Orucun hökmləri barədə.
- 26 may 2018
- Bölmə: Şəriət qanunları
- Baxış: 2 692
- Şərhlər: 0
- Müəllif: imameli.az
Orucun hökmləri barədə.
Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə, oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu həb orucu batil edir...
Mübarək ramazan ayının gəlişi münasibətilə Cənab Rəhbər Ayətullah Xameneinin informasiya mərkəzi orucla bağlı hökmləri xülasə şəkildə nəşr edib. Bu məcmuədə Cənab Rəhbərə ünvanlanmış son sualların cavabları da yer alıb. Cənab Rəhbərin istiftaat dəftəri, katibliyi bu risalə məcmuəsinin mötəbərliyini təsdiqləyib.
1. Orucun mənası
Oruc (mübarək ramazan ayında xüsusi ayin) müqəddəs İslam şəriətində insanın fəcr tülusundan günəşin qürubuna qədər Allaha itaət məqsədi ilə yemək-içməkdən və şəriətdə nəzərdə tutulmuş bəzi işlərdən çəkinməsidir.
2. Orucun növləri
Oruc bir baxımdan dörd qismə bölünür: mübarək ramazan ayının orucu kimi vacib oruclar; rəcəb və şəban ayının orucları kimi müstəhəb oruclar; Aşura gününün orucu kimi məkruh, kərahətli, bəyənilməyən oruclar; fitr və qurban bayramlarındakı oruc kimi haram oruclar.
3. Vacib oruclar: mübarək ramazan ayının orucu; qəza orucu; kəffarə orucu; ata-ananın qəza orucu; nəzir, əhd, andla vacib olan müstəhəb oruclar; etikaf günlərində üçüncü günün orucu; təməttö həccində qurban əvəzində tutulan oruc.
4. Orucu vacib edən şərtlər: büluğ, yetkinlik yaşına çatmaq; ağıllı olmaq; qüdrət, güc; huşsuz olmamaq; müsafir olmamaq; qadınların heyz və nifas halında olmaması; orucun insana zərərli olmaması; orucun məşəqqətli olmaması.
5. Orucun düzgünlük şərtləri: İslamda olmaq, imanlı olmaq, ağıllı olmaq, huşsuz olmamaq, səfərdə olmamaq, heyz və nifas halında olmamaq, orucun zərərli olmaması, niyyətin olması, yemək-içməyin tərki, insanın qəza orucuna malik olmaması (qəza orucu olan müstəhəb oruc tuta bilməz)
6. Orucun niyyəti
- Niyyətin mənası və zəruriliyi
Oruc da digər ibadətlər kimi niyyətlə həyata keçirilməlidir. İnsan Allahın göstərişi əsasında orucu batil edən işlərdən çəkinməlidir. Əgər belə bir fikirlə oruc tutubsa bu bəs edir, niyyəti dilə gətirməsi vacib deyil.
- Niyyət vaxtı
Müstəhəb oruclarda niyyətin vaxtı gecənin başlanğıcından qüruba niyyət həddində vaxt qalana qədərdir.
Vacib oruc
-Ramazan orucu kimi müəyyən vacib oruclar
Fəcr tülusundan öncə niyyət etmək düzgündür. Gün batmamışdan öncə bilərəkdən niyyət etmək düzgün deyil.
Unutqanlıq və ya məlumatsızlıq səbəbindən niyyət etmədikdə vacib ehtiyata əsasən oruc niyyət edib oruc tutur, sonradan həmin orucun qəzasını yerinə yetirir.
Qürubdan sonra niyyər etmək kafi deyil.
- Ramazan ayının qəza orucu kimi vacibliliyi qeyri-müəyyən olan oruclarda qürubdan öncəyə qədər niyyət etmək düzgündür. Qürubdan sonra niyyət etmək olmaz.
1. Oruc fəcr vaxtından başladığı üçün elə həmin vaxt niyyət edilməlidir. Yaxşı olar ki, fəcr başlamamış oruc niyyəti edilsin.
2. Əgər gecənin başlanğıcında niyyət edilsə və sabah oruc tutulsa, yatıb sübh azanından sonra oyansa ya da başı bir işə qatışdığından sübhün açılmasından xəbərsiz qalsa, sonradan bunu bildikdə orucu düzgündür.
3. Ramazan ayında sübh azanı başlayan vaxt bilərəkdən niyyət etməyib gün başlayandan sonra oruc niyyəti etsə orucu batildir. Eyni zamanda qüruba qədər orucu batil edən şeylərdən çəkinməlidir, ramazan ayından sonra həmin günün orucunun qəzasını tutumalıdır.
4. Ramazan ayında bir şəxs unutqanlıq və ya məlumatsızlıqdan oruc niyyəti etməsə, gün uzunu bunu başa düşsə əgər orucu batil edən bir iş görübsə, həmin gün orucu batildir, amma qüruba qədər orucu batil edən işlərdən çəkinməlidir. Amma oruc olduğunu başa düşdüyü vaxta qədər orucu batil edən bir iş görməyibsə, günortadan sonradırsa orucu batildir, günortadan qabaqdırsa vacib ehtiyata əsasən oruc niyyət edib orucunu tutmalıdır, sonradan həmin günün orucunun qəzasını yerinə yetirməlidir.
5. Ramazan ayından qeyri vaxtın vacib orucu üçün, məsələn kəffarə və ya qəza orucu üçün günortaya qədər niyyət etməsə, həmin vaxta qədər orucu batil edən iş görməyibsə niyyət edə bilər, orucu düzgündür.
6. İnsan günün istənilən bir vaxtında əgər həmin vaxta qədər orucu batil edən bir iş görməyibsə müstəhəb oruc niyyət edə bilər və orucu düzgündür.
7. Bir şəxsə ramazan ayının qəza orucu vacibsə, müstəhəb oruc niyyəti ilə oruc tuta bilməz. Hətta vacib oruc niyyətinin vaxtı başa çatıbsa, yəni günorta keçibsə müstəhəb oruc niyyət etsə düzgün deyil. Əgər unutqanlıqdan müstəhəb oruc tutsa gün uzunu, istər günortadan qabaq, istər sonra, yadına düşdüyü vaxt müstəhəb orucu batildir. Amma günortadan qabaqdırsa ramazan ayının qəza orucunu niyyət etsə orucu düzgün olar.
8. Əgər xəstə ramazan ayı gündüz vaxtı sağalsa, onun niyyət edib oruc tutması vacib deyil. Əgər günortadan qabaq sağalıbsa və həmin vaxta qədər orucu pozan bir iş görməyibsə, müstəhəb ehtiyata əsasən niyyət edib oruc tutsun, ramazan ayından sonra bu orucun qəzasını yerinə yetirər.
Yəvmuş-şəkk, yəni şəkk günü niyyət
Bəzən insan şəkk edir ki, şəban ayının son günüdür, yoxsa ramazan ayının ilk günü? Bu yəvmüş-şəkk adlanır. Həmin gün oruc tutması vacib deyil. Əgər oruc tutsa ramazan ayının orucunu niyyət edə bilməz. Şəban ayının axır günü müstəhəb oruc niyyəti və ya ramazan ayının qəza orucu niyyəti ilə oruc tuta bilər. Sonradan bilinsə ki, ramazan ayı imiş bu oruc ramazan ayına hesablanar və onun qəzası yoxdur. Əgər gündüz vaxtı bilsə ki, ramazan ayıdır, həmin an ramazan ayının orucunu niyyət etməlidir.
Niyyətdə davamlılıq
1. Orucda niyyətin davamlı olması vacibdir;
2. Niyyətdə davamlılığı pozan hallar:
- Əgər bir şəxs niyyətini kəssə, yəni gündüz vaxtı oruc tutmaq niyyətindən daşınsa, orucu davam etdirmək istəməsə orucu batildir. Onun növbəti dəfə, ikinci dəfə oruc niyyət etməsi faydasızdır. Amma gün batana qədər orucu batil edən işlərdən çəkinməlidir.
- Orucu sona qədər tutub-tutmayacağında tərəddüdlü insan. Yəni bir şəxs qəti qərara gəlməyib ki, orucunu pozsun.
- Qəti niyyət. İnsan qərara gəlir ki, orucu batil edən heç bir iş görməsin. Orucun davamında tərəddüd olanda və qəti niyyət halında vacib ehtiyat budur ki, insan orucunu tamamlasın, sonradan onun qəzasını yerinə yetirsin.
7. Orucu pozan işlər: yemək-içmək, cinsi yaxınlıq, istimna, yəni özündən məni xaric etmək, Allah, peyğəmbər, vacib ehtiyata əsasən məsumların adından yalan danışmaq, qatı tozun boğaza çatması (vacib ehtiyata əsasən), vacib ehtiyata əsasən başı tam suya salmaq, cənabət, heyz, nifas halında sübh azanına qədər qalmaq, maye ilə imalə etmək, bilərəkdən qusmaq.
Yemək və içmək
1. İnsan bilərəkdən, agahlıqla bir şey yesə və ya içsə onun orucu batil olar. Onun yediyi və ya içdiyi şeyin yeməli və ya içməli olması şərt deyil. Məsələn yeməli olmayan kağız parçası da yesə orucu batildir.
2. İnsan dişlərinin arasında qalmış bir şeyi oruc olduğu zaman bilərəkdən udsa orucu batildir. Amma dişlərinin arasında bir şey qaldığını bilmirsə, həmin şeyin boğazına çatacağını ehtimal etmirsə bilməyərəkdən udsa orucu batil olmaz.
3. İnsan bilmədən bir şey yesə və ya içsə orucu batil olmaz. Onun vacib və ya müstəhəb oruc tutması şərt deyil.
4. Ağız suyunu udmaq orucu batil etmir.
5. Vacib ehtiyat budur ki, oruc tutan şəxs gücləndirici ampulların ineksiyasından (iynə vurdurmaqdan) çəkinsin. Eyni zamanda su köçürməkdən çəkinsin. Amma əzələyə vurulan, keyləşdirici iynənin, yaraya, cərrahiyyə yerinə dərman qoymağın eybi yoxdur.
6. Vacib ehtiyat budur ki, oruc tutan şəxs burun yolu və dilin altı ilə qəbul olunan narkotik maddələrdən çəkinsin.
7. Əgər yemək yediyi zaman başa düşsə ki, artıq sübh olub, ağzındakı tikəni çıxarmalıdır. Əgər bilərəkdən həmin tikəni udsa orucu batildir. (bilərəkdən orucu pozan şəxsin vəzifəsi barədə danışacağıq)
8. Baş və sinədən gələn bəlğəm, qatı maye nə qədər ki ağıza çatmayıb orucu batil etməz. Amma ağıza daxil olsa vacib ehtiyat budur ki, tüpürülsün.
9. Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu dərman orucu batil edir. Müalicə məqsədi ilə həb atmaq da yemək sayılır.
10. Damağdan gələn qan nə qədər ki udulmayıb orucu batil etməz. Əgər ağız suyuna qarışıb itsə onu udmağın eybi yoxdur. Ağız suyuna qarışıb itmiş qanı udmaq orucu batil etməz. Əgər insan şəkk edirsə ki, ağzındakı su qana qatışıb, yoxsa yox, onu udmağın eybi yoxdur, oruc pozulmur.
Cima, yəni cinsi yaxınlıq
1. Cinsi yaxınlıq orucu batil edir. Yaxınlıq zamanı məninin, spermanın xaric olub-olmaması şərt deyil.
2. Bir şəxs oruc olduğunu yaddan çıxarıb cinsi yaxınlıq edərsə orucu batil olmaz. Amma oruc olduğunu xatırlayan kimi dərhal əlaqəni dayandırmalıdır, yoxsa orucu batil olar.
İstimna (cinsi baxımdan özünü təmin etmək)
1. Oruc tutan şəxs bilərəkdən bir iş görsə ki, ondan sperma xaric olsun, orucu batildir.
2. Gündüz vaxtı (yatanda spermanın xaric olması) möhtəlim olmaq orucu batil etmir. Amma oruc tutan şəxs bilsə ki, gündüz yatsa möhtəlim olacaq, yuxudan çəkinməsi lazım deyil.
3. Oruc tutan şəxs ondan sperma ayrılan zaman yuxudan oyansa bunun qarşısını alması vacib deyil.
Allah, Peyğəmbər (s) və imamların adından yalan danışmaq
1. Allah, peyğəmbərlər və məsumların adından yalan danışmaq vacib ehtiyata əsasən orucu batil edir. Hətta tövbə edib yalan danışdığını desə də bu qüvvədə qalır.
2. Bir kitabda rəvayətlər nəql olunub, insan bu rəvayətin düzgün və ya yalan olduğunu bilmir. Bu halda müstəhəb ehtiyat budur ki, həmin rəvayəti kitabın adını çəkməklə nəql etsin. Məsələn desin ki, filan kitabda filan rəvayət yazılıb.
Qatı tozun boğaza çatması
1. Oruc tutan şəxs vacib ehtiyata əsasən yeri süpürməkdən qalxan toz kimi qatı tozun boğaza çatmasından çəkinməlidir. Qatı toz ağız və buruna daxil olsa da boğaza çatmayıbsa orucu batil etməz. Vacib ehtiyata əsasən siqaret tüstüsü kimi tüstülər də orucu batil edir.
2. Əgər oruc tutan şəxs təngənəfəslikdən əziyyət çəkirsə, sıxılmış hava və tozdan ibarət dərmandan istifadə etsə, bu dərmanın boğaza çatması orucu batil etmir.
Başı suya batırmaq
1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batildir və bu orucun qəzasını yerinə yetirməlidir.
2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, təkcə başın suya batması orucu batil edir.
3. Başın bir hissəsini suya batırıb çıxarıb, sonra o biri hissəsini batırıb çıxarsa oruc batil olmaz.
4. Əgər başı suya batırsa, amma tüklərindən bir hissəsi sudan bayırda qalsa oruc batil olmaz.
5. İnsan şübhə etsə ki, başı tam suya batıb yoxsa batmayıb, orucu düzgündür.
6. Əgər oruc tutan şəxs bilmədən suya düşsə və başı tam suya batsa, orucu batil olmaz. Amma dərhal başını sudan çıxarmalıdır. Əgər yaddan çıxarsa ki, orucdur və başını suya batırsa, orucu batil olmaz. Amma oruc olduğunu xatırlayan kimi dərhal başını sudan çıxarmalıdır.
7. Bir şəxs üzgüçülük libası geyinsə, suya girəndə bədəni islanmasa, bu libas başına möhkəm yapışsa, orucunun düzgünlüyü iradlıdır, vacib ehtiyata əsasən bu orucun qəzasını yerinə yetirməlidir.
8. Qabdan başa su tökmək orucu pozmur.
Cənabət, heyz və nifas halında sübh azanına qədər qalmaq
1. Bir şəxs ramazan gecəsi cünub olsa (boynuna cənabət qüslü gəlsə) sübh azanından qabaq qüsl verməlidir. Bilərəkdən qüsl verməsə orucu batildir. Bu hökm ramazan orucunun qəzasına da aiddir.
2. Cənabətli şəxs ramazan ayı günlərində qüsl verməyi fəcr tülusuna qədər yaddan çıxarsa, cünub halda səhəri açsa orucu batildir. Vacib ehtiyata əsasən ramazan ayının orucunun qəzası da boynuna gəlir. Amma başqa oruclarda bu vəziyyətdə oruc batil olmur.
3. Bir şəxs cünub olmağın orucu batil etdiyini bilmədiyindən bir neçə gün bu halda oruc tutsa tutduğu oruclar batildir, onların qəzasını yerinə yetirməlidr.
4. Əgər bir şəxs mübarək ramazan ayında murdar su ilə qüsl versə, bir neçə gün sonra həmin suyun murdar olduğunu bilsə, tutduğu oruclar düzgündür.
5. Bir şəxs ramazan ayında gecə qüsl verməyə vəzifəlidirsə, vaxt dar olduğundan və ya su ona zərər etdiyindən qüsl verə bilməsə qüsl əvəzinə təyəmmüm etməlidir.
6. Oruc halda yuxuda cünub olsa, orucu pozulmaz. Sübh azanından qabaq və ya sonra yatsa, yuxuda cünub olsa, azandan sonra oyansa, orucu düzgündür. Vacibdir ki, namaz üçün qüsl versin, namaza qədər qüsulü təxirə sala bilər.
7. Bir şəxs oyaq halda cünub olsa, ya yuxuda cünub olduqdan sonra oyansa, yatsa sübh azanına qədər oyanıb qüsl üçün oyana bilməyəcəyini bilsə, qüsl verməmişdən qabaq yata bilməz. Əgər yatsa, azandan qabaq oyanıb qüsl verə bilməsə orucu batildir. Amma ehtimal versə ki, sübh azanından qabaq oyanıb qüsl verə biləcək, amma oyana bilməsə, orucu düzgündür. Amma ikinci dəfə yatıb sübhə qədər oyana bilməsə həmin günün orucunun qəzasını tutması vacibdir.
8. Əgər qadın aylıq adətdən pak olubsa qüsl verməlidir. Nifasdan, doğuş qanından paklanan qadına da qüsl vermək vacibdir. Əgər sübh azanına qədər ramazan ayında qüsulü təxirə salsa orucu batildir.
9. Oruc tutmuş qadın gündüz vaxtı özündə heyz və ya nifas qanı görsə orucu batil olar. Qüruba az qalsa da orucu batildir.
Maye ilə imalə etmək
1. Hətta çarəsizlikdən, müalicə məqsədi ilə axıcı mayelərlə imalə etmək orucu batil edir.
2. Qadın xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş yağlı şamlar kimi dərmanlar bədənə daxil edilərsə onların istifadəsi orucu pozmur.
Bilərəkdən qusmaq
1. Əgər oruc tutan şəxs bilərəkdən qussa, xəstəlik və bu kimi səbəblərdən qusmağa məcbur olsa, orucu batildir. Amma bilmədən, ixtiyarsız olaraq qussa, bu orucu batil etməz.
2. Gəyirmək nəticəsində ağzına bir şey gəlsə gərək onu ağzından çıxarsın. Bilmədən udarsa, orucu düzgündür.
Orucu batil edən şeylər haqqında bir neçə nöqtə
Əgər oruc tutan şəxs bilərəkdən, ixtiyari şəkildə orucu batil edən bir iş görsə orucu batil olar. Əgər bu iş bilməyərəkdən görülsə, məsələn ayağı sürüşüb suya düşsə və başı suya batsa, oruc olduğunu yaddan çıxardığı üçün bir şey yesə, və ya zorla onun boğazına bir şey töksələr, orucu batil olmaz. Bu hallarda vacib orucla müstəhəb oruc arasında, ramazan orucu ilə başqa oruclar arasında fərq yoxdur.
8. Ramazan ayında orucu bilərəkdən pozmağın kəffarəsi
1. Kəffarə halları
- Əgər ramazan ayında insan bilərəkdən, ixtiyari şəkildə orucu batil edən iş görsə və heç bir şəri üzrü olmasa, orucu batil olmaqla yanaşı həm onun qəzasını yerinə yetirir, həm də ona kəffarə vermək vacib olur. Orucunu pozarkən kəffarənin vacibliyini bilib-bilməməsinin fərqi yoxdur.
- Əgər oruc tutan şəxsin daxilindən ağzına bir şey qayıtsa onu təkrar udmamalıdır. Əgər bilərəkdən udsa həm qəza vacibdir, həm də kəffarə.
- Oruc tutan şəxs etimad olmayan bir şəxsin məğrib olması ilə bağlı xəbəri əsasında iftar etsə, sonra bilsə ki, məğrib olmayıb, qəza və kəffarə ona vacibdir.
- Oruc tutmuş şəxs ramazan ayında oruc həyat yoldaşı ilə cinsi əlaqədə olsa, qadın da buna razılıq versə, hər ikisi orucu bilərəkdən pozmuş sayılır, qəzadan əlavə hər ikisinə kəffarə vacibdir.
2. Kəffarənin miqdarı
- Ramazan ayında orucu bilərəkdən pozmağın kəffarəsi İslam şəriətində üç növdur:
- Bir qul azad etmək
- İki ay (60 gün) oruc tutmaq
- 60 yoxsula qida vermək.
- Ramazan ayı orucunun kəffarəsi olaraq iki ay oruc tutmaq istəyən şəxs bu iki aydan bir ayını və o biri aydan ən azı bir gününü ardıcıl tutmalıdır. Qalan günləri ardıcıl tutmasa da olar.
- 60 gün kəffarə orucu tutmaq istəyən qadın həmin günlər arasında aylıq adət keçirsə (heyz olsa), həmin günlər başa çatandan sonra kəffarə orucunu əvvəldən tutması lazım deyil, əvvəlcə tutduqlarını davam etdirəcək.
- 60 fəqiri iki şəkildə doyurmaq olar:
- Onlara hazır qida verməklə doyurmaq
- Hər birinə bir müdd, yəni 750 q ya buğda, ya arpa, ya çörək, ya düyü ya bu kimi şeylər vermək.
- Kəffarə olaraq 60 fəqirə qida vermək istəyən şəxs 60 fəqir tapa bilməsə iki və ya daha artıq yoxsulun payını bir nəfərə verə bilər-bilməz. Onu kəffarə olaraq 60 nəfərə qida verməsi vacibdir. O edə bilər ki, yoxsul şəxsin ailə üzvləri sayını nəzərə alıb onların payını fəqir şəxsə versin. O da ailə üzvlərinə çatdırsın.
3. Kəffarənin hökmləri
- Əgər oruc şəxs bir gündə orucu pozan işi bir neçə dəfə təkrarlasa ona bir kəffarə vacib olur. Amma orucu cinsi əlaqə və ya istimna ilə pozsa, vacib ehtiyata əsasən hər dəfə üçün kəffarə verməlidir.
- Bir şəxs bilərəkdən orucunu pozsa, və sonra səfərə çıxsa, kəffarə üzərindən götürülmür. Əgər cənabət halında yuxudan oyansa və cünub olduğunu bilsə, fəcrdən öncə qüsl və ya təyəmmüm etməlidir. Əgər orucdan boyun qaçırmaq üçün fəcrdən sonra səfərə çıxmaq istəsə və bu iş görsə gecə səfər niyyət edib, gündüz səfərə çıxması kəffarəni onun üzərindən götürmür.
- Kəffarə verməsi vacib olan şəxsin bu işi dərhal görməsi vacib deyil. Amma bu işi o qədər təxirə salmamalıdır ki, vacibin yerinə yetirilməsində səhlənkarlıq sayılmış olsun.
- Vacib işin kəffarəsini bir neçə il yubatsa kəffarə artmaz.
- Orucun kəffarəsində qəzanın və ya kəffarənin əvvəl olması, ardıcıllıq şərt deyil.
9. Ramazan ayı orucunun qəzasını pozmağın kəffarəsi
- Kəffarənin vacib olduğu hallar; Ramazan orucunun qəzasını tutmuş şəxs günortadan sonra orucu poza bilməz. Bu işi bilərəkdən görsə kəffarə verməlidir.
- Kəffarənin miqdarı; Ramazan ayı orucunun qəzasını pozmağın kəffarəsi 10 fəqiri doydurmaqdır. Əgər bu işi görə bilməsə vacib ehtiyata əsasən üç gün ardıcıl oruc tutmalıdır.
10. Təxirin kəffarəsi
- Kəffarənin vacibliyi; Ramazan ayının orucunu üzürlü səbəbdən tutmayan gələn ramazana qədər səhlənkarlıqdan, heç bir üzrü olmadan onun qəzasını tutmasa sonra qəzasını yerinə yetirməli, hər gün təxir üçün kəffarə verməlidir. Amma ramazan ayı orucunun qəzasını üzürlü səbəbdən tutmayıbsa, məsələn müsafirət səbəbindən növbəti ramazana qədər qəzaları təxirə salıbsa, bu qəzaları tutması bəs edir, kəffarə vacib deyil. Müstəhəb ehtiyata əsasən qəza və kəffarə yerinə yetirsin. Xəstəliklə bağlı xüsusi bir izahat veriləcək.
- Kəffarənin miqdarı; Ramazan ayının orucunun qəzasını təxirə salmağın kəffarəsi yoxsula bir müdd təam verməkdir.
11. Fidyə
Fidyə nə zaman verilir? Yaşa dolduğundan oruc tutması çətin olan kişi və qadınlar fidyə verir; istisqa xəstəliyinə tutulan, yəni çoxlu susuzluq keçirən insanlar üçün oruc məşəqqətli olduğundan fidyə verirlər; hamiləliyin son dövrünü yaşayan qadın üçün oruc zərərlidirsə fidyə verir; körpəyə süd verən qadının südü azdırsa, orucu süd verəcəyi uşağa zərərlidirsə, fidyə verir; orucun zərərli olduğu xəstə növbəti ramazan ayına qədər sağalmazsa, xəstəliyi davam edərsə fidyə verər.
- Hamilə qadın bətnindəki körpəyə orucun zərərli olacağından qorxarsa, və qorxusu ağıla əsaslanarsa, orucunu açmalıdır. O da oruc tutmadığı hər günə görə fidyə verməlidir. Sonradan həmin orucun qəzasını yerinə yetirər.
Südü az olan və ya südü çəkilən qadın qorxsa ki, oruc tutması uşağa zərərli olacaq, orucunu yeyər, hər gün üçün fidyə verər. Sonradan orucunun qəzasını yerinə yetirər.
- Xəstəlik səbəbindən ramazan ayı oruc tuta bilməyən şəxsin xəstəliyi növbəti ramazan ayına qədər davam etsə tutmadığı orucların qəzası vacib olmaz. Amma hər günə görə fidyə verməlidir.
Fidyənin miqdarı
Fidyənin miqdarı təxirin kəffarəsi qədərdir. Yəni fəqirə bir müdd təam verilməlidir. Bir şəxs nəzir etsə ki, müəyyən gündə oruc tutacaq, həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu batil etsə, kəffarə verməlidir.
12. Qəzanın vacib olduğu məqamlar, kəffarənin vacib olmadığı məqamlar
- Bir şəxs ramazan ayında oruc niyyəti etməsə, və ya riya ilə oruc tutsa, amma oruc pozan bir iş görməsə həmin günün orucu ona vacibdir, kəffarə vacib deyil.(1)
- Bir şəxs ramazan ayında cənabət qüsulunu yaddan çıxarsa, bu halda bir neçə gün oruc tutsa, oruclarının qəzası ona vacibdir. (2)
- Ramazan ayı sübh azanından qabaq bir şəxs sübh olub-olmadığını araşdırmadan orucu pozan iş görsə, sonradan aydın olsa ki, həmin vaxt sübh olubmuş, həmin günün qəzasını yerinə yetirməlidir. Amma araşdırdıqda aydın olsa ki, sübh olmayıb və bir şey yesə, sonradan məlum olsa ki sübh olub, həmin günün qəzası ona vacib deyil. (3)
- Əgər ramazan ayı günü hava qaranlıq olduğundan əmin olsa ki, qürub olub, ya verəcəyi xəbər şərən dəlil olan kimlərsə desələr məğrib olub və o iftar etsə, sonradan məğrib olmadığı aydınlaşsa həmin günün qəzasını yerinə yetirməlidir. (4)
- Hava buludlu olduğundan fikirləşsə ki, məğrib olub və iftar etsə, sonradan aydınlaşsa ki, məğlib olmayıb, həmin günün qəzası ona vacib deyil. (5)
- Ramazan ayı səhər fəcr tülusuna yəqinliyi olmayan şəxs orucu batil edən işləri görə bilər. Amma sonradan məlum olsa ki, həmin vaxt sübh olubmuş, bu şəxsin hökmü 3-cü bənddə deyilib. (6)
- Ramazan ayı günü nə qədər ki qürubun olmasına əminlik yoxdur iftar etmək olmaz. Əgər əmin olub iftar etsə, sonra bilinsə ki, qürub olmayıb hökmü 4-5-ci bəndlərdəki kimidir. (7)
- Oruc tutan şəxs dəstəmaz alarkən müstəhəb olaraq ağzına bir qədər su alsa, ağzını yaxalasa, bilmədən sudan udsa orucu düzgündür, qəza ona vacib deyil. Amma dəstəmazda müstəhəb iş kimi yox, sadəcə sərinlənmək və ya başqa məqsədlə ağzına su alsa və bilmədən udsa həmin günün qəzasını yerinə yetirməlidir. (8)
13. Orucun qəzasının hökmləri
- Bir şəxs bir neçə gün huşsuz vəziyyətdə olsa və vacib orucları ötürsə həmin günlərin qəzasını tutması vacib deyil.
- Bir şəxs məst olduğundan orucları ötürsə məstlikdən oruc niyyəti etməmiş şəxs kimidir. Bütün günü oruc pozan işlərdən çəkinsə də, ötürdüyü günlərin orucunun qəzasını tutması vacibdir.
- Bir şəxs oruc niyyət etdikdən sonra məst olsa, bütöv günü və ya günün bir hissəsini məstlikdə keçirsə, vacib ehtiyata əsasən orucunun qəzasını yerinə yetirməlidir. Xüsusi ilə məstlik ağılı əldən alacaq qədər güclü olsa.
- Aylıq adət (heyz) və ya doğuş səbəbindən ramazan ayının orucunu tutmayan qadın ramazandan sonra onun qəzasının yerinə yetirməlidir.
- Bir şəxs ramazan ayı bir neçə gün üzürlü səbəbdən oruc tutmasa, həmin günlərin sayını bilməsə, ehtimal etdiyi aşağı sayda günlər qədər qəza yerinə yetirməlidir. Məsələn, altı ya beş gün oruc tutmadığını bilməsə beş gün qəza tutsa bəs edər. Amma səfər kimi bir işin nə zaman başladığını bilsə, amma hansı gün qayıtdığını dəqiq bilməsə, ehtimal etdiyi günlərdən çoxunu nəzərdə tutaraq qəzaları yerinə yetirməlidir.
- Əgər bir neçə ramazan ayının qəzası üzərində olsa, istədiyi ayın qəzasını yerinə yetirə bilər. Amma son ramazan ayının qəzalarının vaxtı az olsa, məsələn beş gün qəzası var və növbəti ramazana beş gün qalıb, həmin ramazan ayının qəzasını yerinə yetirməyi vacib ehtiyatdır.
- Ramazan ayı orucunun qəzasını tutmuş şəxs günortaya qədər orucunu aça bilər. Bir şərtlə ki, qəzaları yerinə yetirmək üçün vaxt dar olmasın. Amma günortadan sonra orucunu poza bilməz. Xəstəlik səbəbindən ramazan ayının orcunu tutmasa, xəstəliyi növbəti ramazana qədər uzansa, oruc tutmadığı günlərin qəzası vacib deyil. Amma səfər kimi başqa bir səbəbdən oruc tutmayıbsa, qəzalarını yerinə yetirməsi vacibdir. Eləcə də, xəstəlik səbəbindən oruc tutmayıbsa sağalandan sonra başqa bir üzür qarşıya çıxıbsa həmin günlərin qəzasını yerinə yetirməlidir.
Zəiflik, oruc tutmağa iqtidarı olmaması onun qəzalarını insanın üzərindən götürmür. Büluğ həddinə çatmış qız fiziki baxımdan zəifdirsə və oruc tuta bilmirsə, gələn ramazan ayına qədər də qəzaları yerinə yetirə bilməsə, ötürdüyü bütün orucların qəzasını yerinə yetirməlidir. Bir şəxs neçə illər oruc tutmayıbsa indi tövbə edib dinə qayıdırsa, ötürdüyü bütün orucların qəzasını yerinə yetirməlidir. Bunu edə bilməsə, həmin günlərin qəzası onun üzərindən götürülməz.
14. Ata-ananın qəza orucunun hökmləri
- Ata və vacib ehtiyata əsasən ana səfərdən başqa bir üzrə görə oruclarını tutmayıblarsa, qəzanı tuta biləcəkləri təqdirdə bu işi görməyiblərsə, onlar dünyasını dəyişəndən sonra böyük oğula bu qəzaları yerinə yetirmək və ya qəza oruclarını yerinə yetirilməsi üçün əcir tutmaq vacibdir. Əgər səfər səbəbindən oruc tutmayıblarsa, hətta qəza üçün imkanları olmayıbsa onların qəzası böyük oğula vacibdir.
- Ata və ana bilərəkdən oruc tutmayıblarsa vacib ehtiyata əsasən böyük oğul şəxsən və ya əcir vasitəsi ilə onların orucunun qəzasını yerinə yetirməlidir.
- Ata və ananın qəza namaz və oruclarının yerinə yetirilməsində tərtib vacib deyil, hər birini əvvələ salmaq olar.
15.Müsafirin orucunun hökmləri
- Ramazan ayında səfərə çıxan şəxs nə vaxt namazını yarı qılırsa oruc tuta bilməz. Nə zaman dörd rəkətlik namazı tam qılsa, necə ki, bir yerdə 10 gün qalmağı niyyət etmiş müsafir bu namazı tam qılır, orucunu da yerinə yetirməlidir. (Yalnız istisna hallar ayrıdır)
- Oruc tutmuş şəxs günortadan sonra səfərə çıxsa orucunu başa çatdırmalıdır. Amma günortadan qabaq səfərə çıxsa orucu batildir. Amma tərəxxüs həddinə çatmamış orucunu poza bilməz. Tərəxxüs həddinə çatmamış orucunu pozsa ehtiyata əsasən kəffarə verməsi vacibdir. Bu ramazan ayında orucu bilərəkdən pozmağın kəffarəsidir. Əgər məsələsini bilməyibsə kəffarə yoxdur.
- Əgər müsafir günortadan qabaq vətənə çatarsa və ya elə bir yerə çatarsa ki, 10 gün qalmağı niyyət etsin, əgər orucu pozan bir iş görməyibsə, oruc tutmalıdır. Əgər orucu pozan iş görübsə sonradan qəzasını yerinə yetirməlidir. Amma günortadan sonra çatarsa, oruc tuta bilməz.
- Ramazan ayında oruc tutmamaq məqsədi ilə səfərə çıxmaq icazəli deyil. Yaxşı olar ki, səfərə getməsin. Xeyirli səfər istisnadır.
Məscidul-Həramda etikaf niyyəti olan müsafir Məkkədə 10 gün qalmağı niyyət edərsə və ya nəziri olarsa ki, səfərdə oruc tutsun, ona vacibdir iki gün oruc tutandan sonra üçüncü günün orucu ilə etikafını kamilləşdirir. Amma 10 gün qalmaq məqsədi və ya oruc nəzri olmasa səfərdə bu işi görə bilməz. Onun səfərdə oruc tutması düzgün deyil. Oruc düzgün olmayanda etikaf da düzgün olmur.
16.Ayın əvvəlinin, fitr bayramının təyin olunması yolları:
Mükəlləf şəxsin görməsi;
İki ədalətli şəxsin şəhadəti;
Xibrə əhli arasında ictihadla məşhurun sözü;
30 günün başa çatması;
Şəriət hakiminin hökmü.
- Qəməri ayın başa çatmasının sübutu üçün hilalın görünməsi bəs edir.
- Bir şəhərdə ayın başa çatması sübuta yetibsə, onunla eyni üfüqdə olan şəhərlər üçün bəs edir.
- Nə qədər ki, şəriət hakimi ayın görünməsi hökmünü verməyib, hilalın onun yanında sübutu başqalarının tabeçili üçün bəs etmir. Amma hilalın görünməsinə əminlik yaransa olar.
- Ayın əvvəlində ayın görünməsi, eyni üfuqdə olan şəhərlərdə ayın müşahidəsi, iki adil şəxsin şəhadəti, şəri hakimin hökmü ilə sübuta yetməsə, ehtiyatlı olmaq lazımdır, yeni ayın başlanğıcına əminlik lazımdır.
- Əgər ramazan ayının başlanğıcı sübuta yetməsə, oruc tutmaq vacib deyil. Sonradan sübuta yetsə ki, ötən gün ramazan imiş, tutmadığı orucun qəzasını yerinə yetirməlidir.
- Əgər bir şəxs şəkk edirsə ki, ramazanın sonudur ya şəvvalın əvvəli oruc tutmalıdır. Amma gün uzunu sübuta yetsə ki, şəvval ayıdır, orucu açmalıdır. Qüruba az qalsa belə orucu açmaq lazımdır.
17. Oruc haqqında müxtəlif məsələlər
- Bir şəhərdə əhalinin çoxu ramazan ayında Quran qiraəti və dua üçün sübh mərasimlərində iştirak edirsə, həmin vaxt məscidin səsqaldıranlarından səsin yayılmasının eybi yoxdur. Amma bu səs məscidin qonşularına əziyyət olarsa icazəli deyil.
- Ramazan ayının hər bir günü üçün nəql olunmuş duaları savab niyyəti ilə oxumaq olar.
- Bir şəxs müstəhəb oruc tutsa onu başa çatdırması vacib deyil. İstədiyi vaxt orucunu aça bilər. Əgər bir mömin qardaş onu yeməyə dəvət edərsə müstəhəbdir ki, dəvəti qəbul edib orucunu açsın. Bu halda oruc batil olsa da həmin şəxs savaba çatır.
- Əgər bir şəxs bir şəhərdə qürub olduğu üçün orucunu açsa, sonra elə bir şəhərə getsə ki, hələ orada qürub olmayıb, orucu düzgündür. Bu şəxs həmin şəhərdə qürubdan öncə öz ölkəsində iftar etdiyinə əsasən orucu açmış haldadır.
- Bir şəxs ramazanın əvvəlindən 27-ci günə qədər vətənində oruc tutsa, 28-ci günü bir yerə səfərə çıxsa və 29-cu gün həmin yerə çatsa, görsə ki, orada bayram elan edilib, bayram elanı şərən düzgündürsə bu şəxsə həmin günün qəzasını tutmaq vacib deyil. Amma aydındır ki, o bir oruc gününü itirib. Oruc tutmadığı günə əmin olduğu zaman onun qəzasını yerinə yetirməsi vacibdir.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.