Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

İslam və Xristianlıq

İslam və Xristianlıq
Yaddaşda saxla
  • 13 sentyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 2 244
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
İslam və Xristianlıq


Quranda da bildirildiyi kimi, Hz.İsa bir bəşərdir.


Rəbbimiz Qur’anın "Qəsəs" surəsində Peyğəmbərimizə (s.ə.v.) özündən əvvəlki peyğəmbərlərin də bir bəşər olduqlarını bildirir:

"Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi? Sənin Rəbbin görəndir! Bizimlə qarşılacaqlarına inanmayanlar: "Bizə mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli idik!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi çox aşdılar" ("Furqan" surəsi, 20-21)

Başqa ayələrdə də Rəbbimiz belə buyurur:
"Biz səndən əvvəl də onlara vəhy etdiyimiz kişilərdən başqa elçi göndərmədik. Əgər bilmirsinizsə, kitab əhlindən soruşun! Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər. Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. Və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik" ("Ənbiya" surəsi, 7-9)

Qur’an ayələrində peyğəmbərlərin və Hz.İsanın bəşəri xüsusiyyətləri çoxsaylı misallarla bildirilib. Hz. Məryəm Hz.İsaya möcüzəvi şəkildə hamilə qalıb. Ancaq Hz.İsanın dünyaya gəlməsi mərhələləri, doğuş əsnasında anası Hz.Məryəmin yaşadıqları Hz.İsanın hər bir insan kimi eyni çətin mərhələlərdən keçərək dünyaya gəldiyini açıq şəkildə ortaya qoyur. Bu müddət ərzində baş verənlərin fərqli şəkildə şərh olunması və ya bundan fərqli mənası çıxarılması Allahın izni ilə mümkün deyil:

"Beləliklə hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal alt tərəfindən ona belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!" Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da utanmaz deyildi!"" ("Məryəm" surəsi, 22-28)

Hz.İsanı Allah yaradıb və ona müxtəlif möcüzələrlə yardım edib. Onun ölüləri diriltmək, palçıqdan quş düzəldib ona can vermək, anadangəlmə koru və cüzamlı xəstəni sağaltmaq kimi göstərdiyi bəzi möcüzələr, həmçinin atasız dünyaya gəlməsi kimi özünün yaradılışı ilə bağlı fövqəladəliklər isə bizim dünya həyatında yaşadığımız və bağlı olduğumuz qaydalardan kənar hadisələrdir.

Rəbbimiz Qur’anın bir çox ayələrində peyğəmbərlərin göndərildikləri xalqlara göstərdiyi möcüzələrdən bəhs edib. Məsələn, Hz.Adəmin torpaqdan və atasız yaradılmasını, Hz.Saleh, Hz.İbrahim və Hz.Musa kimi peyğəmbərlər tərəfindən də insanlara çoxlu möcüzələr göstərildiyini xəbər verib. Hz.Musa sehrbazlarla rastlaşanda Rəbbimiz onun əsasını ilana döndərərək ona çox böyük möcüzə ilə kömək edib ("Taha" surəsi, 69). Həmçinin Fironun və onun əsgərlərinin təqib etməsi nəticəsində dəniz kənarına gələn Hz.Musa və İsrail oğulları dənizdə yol açılması ilə qarşı tərəfə keçə biliblər. Firon və ordusu isə suların altında qalıb ("Taha" surəsi, 77-78). Qur’an ayələrində də Peyğəmbərimizin (s.ə.v.) çoxlu möcüzələri, qeybdən verdikləri xəbərlər bildirilir. Allah "İsra" surəsində Peyğəmbərimizi (s.ə.v.) bir gecə Məscidi-Əqsaya apardığını və oranı göstərdiyini bildirir. Bu isə Rəbbimizdən çox böyük bir möcüzədir ("İsra" surəsi, 1). Haqqında bəhs edilən möcüzələrin baş verməsini təmin edən güc sahibi isə aləmlərin Rəbbi olan Allahdır. Bu möcüzələrin meydana gəlməsi Peyğəmbərimizə (s.ə.v.), Hz.Musaya və başqa peyğəmbərlərə tanrılıq məqamı verilməsi mənasına gəlmir (bu ifadədən Allaha sığınırıq). Çünki bu mübarək insanlar göstərdikləri möcüzələrin həmişə Allahın istəyi ilə həyata keçdiyini həmişə biliblər. "Maidə" surəsində də Hz.İsanın bu möcüzələri "Allahın icazəsi ilə" həyata keçirdiyi xəbər verilir:

"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq möcüzələrlə gəldiyin zaman Mən onların bəlasını səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"" ("Maidə" surəsi, 110)

Hz.Məryəmə və Hz.İsaya tanrılıq məqamı "verən" bütün iddialar Qur’an ayələri ilə aradan qaldırılıb. Bunlardan biri də "Maidə" surəsindədir:

"Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak bir qadın idi. Onların hər ikisi yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar gör necə üz çevirirlər?" ("Maidə" surəsi, 75)

Ayədə onların xüsusilə də yemək yemələrindən bəhs edilməsi çox hikmətlidir. Çünki yemək, acmaq, susamaq, yatmaq ehtiyacı hiss etmək canlılara xas olan xüsusiyyətlərdir və onların acizliyini ifadə edir. Haqqında bəhs edilən bütün bəşəri xüsusiyyətlərə malik olan Hz.İsa üçün "uluhiyyət" ("tanrılıq") iddiasında olmaq isə son dərəcə böyük səhvdir. Mülkün sahibi olan Rəbbimiz Özünün Rəzzaq sifəti ilə bütün canlıları ruziləndirir, onlara nemətlər bağışlayır. O, heç bir şeyə və heç kimə möhtac olmayandır. Ancaq bütün canlılar var olmaq və öz varlıqlarını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdırlar.

Hz.Məryəmin və Hz.İsanın yemək yemələrinə diqqət çəkilməsinin başqa bir hikməti də ayələrdə Hz.İbrahimə insan surətində gələn mələk elçilər haqqında verilmiş məlumat ola bilər (ən doğrusunu Allah bilir). Ayələrdə həmin elçilərin "yemək yeməməsinə" diqqət cəlb edilib:

"İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə o, salamı alıb: "Bunlar tanımadığın kimsələrdir!" - dedi. O ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi. Qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə qorxuya düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müYdə verdilər" ("Zariyat" surəsi, 24-28)

Həqiqətən, elçilərimiz İbrahimin yanına müYdə ilə gəlib: "Salam!" - dedilər. İbrahim də: "Salam!" - deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi. Qonaqların əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik!"" ("Hud" surəsi, 69-70)

Allah Hz.İsanı tanrı hesab edən üçləmə iddiası tərəfdarlarına ayələrdə çox fərqli şəkillərdə xəbərdarlıq edir. Bu ayələrdən bəziləri belədir:

"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular. Onlara de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!" ("Maidə" surəsi, 17)

Hz.İsa da Allahın yaratdığı aciz və möhtac bəndələrdən biridir, Allahın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır, amma son nəticədə yenə də Allahın bir quludur, bəndəsidir. Hz.İsanı tanrılaşdıranlar üçün Qur’anda belə bir buyruq var:

"Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, cəənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!" "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!" ("Maidə" surəsi, 72-74)

Ayədə də bildirildiyi kimi, Rəbbimiz bütün varlıqlar üzərində yeganə hökm sahibidir. O, bir şey istəyəndə bunu təxirə sala və ya rədd edə biləcək başqa bir güc yoxdur. Allahdan başqa tanrıların olduğunu söyləyən "Allah Özünə övlad götürdü" deyənlər üçün Qur’anda belə buyrulur:

"Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək. Onlar: "Rəhman övlad götürdü!" -dedilər. O, pak və müqəddəsdir! Xeyr, (mələklər) möhtərəm qullardır. Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. Allah onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar. Onlardan hər kəs; "Mən Ondan başqa bir tanrıyam!" - desə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalimlərə belə cəza veririk" ("Ənbiya" surəsi, 25-29)

Hz.İsa Allahın oğlu deyil, Onun peyğəmbəridir
Qur’anda Hz.İsanın anadan olması, həyatı boyunca onun başına gələn hadisələr, ailəsi, ətrafındakı insanların vəziyyəti və s. bu kimi çoxlu sayda məsələdən bəhs edilib. Qur’anda Hz.İsa bizə "Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsih" kimi tanıdılır. Məsələn, "Ali-İmran" surəsində Hz.İsanın özünün göndərilməsinin səbəbini İsrail oğullarına belə izah etdiyi bildirilir:
"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!" ("Ali-İmran" surəsi, 50-51)

Hz.İsanın bu dəvətinə az sayda həvari tabe olub. Qur’anda bu səmimi insanlardan belə bəhs edilir:
"...Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol! Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz!"" ("Ali-İmran" surəsi, 52-53)
Qarışıqlıq və ixtilaf içində olan bir xalqa hidayət rəhbəri olaraq göndərilən Hz.İsa həyatı boyunca ətrafındakı insanları Allaha səmimi şəkildə iman gətirməyə və təslim olmağa çağırıb. Bununla yanaşı, Qur’an ayələrindən aydın olur ki, Hz.İsa öz dinləri məsələsində ixtilaf içində olanlara yol göstərib. İncildə qeyd edilən bəzi ifadələrdən Hz.İsanın ilk öncə ikiüzlü, qeyri-səmimi din adamlarını, dindar cildinə girib xalqı aldadanları özlərinin bu əməllərindən əl çəkməyə, Allaha iman gətirməyə dəvət etdiyi aydın olur. Allah Qur’anda belə bildirir:

"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63)

Hz.İsa da bütün peyğəmbərlər kimi əxlaqi tənəzzülü və dinsizliyi hədəf seçdi, insanların yol verdiyi bütün ədalətsizlikləri, haqsızlıqları, əxlaqsızlıqları və batil dinlərini tərk etmələrini, Allahın istədiyi əxlaqla və ancaq Allahın razılığını qazanmaq üçün yaşamalarını istədi.
Hz.İsa insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edir, onların batil qaydalardan, mənasız ənənələrdən uzaqlaşmalarını, yalnız Allaha ibadət edib etdikləri hər işdə Allaha üz tutmalarını əmr edirdi. Göstərdiyi möcüzələr isə onun Allahın seçib bəyəndiyi, elm və qüdrəti ilə dəstəklədiyi çox qiymətli bir elçisi olduğunu açıq şəkildə göstərir. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün idrak qabiliyyəti və hikmətli açıqlamaları insanlarda böyük heyranlığa səbəb olurdu.

Hz.İsa ona qarşı qurulan bütün hiylələrə, ona atılan böhtanlara və ona edilən hücumlara qarşı çox üstün səbr göstərdi, Allaha təvəkkül edib təbliğinə davam etdi. Bu vaxt isə yanında çox az köməkçisi var idi. O, dini öz əslinə qaytarmaq, onu xurafatlardan və batil metodlardan təmizləmək üçün böyük səylər göstərdi. Rəbbimizin ona bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına çox təsirli sözlər dedi və hikmətli misallar verdi.

Hz.İsa Tövratı təsdiq etmiş, Allahın insanlara bir rəhbər və nəsihət üçün göndərdiyi İncillə hökm etmişdi:
"Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır" ("Maidə" surəsi, 46-47)

Hz.İsanın bu dəvətinə cavab verənlərin sayı ilk öncə çox az idi. Çünki bu çağırış həm güzəranını mövhumat, xurafatlar və ənənələr hesabına təmin edən rahib təbəqəsinin, həm də Allahın hakimiyyətini qəbul etməyən dövlət adamlarının imtiyazlarını aradan qaldırırdı. Hz.İsanın təbliği yayılmağa, onun ardınca gedənlərin sayı çoxalmağa başlayanda onların qurduqları tələlər də, Hz.İsaya mane olmaq üçün hazırladıqları planlar da çoxaldı. Tarix boyunca bütün peyğəmbərlər bu cür tələlərə məruz qalıblar. Müşriklərin elçilərə münasibətdə göstərdiyi bu qeyri-insani davranışlar Qur’anda belə bildirilir:

"...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz" ("Bəqərə" surəsi, 87)

Cəmiyyətdə Hz.İsaya qulaq asıb ona inananlarla onu inkar edənlər ayrılmağa başlamış, iki qrup arasındakı fərqlər aydın şəkildə ortaya çıxmışdı. Bir tərəfdə həqiqi dinə dəvət edən və insanları Allaha iman gətirməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hansı möcüzəni, hansı dəlili görsə də inanmamağa qərar verən bir qrup var idi. Hz.İsanın düşmənləri özlərini açıq şəkildə büruzə verirdilər. Ona tabe olan, yanından ayrılmayan insanlardan da sonralar onu inkar edənlər olub. Allah bu vəziyyəti bizə "Onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü..." ("Zuxruf" surəsi, 65) ayəsi ilə xəbər verir. Buna görə də Hz.İsa öz qövmünün arasından iman gətirən və etibar edə biləcəyi adamları seçib müəyyənləşdirmişdi. Bu məsələ Qur’anda belə bildirilir:

"İsa onların küfrünü hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim olacaqdır?!" - deyə soruşdu. Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!"" ("Ali-İmran" surəsi, 52)

Qur’anda inkarçıların Hz.İsanı öldürmək məqsədilə tələ qurduqları xəbər verilir. İncilə görə, Hz.İsanın yanındakı adamlardan birinin xəyanət etməsinə nail olan bəzi qudurğan din adamları Allahın elçisini tutdurub romalılara vermək istəyirdilər. Yenə eyni mənbəyə görə, ölüm cəzasını tətbiq etməyə səlahiyyətləri çatmayan rahiblər Romanın dövlət adamlarını qızışdırmaq üçün bir plan hazırlamışdılar. Onlar romalıların bu məsələdə çox həssas və mərhəmətsiz olduğunu bildikləri üçün Hz.İsanı romalı idarəçilərə qarşı çıxan bir şəxs kimi tanıtmışdılar. Bu məkrli planın nəticəsi Qur’anda belə bildirilir:

"Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir" ("Ali-İmran" surəsi, 54)

Ayələrdə də bildirildiyi kimi, inkarçılar Hz.İsanı öldürmək üçün fəaliyyətə başlamış və hər cür hiyləyə əl atmışdılar. Ancaq bu adamlar Hz.İsanı öldürə bilmədilər, onun bir oxşarını Hz.İsa zənn edərək öldürdülər. Allah Hz.İsanı Öz dərgahına yüksəldərək hazırlanan məkrli planları alt-üst etdi. Halbuki romalıların Hz.İsanı çarmıxa çəkərək öldürdükləri inamı xristianlığın əsasını təşkil edir. Bu səhv inanca görə, Hz.İsanı tutan romalılar və yəhudi din adamları ona çarmıxa çəkib və beləliklə, onu öldürüblər. Xristianların əksəriyyəti hadisənin bu cür baş verdiyini qəbul edir, ancaq onlar çarmıxa çəkilərək öldürülən Hz.İsanın yenidən dirilərək göyə yüksəldiyinə inanırlar. Ancaq Qur’ana nəzər yetirəndə hadisənin əslinin belə olmadığını görürük:

"Və: "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - dediklərinə görə onlara belə cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara yalnız oxşarı göstərildi. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər" ("Nisa" surəsi, 157)

Həmin ayənin axırında Hz.İsanın vəziyyəti belə bildirilir:
"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rəfəa). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!" ("Nisa" surəsi, 158)
Ayədə bildirilən həqiqət birmənalıdır. Yəhudilərin qızışdırması nəticəsində Hz.İsanı öldürməyə çalışan romalılar buna nail ola bilməyiblər. Ayədə qeyd edilən "...Onlara yalnız oxşarı göstərildi..." ifadəsi bu məsələni açıq-aşkar xəbər verir. Allah insanlara Hz.İsanın oxşarını göstərmiş və Hz.İsanı da Öz dərgahına yüksəltmişdir. Bundan başqa, Rəbbimiz bu iddiada olanların həqiqətlə bağlı bir məlumatlarının olmadığını da bildirir (Daha müfəssəl məlumat almaq üçün Harun Yəhyanın "Hz.İsa ölməyib" adlı kitabına baxa bilərsiniz).

Hz.İsanın çarmıxa çəkilməsi məsələsi ilə bağlı ilk dövrlərdə müxtəlif fikirlər ortaya atılmışdı. Bəzi xristian məzhəblərinin eynilə Qur’anda bildirildiyi kimi, Hz.İsanın çarmıxa çəkilmədiyinə inandıqları məlumdur.
Hz.İsanın Qur’an ayələrində bəhs edilən həyatından, təbliğindən, dualarından onun Allahın peyğəmbəri olduğu bütün aydınlığı ilə görünür. Hz.İsa Allahın insanları xəbərdar etmək üçün göndərdiyi hidayət rəhbəridir. Həmçinin "Məryəm" surəsində qeyd edilən "İsa dedi: "Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi"" ("Məryəm" surəsi, 30) şəklindəki ayə bu məsələni də açıq-aşkar göstərir. "Səff" surəsində belə bildirilir:

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müYdə verən Allahın elçisiyəm!" Lakin o, aşkar möcüzələrlə gəldikdə onlar: "Bu, açıq-aydın sehrdir!" -dedilər" ("Səff" surəsi, 6)
Başqa bir Qur’an ayəsində isə belə deyilir:

"Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!" - deyər" ("Ali-İmran" surəsi, 79)

Hz.İsanın ölmədiyi və öldürülmədiyi, Allahın dərgahına yüksəldildiyi və yer üzünə ikinci dəfə gələcəyi Qur’an ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində çox açıq şəkildə bildirilib. Allah Rəsulunun (s.ə.v.) hədislərində Hz.İsanın gəlişi ilə bağlı çoxlu əlamət bildirib.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex