Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İxlası qazanmağın yolları

İxlası qazanmağın yolları
0
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 3 156
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
İxlası qazanmağın yolları


Hər işdə Allahın razılığının ən çoxunu qazanmaq


Qarşılaşdığı hər hadisədə ixlaslı olmaq istəyən bir insan hər işində "Allahın razılığının ən çoxu"nu axtarmalıdır. Allahın bu əmri "(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! (Maidə surəsi, 48) ayəsində keçən "yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın" sözləri ilə insanlara xatırladılmışdır. Bir başqa ayədə isə bu şəkildə buyurulmuşdur:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür! (Fatir surəsi, 32)

Ayədə də bildirildiyi kimi, Allaha iman etdikləri halda "orta yol tutan" insanlar da vardır, "yaxşı işlərdə önə keçənlər" də. İxlas sahibi olan müsəlman yaxşı işlərdə yarışır. Həyatının hər anında Allahın razı qalacağı rəftarları göstərmək üçün ciddi səy göstərir, əlindəki bütün imkanları istifadə edərək saleh qullardan olmağa çalışır.

Dini yaşamaqda orta yolu tutanlar və yaxşı işlərdə yarışıb önə keçənlər arasındakı fərqi bu şəkildə açıqlaya bilərik: insan həyatı boyunca bir çox hadisələrlə qarşılaşır. Həyatına necə istiqamət verəcəyi, hadisələr qarşısında necə reaksiya verəcəyi, hansı əxlaqı göstərəcəyi mövzusunda hər zaman müxtəlif variantlarla qarşı-qarşıya gəlir. Seçim isə tamamilə öz vicdanından asılıdır. Bu variantlar arasında hər zaman Allahın razılığına uyğun olmayan alternativlər, yəni seçilə biləcək bir başqa yol, üsul, variant da vardır. İman edən insanın diqqəti bu dindənkənar variantlara qarşı son dərəcə açıqdır. Bu səbəbdən də bu ehtimalları qeyd-şərtsiz rədd edər və Allahın razılığına uyğun olan rəftarı seçər. Bu məqamda əhəmiyyətli olan isə budur: variantlar hələ sona çatmamışdır. Hələ də qarşısında alternativlər, başqa yollar var və bunların hamısı da Quran əxlaqına uyğun rəftarlar ola bilər. Ancaq yenə də bu vəziyyət insanı aldatmamalıdır. İnsanın bu mərhələdə vicdanını və diqqətini bir daha cəmləyib Allahın razılığını güdərək seçim etməsi lazımdır. Əgər insan özünə "orta bir yolu deyil", "yarışıb önə keçənlərdən" olmağı seçmişdirsə, o vaxt hansı qərarı versə, Allahın ən çox razı olacağını asanlıqla anlayar. Bu səbəbdən, qarşısına çıxan bütün bu alternativ yollar arasından Allahın ən çox razı qalacağı, bu səbəbdən özünün də ən çox əcri, yəni savabı qazanıb, Allaha yaxınlaşmaq üçün ən çox yolu qət edə biləcəyini ümid etdiyi rəftarı seçər. Bu seçimin digərlərindən fərqi isə buna nəfsin qarışmaması və tam olaraq Allahın razılığını hədəfləməsidir. Bu vicdanı, diqqətli davranışı da ona ixlası qazandırar. Quranda iman edənlər arasında yarışıb önə keçən saleh qullardan bu sözlərlə bəhs edilmişdir:

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 113-114)

İnsanın qarşısında minlərlə alternativ olduğunda belə, bütün bunlar arasından Allahın ən razı qalacağı variantı görə bilməsi son dərəcə asandır. Allaha yaxınlaşma axtarışı içərisində olan və hadisələrə iman gözü ilə baxan bir insan üçün bu alternativ yanıb-sönən bir işıq qədər dəqiq və diqqətə çarpandır. Məsələn, insan gününü necə keçirəcəyi mövzusunda Allahın razılığının ən çoxuna görə bir seçim etməsi lazım olduğunda qarşısında bir çox alternativ olduğunu görər. Bütün gününü evdə oturub idman edərək və televizoru izləyərək keçirə bilər. İdman etməyin sağlamlığını qorumaq üçün əhəmiyyətli olduğunu, televizor izləməyin də mədəniyyətini artıracağını söyləyərək bunlarda Allahın razılığını gördüyünü söyləyə bilər. Amma dünyada dinsiz cərəyanların üstünlük təşkil etdiyi bir dövrdə İslam torpaqlarında əziyyət çəkən qadınlar, yaşlılar və uşaqlar "Rəbbimiz Allahdır" dedikləri üçün öldürülərkən, müharibələr, qarşıdurmalar və əxlaqsızlıq bu dərəcədə artdığı halda, iman edən bir insanın bütün gününü idmana və televiziyaya ayırması vicdanlı rəftar olmaz.

Bunun yerinə Quran əxlaqının mükəmməlliyini digər insanlara izah edib, onların da axirətlərinə səbəb olmağa çalışması heç şübhəsiz, digərindən daha xeyirli davranış olacaq. Çünki bu "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir". (Ali-İmran surəsi, 104) ayəsi ilə də bildirilmiş, hər müsəlmanın boynuna götürməsi lazım olan məsuliyyətdir. Bu istiqamətə yönəldiyi təqdirdə öz axirəti üçün ibadət və saleh əməl etmiş olar. Bununla bərabər, ayənin hökmünü yerinə yetirib, din əxlaqını təbliğ etdiyi və başqalarının da hidayətlərinə səbəb olduğu üçün əcri qazanmış olacaq. Bu davranışın insana Allahın razılığını daha çox qazandıra biləcəyi isə son dərəcə açıqdır. Allah bu vəziyyətə Quranda belə bir nümunə vermişdir:

(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır). (Tövbə surəsi, 19-20)

Ayələrdən də aydın olduğu kimi hacılara su vermək, ya da Məscidülhəramı təmir etmək də Allahın razılığına uyğun olan xeyirli davranışlardır. Ancaq imkanları olduğu halda, ibadətlərini bu davranışlarla məhdudlaşdıranların özlərini aldatmamaları və etdiklərinin yetərli olduğunu görməmələri son dərəcə əhəmiyyətlidir. Çünki müqayisə edildiyində bunların Allah yolunda malı və canı ilə mübarizə edən bir insanın davranışları ilə bir olmadığı görünər. İnsanın daha da gözəlini, daha da xeyirlisini, ya da təqvaya, Quran əxlaqına daha uyğun olduğunu bildiyi rəftar varkən, bundan daha azını seçməsi ixlasa uyğun davranış olmaz. Çünki vicdanını tam olaraq istifadə etməməsi, bir az da olsa nəfsinə pay ayırması, öz rahatlığından və öz mənfəətlərindən vaz keçə bilməməsi mənasını verər. Halbuki, Qurana uyğun olan rəftar nə qədər nəfsinə ağır, nə qədər çətin gələn iş olsa da və nə qədər fədakarlıq tələb etsə də hər zaman Allahın razılığını qazana bilməsi üçün nəfsani mənfəətlərindən üstün tutmasıdır. Bu şüur möminə ixlası, bir-birinin ardınca gələn saleh əməllərinə görə də Allahın razılığını, rəhmətini və cənnətini qazandırar.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.