Böyüklərə hörmət Allahı uca tutmaqdır
Elə əməllər vardır ki, insan öz fitrəti ilə onların yaxşı və ya pis olduğuna qərar verə bilir. Belə əməllərdən biri də Allahın mərhəmətini, hikmətini və ədalətini özündə əks etdirən böyüklərə hörmət mövzusudur. Əslində bu hər bir insanın daxilindən gələn və bəşəriyyət yaranan gündən cəmiyyət arasında mövcud olan yüksək əxlaqi dəyər nümunəsidir. Adəm övladı öz fitrəti ilə bu prinsipə riayətin zəruriliyini dərk edir. Onun vasitəsi ilə yer üzündə fitnə fəsadın qarşısı alınır.
İnsanın hələ körpə vaxtlarından qayğısını çəkən valideynləri onun ilk böyükləri sayılır. Daha sonra o, ətrafında olan yaşca ondan böyük adamlara böyük gözü ilə baxmağa başlayır. Artıq həddi-buluğa çatdıqda insanın bu adamlardan bəzilərinə, hətta onlar dünyadan köçsələr belə hörməti daha da artır. O, fəxrlə gəzdiyi vətənindəki bütün naz-nemətlər haqqında dərindən fikirləşdikdə başa düşür ki, buna səbəb onun böyükləri olmuşdur. Məhz bu hiss onda Allaha şükür etmə, Ondan Rəbb olaraq razı qalma, böyüyə, ağsaqqala hörmət etmə, kiçiklərə mərhəmət göstərmə, milli dəyərləri, təbii sərvətləri qoruma, torpağını düşmənin hər cür fitnə fəsadından və xəyanətindən müdafiə etmə və sairə saydıqca qurtarmayan tərifəlayiq keyfiyyətlər oyadır.
Şükür edən müsəlman qardaşım! Uca Allahın aşağıdakı ayəsini oxu və düşün: “(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (əl-Bəqərə, 152)
Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Aza şükür etməyən çoxa da şükür etməz. İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz. Allahın nemətlərini etiraf etmək şükür, onları danmaq isə nankorluqdur.” (Əhməd)
Məgər sən dinini, dilini, millətini, torpağını öz şükürünlə qazanmısan? Əlbəttə ki, yox. Bu bizim sevimli valideynlərimizin, müdrik ağsaqqallarımızın, mərd və cəsur sərkərdələrimizin, dini və dünyəvi elmlərə mükəmməl şəkildə yiyələnmiş ziyalılarımızın və digər böyüklərimizin şükürüdür.
Məhəmməd peyğəmbər (s.a.v.) öz hədislərindən birində körpənin ailəsi tərəfindən seçilən dində olduğunu buyurmuşdur. (Müslimin, 2658)
Kamillik axtaran müsəlman qardaşım! Bil ki, İslam dini belə əxlaqi dəyərlərin qorunmasını, bizə tövsiyə deyil, vacib buyurmuş, onlara xələl gətirməyi isə haram etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi insan bəzi əməllərin yaxşı və ya pisliyini öz fitrəti ilə qiymətləndirə bilir. Ona görə də başqa cəmiyyətlərdə bəyənilən hesab olunan belə əməllər müsəlman cəmiyyətində vacib əməllərdən, xoşagəlməz sayılanlar isə, haram yəni, qəti qadağan sayılır. Məhəmməd peyğəmbərin (s.a.v.) aşağıdakı kəlamına diqqət yetir: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.” (Hakim)
Bu səbəbdən də biz bu məqaləni iki hissəyə böldük. Birinci hissədə böyüklərə hörmətin vacibliyini və onlarla pis rəftarın haramlığını, ikinci hissədə isə, dinimizin böyüklərə göstərdiyi qayğını xatırlatmaq istədik.
Uca Allah buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (əl-İsra, 23).
Alimlər demişlər ki, “uf” sözünün işlədilməsi valideynlərə ən yüngül şəkildə belə əziyyət verməyin qadağan olduğunu bildirir. (Sədinin təfsiri)
Cərir (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.v.) buyurdu: “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz.”
Məhəmməd peyğəmbər (s.a.v.) döyüşə getmək istəyən cavandan anasının sağ olmasını soruşur. O valideyninin sağ olduğunu bildirir. Bunu eşidən Peyğəmbərimiz (s.a.v.) buyurur: “Get anana qulluq et. Cənnət onun ayaqları altındadır”. (Hakim)
Uca Allah buyurur: O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? (Məryəm, 42)
Ayədə İbrahim peyğəmbər (s.a.v.) bütlərə tapınan valideyninin könlünü alaraq ona “atacan!” deyə müraciət etmişdir.
İslam dini böyüklərə hörmətsizlik göstərən müsəlmanı yüngül bir qınaqla deyil, sərt cəzalarla xəbərdarlıq etmişdir. “Peyğəmbərin əxlaqı” adlı kitabında böyüklərə hörmət haqqında beş fəsil ayırmış hədis alimi əl-Buxarinin qeyd edilən kitabından bəzi rəvayətləri nəzərinizə çatdırırıq. Məhəmməd peyğəmbər (s.a.v.) öz hədislərindən birində buyurmuşdur: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzün isə haqqını tanımayan bizdən deyil!”
Digər rəvayətdə: “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!”
Alimlər hədislərdə vurğulanan “bizdən deyildir” ifadəsini haram əmələ və ya böyük günaha yol vermişdir kimi açıqlamışlar.
Məhəmməd Peyğəmbərin (s.a.v.) yanına bir necə səhabə gəlmişdi. Onların ən kiçiyi sözə başladıqda Peyğəmbər (s.a.v.) buyurmuşdu: “(Özündən) böyüklərə hörmət et.”
Əbu Musa əl-Əşari adlı səhabə demişdir: “Ağsaqqallara hörmət etmək Allahı uca tutmaq deməkdir.”
Hukeym ibn Qeys vəfat edən səhabə atasının aşağıdakı sözlərini çatdırmışdır: “Allahdan qorxun və böyüklərinizi uca tutun! Çünki bir camaat öz böyüklərini uca tutduqca, (bu böyüklər) onların atalarını əvəz edər. Kiçiklərini uca tutduqda isə, bu hərəkət onları həmyaşıdları arasında rəzil edər.”
Başqa bir hədisdə Məhəmməd peyğəmbər (s.a.v.) buyurur: “Bir gün Cəbrayıl (ə.) gəlib dedi: Ey Məhəmməd! Üç dəfə amin de! Mən üç dəfə amin dedikdən sonra ondan nə üçün belə etdiyini soruşdum. O dedi: Ata anası və ya onlardan biri dünyadan köçənə qədər (xidmətlərində dayanıb) Cənnəti qazana bilməyən kəsin vay halına!” (Ət-Tirmizi və Hakim)
Digər bir hədisdə Peyğəmbərimiz (s.a.v.) buyurur: “Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər”. (Ət-Tirmizi)
Dinimiz yaşlı nəslin qayğısına qalaraq bir sıra ibadətləri onlar üçün yüngülləşdirmişdir.
Uca Allah buyurur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun.” (Təğabun, 16)
Uca Allah Ondan qorxmağı əmr edir. Bu qorxu Onun əmrlərinə itaət və qadağalarından çəkinməkdən ibarətdir. Lakin O bunun güc və qüvvətə bağlı olduğunu qeyd edir. Ayə, Allahın hər hansı vacibi yerinə yetirməyə gücü çatmayan şəxsi bu məsuliyyətdən azad etməsinə dəlildir. (Sədinin təfsiri)
Allahın asanlaşdırdığı ibadətlərdən bəziləri ilə tanış olaq:
Quran ayəsində buyurulur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar...”. (Ali İmran, 191)
Orta əsr alimlərindən olan İsmayıl ibn Kəsir bu ayəyə şərh olaraq aşağıdakı hədisi rəvayət etmişdir. Məhəmməd peyğəmbər (s.a.v.) İmran ibn Hüseynə belə demişdir: “Ayaq üstə namaz qıl. Əgər bacarmasan oturaraq qıl. Yox əgər belə də bacarmasan uzanaraq qıl.” (əl-Buxari)
Məhəmməd peyğəmbər (s.a.v.) Qurandan heç nəyi yadda saxlaya bilməyən bir kişiyə “sübhənallah, əl-həmdulilləh, lə iləhə illəllah, Allahu əkbər və lə həvlə və lə quvvətə illə billəh” sözlərini deməsini tövsiyə etmişdir. (Nəsai və Əbu Davud)
Uca Allah buyurur: “(Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst paltarını (çarşab, niqab, bürüncək və s.) çıxarmasında günah yoxdur. Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (ən-Nur, 60)
Peyğəmbər (s.ə.v.) camaat namazına imamlıq edən şəxslərə uzun surələri oxumağı qadağan etmişdir. O, buna bir neçə səbəb, o cümlədən yaşlı adamların namazda iştirak etməsini də göstərmişdir. (Müslim)
Hətta İslamda taqətsizlik ucbatından bəzi ibadətləri onların əvəzinə başqa bir şəxsin yerinə yetirməsinə də icazə verilmişdir. Məsələn, qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər...." (əl-Bəqərə: 184). Ibn Abbas (r.a.) bu ayənin təfsirində deyir: "Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər" (Buxari). Əgər yedizdirməyə imkanları yoxdursa onda onlara heç bir günah yoxdur. Övladları istəsə, onların əvəzinə kasıbları yedizdirə bilər.
Bildiyiniz kimi günahları silən, mükafatı Cənnət olan Həcc ziyarəti İslamın beş əsasından biridir. Onu yerinə yetirmək üçün kifayət qədər mala sahib olan yaşlı təbəqə taqətsizlik ucbatından bu ibadəti icra edə bilməyirsə, qoy buna məyus olmasınlar. Çünki böyüklərə qayğı göstərən kamil dinimiz onların əvəzinə başqa adamın həcc etməsinə icazə vermişdir.
Bəni Əmir qəbiləsindən bir nəfər Məhəmməd peyğəmbərin (s.a.v.) yanına gələrək yaşlı atasının həcc və ümrə ziyarətlərini yerinə yetirə bilmədiyini söyləyir. Peyğəmbərimiz ona atasının əvəzinə həcc və ümrə etməsini əmr edir. (Əbu Davud)
Başqa bir hədisdə Məhəmməd peyğəmbər (s.a.v.) bir nəfərin həccə başlamazdan əvvəl qardaşının və ya qohumunun əvəzinə həcc etmək istədiyini eşidir. O, həmin şəxsə öncə öz yerinə sonra isə başqasının əvəzinə həcc etməsini tapşırır. (Əhməd)
Bir hədisdə Məhəmməd (s.a.v.) ümmətinin səhv və unutqanlıq üzündən etdiyi günahların bağışlandığı bildirilir. Baxmayaraq ki, bu güzəşt yaşlı insanlara daha uyğundur. Lakin mərhəməti qəzəbinə üstün gələn Allah bunu hər bir yaşlı, cavan, alim, cahil, xəstə, sağlam və c. müsəlmana aid etmişdir.
Müsəlman qardaşım! Böyüklərə hörmət adlı bu məqalənin yazılmasına səbəblərdən biri də Məhəmməd peyğəmbərin (s.a.v.) yolunu azmış bir dəstə gənc haqqında söylədiyi hədisləridir. O belə təhlükəli gənclərin hər yüz illikdə mövcud olacağını və ümmətə dəhşətli zərərlər vuracağını bildirmişdir. Onların ən birincisi hələ peyğəmbərimizin dövründə peyda olmuşdu. O, Məhəmməd peyğəmbəri (s.a.v.) ümmətə ədalətsiz böyüklük etməkdə günahlandırmışdı. Allahın Elçisi bu hadisədən sonra xəvariclər adlandırdığı bu azğın gənclər haqqında ətraflı məlumat verərək onları ümmətə tanıtdırmışdır. Belə gənclərdən Allaha sığınırıq.
Allaha dua edirik ki, bizim böyüklərimizi qorusun. Onlardan vəfat edənlərin qəbrini nurla doldursun. Bizi də onlara layiqincə hörmət edən müsəlmanlardan etsin.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.