"Ya Hüseyn! - mənə şəfa ver demək şirkdirmi?"
- 12 dekabr 2020
- Bölmə: Mübahisəli məsələlərə cavab
- Baxış: 1 924
- Şərhlər: 0
- Müəllif: movlan
"Ya Hüseyn! - mənə şəfa ver demək şirkdirmi?"
Müasir sələfi elm tələbələrindən biri öz əqidəsinə uyğun olaraq, təvəssül mövzusunda bir məqalə yazmış Əhli-Beyt (ə) tərəfdarlarını şirkdə ittiham etmişdir. Bundan sonra onların məhşur kanalı bu məqaləni video halına salmış və izləyicilərinə təqdim etmişdir. Bizdə buna qarşılıq olaraq, video şəklində onlara lazımi cavabı vermişdik. Videonu izləməyə imkanı olmayanlar üçün məqaləni
hissə-hissə sizə təqdim edəcəyik. İlk olaraq məqalə sahibi yazır:
"İnsan Allahdan qeyrisinə dua edir və qeyrisindən ancaq Allahın qadir olduğu bir məsələdə kömək diləyir. Məsələn: Ya Hüseyn, Ya Əbəlfəz və s. deyərək başqasına yalvarır, başqasına dua edir. Bu, böyük şirkdir. Bu cür dua məhz elə Məkkə müşriklərinin etdiyi ibadət idi."
Deyirəm: Əvvəlcə bilməliyik ki, təvəssülün dörd tərəfi var.
1. "Təvəssül edən" - yəni dua edən;
2. "Vasitə seçilən" - yəni peyğəmbər və ya övliya;
3. "Təvəssül olunan" - yəni Allah sübhana taala;
4. "Təvəssüldə nəzərdə tutulan" - yəni əldə olunması tələb olunan ehtiyac.
Burada "Təvəssül olunan" Allahın qadir olduğu məsələnin "Vasitə seçilən" şəxsə nisbət verilməsi "əqli məcaz" adlanır. Yəni “Ya Hüseyn! mənə şəfa ver” deyərək "vasitə seçilən" şəxsə, Allaha məxsus feilin nisbət verilməsi məcazi mənadadır. Gəlin, bu məsələni bir az daha ətraflı izah edək. Xalqımız dil adəti olaraq çox zaman belə bir cümlə işlədir: "Filan həkim, filan xəstəni sağaltdı". Burada xəstəyə şəfa verən, yəni sağaldan Allahdır. Həkim isə səbəbdir. Yəni Allaha məxsus feil məcazi mənada həkimə nisbət edilmişdir. Dəməli, Allaha məxsus feilin həkimə nisbət verilməsi məcaz olduğu kimi, Allaha məxus feilin "vasitə seçilən şəxsə" nisbət verilməsi də elə məcazi mənadadır! Yəni şəfa verənin Allah olduğu halda, bu feilin "həkim xəstəni sağaltdı" deyərək həkimə nisbət verilməsi məcaz olduğu kimi, Allaha məxsus feilin “Ya Hüseyn! Mənə şəfa ver!” deyərək İmam Hüseynə (ə) nisbət verilməsi elə məcazi mənadadır!
Həmçinin burada Allah üçün önəmli məsələ insanın niyyətidir. Belə ki, Allahın Rəsulu (s) səhih hədisdə belə buyurur: "Əməllər ancaq niyyətlərə görədir" (əl-Buxari, 1). Ona görə əməlin və ya deyimin hansı cür deyilməsi o qədər də əhəmiyyətli bir məsələ deyildir. Əsas olan insanın niyyətidir! Həkimin xəstəni sağaltdığını söyləyən şəxsin, əslində, niyyəti budur ki, o xəstəni sağaldan Allahdır! O cümlədən də "Ya Hüseyn mənə şəfa ver” deyən şəxsin, əslində, niyyəti də şəfanı Allahın verməsidir.
Əgər müasir sələfi cərəyanı bizim misal çəkdiyimiz məsələ ilə razılaşmasalar, biz onlara Qurandan dəlil gətirə bilərik! Quranda Yusif surəsi 100-cü ayəyə əsasən, Yusifin (ə) qardaşları Yusifə, həmçinin Bəqərə surəsi 34-cü ayəyə əsasən, mələklər Adəmə səcdə etmişlər. Bu ayələrə əsasən səcdə insana edilmişdir. Üstəlik bunu onlara Allah əmr etmişdir. Deməli, Allaha məxsus olan səcdənin əməldə insana yönləndirilməsi şirk deyildir! Çünki onlar əməldə Peyğəmbərə səcdə etsələr də, əslində, bu səcdə etmək Allahın əmrinə itaət və şükür etmək niyyəti ilə olmuşdur!
Bu izahlardan sonra bizə aydın olur ki, hər hansı bir şiənin "Ya Hüseyn mənə şəfa ver" deməsində heç bir qəbahət yoxdur! Çünki Allah üçün önəmli məsələ onun niyyətidir! Əgər bundan sonra da müasir sələfilər "Ya Hüseyn mənə şəfa ver" deyən bir kimsənin, zahirini önəm götürərək şirk hesab edəcəklərsə, onda mələklərin və ya insanların Peyğəmbərə səcdə etməsinin, zahirini önəm götürərək bunu da şirk hesab etməlidirlər!
Həmd Aləmlərin Rəbbi Olan Allaha Məxsusdur!
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.