Qədr gecəsi haqqında hədislər

Qədr gecəsi haqqında hədislər
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Qədr gecəsi haqqında hədislər

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da” (Vəsailüş-şi, 8-ci cild, səh. 21).

“Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvari min il at çapsa, kölgəsi qurtarmaz. Hər rükuya görə Allah ona cənnətdə dürr-yaqutdan, ləl-cəvahiratdan tikilmiş ev verər. Hər oxuduğu ayəyə görə Allah ona cənnət taclarından bir tac verər. Hər təsbihinə görə ona cənnət quşlarından bir quş, hər oturuşuna (təşəhhüd halındakı oturuş nəzərdə tutulur) cənnət dərəcələrindən bir dərəcə, hər təşəhhüdünə görə cənnət hücrələrindən bir hücrə, hər salamına görə də cənnət xələtlərindən bir xələt bağışlayar...” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

“(Qədr gecəsinin sonunda) Günəş doğarkən Cənab Cəbrail (ə) ucadan haray çəkər: “Allah-təala Mühəmməd (s) ümmətinin ehtiyaclarına nə cavab verdi?” (Mələklər) deyərlər: “Allah onlara (müsəlmanlara) nəzər saldı, onların günahını bağışladı və onları əfv etdi; yalnız bu dörd dəstədən başqa: şərabxor, ağvalideyn, qohumlarla rabitəni kəsən və sehirbaz” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 459).

Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.

Musa Peyğəmbər (ə) buyurdu: “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (yəni Allahı müqəddəsləşdirib, Onu zikr edən) adama şamil olar”.

Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”.

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).

İmam Əli (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; hətta yuxulu olanların üzünə su səpib oyadardı. Həzrət Fatimeyi-Zəhra (ə) ailə üzvlərinin Qədr gecəsində yatmalarına imkan verməzdi, onlara həmin gün az yemək verərdi (ki, yuxuları gəlməsin). Özü də günortadan bu gecəyə hazırlaşar və buyurardı: “Əsil məhrum o şəxsdir ki, bu gecənin bərəkətindən məhrum qalır” (Dəaimül-İslam, 1-ci cild, səh. 282).

İmam Mühəmməd Baqirdən (ə) soruşdular ki, “Qədr gecəsi min aydan xeyirlidir” ayəsinin mənası nədir? Buyurdu: “Bu gecədə namaz, zəkat, xeyirli iş qismindən olan saleh əməllər, bu gecənin olmadığı min ayda edilən eyni işlərdən daha yaxşıdır...” (əl-Kafi, 4-cü cild, səh. 158).

Bir nəfər imam Baqirdən (ə) soruşdu: "Ey Allahın höccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?". İmam Baqir (ə) buyurdu: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər".

Deməli, məlum olur ki, Yer üzü heç vaxt höccətsiz qalmayıb və qiyamət gününə qədər də höccətsiz olmayacaq. Və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi imamı ziyarət edib onu salamlayırlar.

Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilmir. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklərə qatlaşıb ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra möminləri də salamlayırlar.


Qədr surəsi


1. İnna ənzəlnahu fi ləylətil qədr.

2. Vəma ədrakə ma ləylətul qədr.

3. Ləylətul-qədri xəyrun min əlfi şəhr.

4. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr.

5. Səlamun hiyə hətta mətləil fəcr.



Qədr surəsinin tərcüməsi



1. Biz Qur"anı qədr gecəsində Peyğəmbərimizə nazil etdik.

2. Qədr gecəsinin nə olduğunu bildirdik.

3. Qədr gecəsi min aydan yaxşıdır.

4. O gecədə mələklər və ruh işləri yerinə yetirməyə nazil olarlar.

5. O gecə fəcrin açılmasına qədər səlamətlikdir.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex