman şairi Volfanq Hötenində bu barədə gözəl fikri var. O deyir ki, "Böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca əzəmət və qüdrəti aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir. Yaxınlaşdıqca nə qədər faydasız olduğu aşkar bilinir və aldadıcı olduğu üzə çıxır".
Dahi Azərbaycan alimi Nəsirəddin Tusi isə bu mövzuda belə buyurur:
- Böyük insanlar bulud arxasından çıxan günəş kimidirlər.
Yəni günəşin şüasına və istiliyinə yerdəki hər bir canlının ehtiyacı olduğu kimi, böyük insanlarında gördüyü işlərə, düşüncələrinə, təcrübələrinə, ixtiralarına və fəaliyyətlərinə bütün insanlığın ehtiyacı vardır.
Tomas Karlayl adlı ingilis tarixçisi isə bu barədə belə deyir:
- Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur.
Bu sözdə də incə bir məna var. Həqiqətən böyük insanlar o kəslərdir ki, vəzifə, məqam və var dövlət artdıqca insanlarla rəftarında heç nə dəyişmir, səmimiyyətləri aradan getmir. Mən özüm şəxsən elə insanlar tanıyırdım ki, onlardan biri adi bir tələbə olduğu vaxt ünsiyyətdə çox səmimi biri idi, daim facebookda mövzulara fikir bildirər və istiqanlı görsənərdi. Amma elə ki, çalışdığı orqanda biraz vəzifəsi artdı, diplomdan, sertifkatdan aldı və bununla da mənim kimi adi insanları unutdu. Artıq özünü elit səviyyə sahibi hesab etdi və ünsiyyət dairəsi yalnız yüksək "səviyyəli" gənclər oldu.
Biz burada böyüklüyün meyarlarını müəyyən etdiyimiz zaman gərək diqqətli olaq. Böyük insan - bu insan hər hansı vəzifə sahibi, var dövlət sahibi və məşhur olada, olmayada bilər. Yəni bunlar böyük insan üçün meyar sayılmazlar. Böyük insanların əsas xüsusiyyətlərini Lui Paster adlı fransız alimi gözəl açıqlayıb. O deyib ki, "böyük insanların dahiliyi onların cəmiyyətə xidməti ilə bağlıdır". Yəni böyük insan o kəsdir ki, cəmiyyətə, insanlığa xidmət etmiş olsun, bəşərin səadəti üçün çalışmış olsun.
Maraqlı məqam burada budur ki, böyük insanlarda özünə məxsus xüsusi xarizma olur. İnsan bu cür insanlarla ünsiyyətdən, əlaqədən, münasibətdən doymur, yorulmur, bezmir. Fransa ədəbi tənqidçisi Marsel Sesiro bu barədə uyğun bir söz deyib. O bildirib ki, "böyük insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar". Məncə heç də səhv söz deyil. Adətən böyük ruhiyyəyə və qəlbə sahib olan insanları hətda onların düşmənləri belə sevir.
Böyük insanlar adi insanlar kimi ömürə, illərə, aylara, günlərə sığan insanlar deyillər. Onların dəyəri yaşadığı ömürün illəri ilə deyil, əməlləri ilə ölçülür - deyirdi fransız dramaturqu Riçard Şeridan.
Böyük insanların əsas xüsusiyyətlərindən biri də budur ki, onlar heç zaman insanların inamını qırmazlar, dəstək üçün maddi və fiziki gücləri çatmasa da belə ən azından dəyərli məsləhətləri və ümidverici sözləri ilə insana stimul verib, onu qələbəyə, uğura doğru ruhlandıracaqlar.
Böyük insanlar barədə çox sözlər deyilib. Amma onların içində Roman Rollanın dediyi söz isə mənim daha çox xoşuma gəlib. Dahi fransız yazıçısı deyib ki, "həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür". Bu fikir yuxarıda işlətdiyimiz fikri bir daha təsdiq edir. Böyük insanlar öz mənafelərini və qazanclarını bəşəriyyətin mənafeyinə fəda etməyə hazır olan insanlardır.
Böyük insanların əsas xüsusiyyətlərindən birini də qədim Çin mütəfəkkiri Konfutsi belə açıqlayır ki, "böyük insanlar az danışar, çox işləyərlər"
Konfutsinin bu sözündə böyük bir həqiqət gizlənir. Çünkü adətən kiçik insanlar əllərindən bir iş gəlmədikləri üçün, dillərinə güc verərlər və əməli boşluğu, mənasız nitqləri ilə doldurmağa çalışarlar. Həqiqətən də bu gündə cəmiyyətin boş-boş danışan siyasi, ictimai xadimlərə deyil, cəmiyyət üçün ciddi iş görənlərə ehtiyacı var.
Böyük insanlar heç də hər zaman rahatlıqda, əmin-amanlıqda yaşayan insanlar olmur. Onların əksəri daim qüdrət əlində olan zalım qüvvələrlə ya açıq şəkildə ya gizli formada döyüşdükləri üçün narahatlıqla, çətinliklə və təhlükə ilə dolu bir həyat sürürlər. Dahi rus yazıçısı Fyodor Dostoyevski bu barədə belə fikir bildiri ki, "böyük insanlar bu dünyada bütün iztirabları çəkmək məcburiyyətindədirlər."
Böyük insanlar dünyada zülmə məruz qalan bir körpənin ağrısını sanki öz canlarında hiss edirlər və kimliyindən aslı olmayaraq bütün bəşəriyyətin dərdin öz qəlblərində gəzdirməyə çalışırlar. Tökülən hər bir göz yaşı, hər bir qan onları narahat edir və qəlblərini ağradır.
Türk yazarı Muhəmməd Bozdağın bu barədə çox dəyərli fikri var:
- Böyük olmaq istəyirsizsə o zaman dağları belinizdə daşımağa hazır olmalısız.
Təbii ki bu ifadə məcazi mənada işlədilmiş ifadədir. Yəni böyük insanlar dağlar əzəmətində ağır dərdləri öz qəlblərində daşımağa hazır olanlardır.
Böyük insanlar öz hisslərinə, emosiyalarına, həyəcanlarına sahib çıxmağı bacaran insanlardır. Onlar hisslər tərəfindən deyil, sağlam ağıl tərəfindən idarə olunarlar. Onları kimsə təsir altına salıb, köləyə çevirə bilməz və heç zaman heç bir əqidəyə kor-koranə şəkildə təslim olmazlar. İngilis yazarı Daniel Defo bunu qısa şəkildə belə izah edir:
- Həqiqi böyüklük özünə hakim olmaqdır.
Və sonda... Həqiqi böyük insanlar yetişdirən məktəb və əqidə olan İslam dinində böyük insanların xüsusiyyətləri barədə çox dəqiq və incə ifadələr işlədilmişdir. Bu ifadələrin əksərində "böyük insan" ifadəsi işlənməsədə, onun əvəzinə "mömin", "müttəqi", "səbr edənlər", "müxlislər" və sairə gözəl ifadələr işlədilmişdir.
Mən bütün bəşəriyyətə hidayət kitabı kimi göndərilən Qurani-Kərimdən bir ayəni seçmişəm və onu məncə böyük insanların ən gözəl şüarı etmək olar. Bu ayə böyük insanların düsturudur və böyük insanları tanımağa ən gözəl meyardır.
Allah İnsan surəsi 8-9-cu ayələrdə belə buyurur:
"Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik."
Böyük insan olmaq üçün bu ayə barəsində ətraflı düşünmək lazımdır və onuda xatırladım ki, bu ayə bir mənalı formada İmam Əli (ə) və Həzrəti Fatimə (ə) barədə nazil olan ayədir.
Əziz müsəlman bacı və qardaşlarım...!!!
Ən böyük insanlıq nümunələri bizdə olduğu halda, heç rəvamıdır ki, özümüzə özgə qapılarda nümunə axtaraq?
Mənsurov Bəşir
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.