Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmamzadə şah Əbdüləzim

İmamzadə şah Əbdüləzim
0
Mətndə qrammatik səhv var?

İmamzadə Şah Əbdüləzim Həsəninin (ə) həyatına qısa bir baxış.


İmamzadə Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olub, nəsil-nəcabəti dörd vasitə ilə o həzrətə çatır. Atası Abdullah, anası isə Üqbə ibn Qeysin qızı Fatimədir.

O, 173-cü hicri-qəməri ilində Mədinə şəhərində yeddinci imamımız imam Kazimin (ə) imaməti dövründə dünyaya göz açmış və onuncu imamımız imam Hadinin (ə) imaməti dövründə yetmiş doqquz yaşında ikən vəfat etmişdir. Demək, imamzadə Əbdüləzim Həsəni dörd məsum imamın – imam Kazim (ə), imam Rza (ə), imam Cavad (ə) və imam Hadinin (ə) imaməti dövründə yaşamış, imam Rza (ə), imam Cavad (ə) və imam Hadidən (ə) bir çox hədislər nəql etmişdir.

Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınmış və əsl-nəsəbi belədir: Əbdüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən Müctəba (ə).
(“Müntəhəl-amal”, Şüyx Abbas Qummi, 1-ci cild, səh.457.)

O, şiə alimləri və ravilərindən olmaqla yanaşı, məsum imamlar və ardıcıllarının yanında böyük məqam və ehtirama layiq görülmüş, sevimli və etimadlı şəxslərdəndir.

Məsum imamların (ə) onun barəsindəki tərifləri onun elmi və etimadlı bir şəxsiyyət olduğunu aşılayır. İmam Hadi (ə) Əbdüləzimi həqiqi dostlarından biri kimi tanıtdırır və şiələrə buyururdu ki, dini suallarınızın cavabını Əbdüləzim Həsənidən öyrənin.

Şiə mənbələrində də onun haqda çoxlu tərif gözə dəyir. Belə ki, o, abid, zahid, təqvalı, pak və etimadlı, görkəmli hədis ravisi adları ilə yad edilir. (“Ət-təzkiraətul-ətiyyə”, səh.83.) Müxtəlif rəvayətlərdə imamzadə Əbdüləzimin qəbrinin ziyarətinin böyük savabı haqda məlumat verilir.

İmamzadə Əbdüləzim Həsəni İranın Rey şəhərində dəfn olunmuşdur. Sözsüz ki, onun doğulduğu Mədinə şəhərindən Rey şəhərinə köçməsi və qərib vilayətdə yaşaması həmin dövrə hakim siyasi-ictimai vəziyyətlə əlaqədar olmuşdur. Abbasi xəlifələrinin məsum imamlarla, onların övladları və şiələri ilə amansız və qəddar rəftarları tarixin danılmaz həqiqətlərindəndir. Onların içərisində imamlar və ardıcılları ilə ən pis rəftar edən xəlifələrdən biri də Mütəvəkkil Abbasi idi. Onun xilafəti dönəmində Kərbəlada şəhidlər sərvəri imam Hüseynin (ə) məqbərəsi dəfələrlə uçurdulmuş və o həzrətin ziyarəti qadağan edilmişdir.

Tarixdə göstərilir ki, onun xilafəti zamanı seyidlər və şiələr acınacaqlı bir şəraitdə yaşamışlar. Həzrət Əbdüləzim Həsəni də Abbasi xəlifələrinin kin-küdurət və düşmənçiliyindən amanda qalmamış və qətlə məhkum edilmişdi. Belə ağır bir dönəmdə Əbdüləzim İraqın Samirra şəhərinə gedib imam Hadi (ə) ilə görüşür və dini əqidələrini o həzrətə açıqladıqda, Həzrət onu təsdiqləyərək buyurur: “Sən bizim dostlarımızdansan!” (“Biharul-ənvar”, 3-cü cild, səh.268.)

Həzrət Əbdüləzim Həsəninin (ə) Samirrada imam Hadi (ə) ilə görüşü haqda xəlifəyə məlumat verildikdə, xəlifə onun saxlanılıb zindana atılmasını əmr edir. O da təhlükədən amanda qalmaq üçün müxtəlif şəhərlərdə gizli şəkildə yaşamağa məcbur olur və nəhayət, şəhərbəşəhər dolanaraq İranın Rey şəhərinə çatır və həmin şəhərin dini-ictimai şəraitini, müsəlmanların və məxsusən, şiələrin mühüm yaşayış mərkəzlərindən olduğunu nəzərə alaraq orada sakin olmağa qərar verir. O, tanınmaz şəkildə şəhərə daxil olub, “Sarbanan” məhəlləsinin “Səkkətül-Mövla” küçəsində şiələrdən birinin evində məskunlaşır və həmin evin zirzəmisində yaşayır. Bir müddətdən sonra şiələrdən bir neçəsi onun həmin evdə məskunlaşdığından xəbər tutduqda, gizli şəkildə ziyarətinə gedirlər. Zaman ötdükcə, onun yanına get-gəl edən şiələrin sayı artır və onun yaşadığı ev elm və təhsil mərkəzinə çevrilir; şiələr onun dini elmləri və hədislərindən bəhrələnir, şəri məsələlərini ondan öyrənir, onu məsum imamlarının yadigarı hesab edərək, məsum imamların qoxusunu ondan alırdılar. (“Ət-təzkirətul-ətiyyə”, səh.109-110.)

Bəzi tarixi mənbələrdə göstərilir ki, həzrət Əbüdüləzim Həsəni 250-ci hicri-qəməri ilində imam Hadinin (ə) mübarək əmri və göstərişinə əsasən, dini təbliğ və şiələrə rəhbərlik etmək məqsədilə İraqdan Reyə yollanır. (“Şenaxtnameye həzrət Əbüləzim Həsəni (ə)”, Əliəkbər Zəmaninejad, 13-cü cild, səh.188.)

Həzrət Əbdüləzim Həsəni (ə) ömrünün son günlərində, xəstəlik yatağında ikən, şiələrdən birinin sadiq yuxusu gələcək hadisələri belə tərsim(təsvir) edir: Bir gecə təqvalı şiələrdən biri həzrət Peyğəmbəri (ə) yuxuda görür. Peyğəmbər (s) ona buyurur: “Sabah mənim övladlarımdan biri “Səkkətül-Mövla” küçəsində dünyadan köçəcək və şiələr onu Əbdülcabbar adlı bir şəxsin bağına aparıb, alma ağacının altında dəfn edəcəklər.” Həmin şəxs sübh yuxudan ayılıb, həmin bağa yollanır. Peyğəmbərin (s) övladlarından birini dəfn etmək məqsədilə bağı sahibindən almaq və bu böyük şərəfə nail olmaq istəyir. Bağın sahibi ondan bağı almaqda məsədini soruşduqda, o, gördüyü yuxunu danışır. Bağın sahibi təəccüblənərək özünün də həmin yuxunu gördüyünü deyir və beləcə, bağın sahibi bağını vəqf edir ki, həzrət Əbdüləzim Həsəni (ə), eləcə də, digər şiələr orada dəfn edilsinlər. Elə həmin gün həzrət Əbdüləzim Həsəni (ə) vəfat edir və vəqf olunmuş bağda dəfn olunur. (“Ricali-Nəcaşi”, Əhməd ibn Əli Əbülabbas, səh.247-248, nömrə 653.)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.