Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK

İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK
Yaddaşda saxla
  • 09 iyul 2017
  • Bölmə: Ailə
  • Baxış: 1 681
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK

Oğlan və qızın izdivaca olan ehtiyacı təbii və zati bir ehtiyacdır. Şəhvət qərizəsinin hücumundan özünü uzun müddət qorumaq oğlan və qız üçün olduqca çətindir.
Bəzən müddətin çoxluğu izdivaca ehtiyacı olanın məhv olmasına gətirib çıxarır. Bəzən qərizələrin çılğınlığı insanların günah və fəsad girdabına sürüklənmələrinə bais olur. Bəzən qız və oğlanın izdivacına mane olmaq onlar üçün baş ağrısı yaradır və onları müxtəlif xəstəliklərə salır. Bəzən izdivacın qarşısını almaq eşq üçün maneələr törətmiş, pak insanları aludə etmiş və hər bir ölkənin sərmayəsi olan gəncləri intihar həddinə qədər gətirib çıxarmışdır.
Bəzi valideynlər izdivac yaşına yetən övladının ailə həyatı qurmaq istədiklərini eşitdikdə onu uşaq hesab edir, bu istəyini həyasızlıq, üzlülük adlandıraraq ona hücum edirlər. Bu tip davranışlar nəticəsində övlad ümidsizliyə sürükləyirlər. Belə ki, güclü imana malik olmayanlar bu hərəkətlərin nəticəsində yollarını azmağa məcbur olduqlarını güman edirlər.
Bəzi valideynlər gəlinin və ya kürəkənin ailəsinə elə ağır təkliflər irəli sürürlər ki, müqabil tərəf üçün onu həyata keçirmək qeyri-mümkün olur. Bəzən öz təkliflərinin üstündə elə möhkəm dayanırlar ki, övladlarının izdivac vaxtı keçir.
Bəzən oğlan elçilik üçün bir qızın evinə gedir. Lakin qızın ailəsinin pis rəftarı ilə qarşılaşır və onunla ailə qurmaq istədiyinə peşman olur. Nəticədə, qızın yaşı ötür və evdə qalır. Əlbəttə, bu növ davranış oğlanın ailəsində də ola bilər.
Bəzən oğlanlar və qızlar öz iradələrinin məhdudluğu ucbatından valideynlərinin iradəsinə tabe olduqlarına görə izdivaca boyun qoymur və bununla da böyük bir ziyana düşürlər. Bəzən cavanlar özləri ağır təkliflərlə qarşı tərəfin izdivacı həyata keçirməsinə mane olurlar.
Müqəddəs İslam dini bu növ davranışları insaniyyətə və mürüvvətə zidd, insani əxlaqa uyuşmayan qeyri-ilahi və qeyri-şəri bir iş hesab edir. İslam izdivacı çətinləşdirənlərə xəbərdarlıq edərək, onların bu hərəkətlərin acı nəticəsini dünya və axirətdə görəcəklərini bildirir. İslam deyir: Allah-təala digərləri ilə asanlıqla davrananlarla asan, çətinliklə davrananlarla çətin davranacaq. Bu məsələni çətinləşdirmək oğlan və qızların insani, təbii meyl, arzu və amalları ilə döyüşmək deməkdir. Allah-təala onları çətinliyə salar və öz məhəbbətindən məhrum edər.
Himad ibn Osman deyir: «Bir şəxs imam Sadiqə (ə) digəri haqqında şikayət etdi. Çox keçmədi ki, haqqında şikayət olunan şəxs gəlib çıxdı.
İmam (ə) buyurdu: «Filan şəxs səndən nə üçün şikayət edir?» Ərz etdi: «O, mənə borcludur. Özümə söz vermişəm ki, son dinarına qədər borcumu ondan alam. Həzrət (ə) oturuşunu dəyişdi və əsəbiləşərək buyurdu: «Borcunu son dinarına qədər ondan almağının pis iş olmadığını düşünürsən?! Allah-təalanın Quranda nə buyurduğunu eşitməmisənmi?»
«(Rəbbindən) və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar»("Rəd"21).
«Sən pis haqq-hesabın Allah tərəfindən bəndəsinə olunan zülm olduğunu hesab edirsən! Yox, and olsun Allaha (belə deyil). Onlar yalnız ondan qorxurlar ki, əməllərin ən axırıncı zərrəsinə qədər onlardan hesab çəkilsin. Ey kişi, bunu bil ki, kim hesabı belə çətin çəksə, pis bir iş görmüşdür.»
Valideynlər, oğlan və qızlar, məxsusən də izdivac məsələsini çətinləşdirməkdən çəkinməlidirlər. Bu qeyri-insani işdən özlərini qoruyaraq, izdivac yolunu açmalıdırlar. Bu ilahi işin şəraitini asanlaşdırmalı və bununla da günah süfrəsinin açılmasının qarşısını almalıdırlar.
ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN
Valideynlər bilməlidirlər ki, bir gün onlar da gənc olmuş, ərə getmək, yaxud evlənmək eşqi ilə alovlanmışlar. Onlar da arzu edirdilər ki, valideynləri onların izdivac məsələsini çox tez həll etsinlər. Bu məsələni çətinləşdirməsinlər, cavanların eşqinə hörmətlə yanaşsınlar. Valideynlərinin onların izdivac məsələsini çətinləşdirdiklərini, gecikdirdiklərini hiss etdikdə çox narahat olurdular. Daxili vəziyyətləri qarışır, onlarda valideynlərinə qarşı kin yaranırdı.
Bu gün qızlarını ərə vermək, yaxud oğlanlarını evləndirmək istəyərkən, özlərini bir anlığa onların yerində hiss etsinlər. Onların arzu və amallarını, eşq atəşi ilə alovlandıqlarını başa düşsünlər. Çox güman ki, özlərini onların yerində hiss etsələr, bu məsələni asanlaşdıracaq və övladlarının evlənməsi, yaxud ərə getməsi üçün istənilən şəraiti yaradacaqlar.
Həzrət Əli (ə) bu mühüm məsələyə aşağıdakı şəkildə toxunaraq buyurur: «Özünü digərlərinin yerində hiss et. Özün üçün sevdiklərini, digərləri üçün də sev. Özün üçün bəyənmədiklərini digəri üçün də bəyənmə. Digərlərinə azacıq olsa belə, zülm etmə; necə ki, özünə zülm olmamasını istəyirsən. Özünə yaxşılıq olunmasını istədiyin kimi, digərlərinə də yaxşılıq et. Digərləri üçün pis hesab etdiyini özün üçün də pis hesab et. Camaatın səndən razı olmalarını istədiyin məsələdə sən də onlardan razı ol».("Bihar"c77, səh.203)
Həzrət Müctəba (ə) buyurur: «Camaatla, səninlə davranmalarını istədiyin şəkildə davran» .("Mizanül-hikmə" c.6, səh.316)
İslamın haqq istəyi, dinin səmərəli göstərişləri, digərləri ilə yaşamağı asanlaşdıran üslub, günahın insan həyatına hücumunun qarşısını alan amil budur. Həyatı eşqlə, səmimiyyətlə, vəfa ilə dolduraraq, onu şirinləşdirən proqram bundan ibarətdir.
Valideynlər gənc yaşlarında öz izdivac məsələlərində daha çox istədikləri, özlərinə uyğun ailə ilə qohum olmaq, hər iki ailənin bel sındıran tələblərdən çəkinmələri, bu məsələni tez həll etmək, sözdən, danışmaqdan çox əməl mərhələsinə keçmək və s. kimi məsələləri bu gün öz övladları üçün də istəməlidirlər.
İzdivac üçün vasitəçilik etmək Allah yanında özünəməxsus savaba malikdir. Əziz valideynlər bu vasitəçiliyi öz üzərlərinə götürməli və sona qədər davam etdirməlidirlər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «İmanlı oğlan və qızların izdivacında Allahın onları bir-birinə yetirməsi üçün zəhmət çəkən şəxsin mükafatı min behişt hurisidir. Bu iş üçün atdığı hər addımın, danışdığı hər sözün savabı bir il ibadətin savabına bərabərdir».
İzdivac məsələsini asanlaşdıra bildikləri halda onu çətinləşdirənlər, özlərini çox böyük bir savabdan məhrum edirlər.
Onlar öz övladlarının cavabını - günaha düşdükləri, onlara hər hansısa zərbə dəydiyi, fikir pozuntusuna sürükləndikləri təqdirdə - Allahın ədalət məhkəməsində verməli olacaqlar.
Musa ibn Cəfər (ə) məktub vasitəsi ilə malik olduğu malı Məhəmməd ibn Cəfərin əyalının mehriyyəsinə kömək etmək üçün öz möhtərəm bibisindən istədi. O kəramətli qadın məktubu alan kimi istənilən malı göndərdi. Məktubda deyilirdi: «Allahın qiyamətdə bir kölgəsi olacaqdır. Bu kölgədən yalnız Peyğəmbər, onun vəsisi, mömin qulu azad edən, möminin borcunu ödəyən və subay mömini evləndirən şəxs faydalanacaq».
Həzrət Əli (ə) buyurmuşdur: «Ən böyük günah möminin malına təcavüzdür. Ən böyük vasitəçilik isə izdivac məsələsində vasitəçilik etməkdir».
İmam Sadiq (ə) buyurmuşdur: «Subayı evləndirən şəxs Allahın qiyamət günü rəhmət gözü ilə baxacağı şəxslərdəndir».
Digər bir hədisdə isə buyurur: «Allah qiyamətdə dörd nəfərə rəhmət gözü ilə baxar: Geri qaytarılmış malı qəbul edən dükançıya, digərinin qəmini aradan qaldırana, qul azad edənə, subayı evləndirənə».
Rəsulullah (ə) buyurmuşdur: «Ailə qurmaq qərarına gəlmiş qadın və kişinin qərarını pozub onları bir-birindən ayıran şəxs, Allahın qəzəb və lənətinə gələr. Allah onun başına min odlu daş yağdırar. Bu iş üçün çalışan, lakin müvəffəq olmayan şəxs də Allahın qəzəb və lənətinə gələr və Allahın rəhmətinə qovuşmaq ona haram olar».
Kaş bütün ata-analar bundan xəbərdar olaydılar! Bu həqiqətlərə əməl etməklə böyük bir ilahi savabdan bəhrələnəydilər! Kaş bu məsələlərdən xəbərdar olanlar təkəbbürdən, bu qadağalardan çəkinməklə qiyamətdə Allahın əbədi qəzəb və lənətinə gəlməyəydilər!

(Mənbə : İslamda ailə( Müəllif: Hüseyn Ənsarian)

bacardığımız hər yerdə paylaşaq. istinad etmək vacib deyil

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex