Zəmzəm suyu haqqında
- 06 may 2024
- Bölmə: Digər bilmədiklərniz / Tarix
- Baxış: 384
- Şərhlər: 0
- Müəllif: movlan
Zəmzəm quyusu Məkkədəki Məscidi-haramdakı Həcərül-əsvədin qarşısında Kəbəyə 19 metr uzaqlıqda yerləşir.
Hz.İsmayılın anası Hz.Həcər xeyli su axtarandan sonra övladının qoyduğu yerdən suyun fışqırdığını görmüş və “yavaş-yavaş, dayan-dayan!” demiş, sonra da ətrafa yayılmasın deyə həmin yerin kənarlarına qum tökməyə başlamışdır. Deyilənə görə, bu hadisə suya zəmzəm adının verilmə səbəbidir.
Hz.İsmayılın adı ilə məşhurlaşan quyu Məkkə üçün əhəmiyyətinə görə, fiziki və kimyəvi tərkibinə uyğun olaraq təqribən altmışa yaxın adla adlandırılmışdır. Quranda Zəmzəm kəlməsinə rast gəlinmir. Amma hədislərdə Zəmzəm kəlməsinə tez-tez rast gəlmək mümkündür.
Rəvayət olunur ki, Hz.İbrahim oğlu İsmayıl və yoldaşı Hz.Həcəri az miqdarda su və ərzaqla Məkkə vadisində qoyub gedir. Övladının susuzluqdan ölməsindən qorxan Hz. Həcər Səfa və Mərvə təpələri arasında su axtarmağa başlayır. Yeddi dəfə həmin təpələr arasında gedib-gəlir. Yeddinci yürüşdə Mərvə təpəsinə yaxınlaşarkən oğlunu qoyduğu yerdə bir səs eşidir. Hz.Cəbrayıl tərəfindən qazılan torpaqdan suyun fışqırdığını anlayır. Yerdən çıxan su ilə İsmayılın oynadığını görür və suyun qabağını kəsərək gölməçə formasına salmağa çalışır. Quraq Məkkə vadisində özlərinə suyun verildiyini görən Hz.Həcər Allaha şükür etmiş və qabını su ilə dolduraraq eyni zamanda suyun axışına mane olmağa çalışmışdır.
Hz.Cəbrayılın zəmzəm suyundan içən və körpəsini əmizdirən Hz.Həcərə “Bu suyun yox olacağından, quruyub itəcəyindən qorxma. Bura Allahın evidir. Allah dostlarını qoruyar. Su da Allahın qonaqlarının içəcəyi sudur.” dediyi bildirilir. Bundan əlavə bildirilir ki, Zəmzəm İsmayılın bir neçə dəfə topuqlarını yerə vurmasından sonra çıxmağa başlamışdır.
Zəmzəm tək gözdən qaynayan bulaq idi. Hz.İbrahim tərəfindən quyu halına salınmış və bundan sonra Hz.Həcər və oğlu həmin quyu ətrafında məskunlaşmağa başlamışdır. Zəmzəm quyusu ilə Məkkə ərazisində həyat canlanmağa başladı ki, bu da Yəmən-Suriya yolunda səyahət edənlərin diqqətini ora çəkdi. Əslən Yəməndə məskunlaşan Cürhüm qəbiləsinə məxsus karvan səyahət əsnasında Məkkə yaxınlığında dayanarkən uzaqda quşların uçuşduğunu gördülər. Və həmin yerdə su olduğu qənaətinə gələrək iki nəfəri ora baxmaq üçün göndərdilər. Beləliklə orda suyun olduğunu öyrəndikdən sonra Məkkədə yaşamağa qərar verdilər. Bunun üçün Hz.Həcərə müraciət etdilər. Hz.Həcər də zəmzəmdən istifadə etmək və onu özününküləşdirməmək şərtilə onların Məkkədə məskunlaşmasına razı oldu.
Məkkədə insanların məskunlaşma səbəbi olan Zəmzəm quyusu Hz.İbrahim və oğlu Hz.İsmayıl tərəfindən təməlləri atılan Kəbə ilə birlikdə Məscidi-haramın müqəddəs sayılan məkanlarından biri oldu. Sonralar həcc və ümrə üçün Məkkəyə gələnlər bu sudan çox faydalandı.
Məkkədə çoxalan Cürhüm qəbiləsi tədricən Hz.İbrahim və Hz.İsmayılın sünnə¬sini tərk edərək Allahın evinə qarşı hörmətsizliyə, ora gələnlərlə pis rəftar etməyə başladılar. Buna görə də bir müddət zəmzəm quyusunun suyu çəkildi.
Cürhüm qəbiləsi bölgəyə gələn Xuzəa və onları dəstəkləyən Kinanəoğulları ilə mübarizədə məğlub oldular. Buna görə də Həcərül-əsvədi yerindən götürərək başqa yerə basdırdılar. Sonra da içinə qiymətli əşyalar atılan zəmzəm quyusunun da üstünü örtdülər və yerini tanınmaz hala gətirərək Yəmən tərəfə köç etdilər. Əsrlərlə üzərindən sel suları keçən quyunun ağzı tamamilə bağlandı.
Sonralar Zəmzəm quyusu Hz.Peyğəmbərin (s) babası Əbdüməttəlib tərəfindən yenidən aşkarlandı. Kəbənin kölgəsində və Hicr adlandırılan yerdə yatarkən gördüyü yuxu Əbdüməttəlib üçün bir başlanğıc idi. Bir nəfər ona səslənir:
− Ayağa qalx! Zəmzəmi qaz, − deyirdi.
Əbdülmüttəlib ondan soruşur:
− Zəmzəm nədir?
Cavabında ona deyilir:
− Zəmzəm heç vaxt kəsilməyəcək və dərinliyinə varılmayacaq, sonsuz dərinliyə malik bir sudur. Onunla hacılarrın su ehtiyacını ödəyərsən. O, Kəbədə qurban qanla¬rı¬nın töküldüyü yerlə digər tullantıların atıldığı yerin arasındadır. Alaca qanadlı bir qarğa gəlib dimdiyi ilə həmin yeri işarə edəcək. Həmçinin orada bir qarışqa yuvası da var.
Bütün bunlar Əbdüməttəlibi dərin düşüncələrə sövq etmişdi. Belə ki, Zəmzəmin varlığından xəbərdar idi, çünki cürhümlülər düşmən istilasından qaçarkən əllərindəki bütün qiymətli əşyaları bura atmış və üstünü örtüb getmişdilər. Ancaq onun yerini bilən kimsə qalmamışdı və buna görə də bu, bir əfsanəyə çevrilmişdi. Amma indi həmin yer dəqiqliklə təsvir edilir, ona heç vaxt kəsilməyəcək və dibinə enilməsi mümkün olma¬yacaq bir suyu çıxarmaq əmr edilirdi.
Əbdüməttəlib əlamətləri verilən yerə gəlir. Deyildiyi kimi, bir alaca qarğa bir məkana enib-qalxır, dimdiyi ilə də, sanki, bu yerə işarə edirdi. Əbdüməttəlib bir az yaxınlaşınca qarışqa yuvasını da görür. Daha şübhəsi qalmamışdı. Ertəsi gün oğlu Harisi də özü ilə götürüb həmin yerə gəlir və Zəmzəmi qazmağa başlayır.
Çox keçmədən quyunun ağzını örtən böyük və dairəvi daş görünür. Quyunun qapağını qaldırarkən oranın hər cür zinət əşyası və qiymətli əşyalarla dolu olduğunu gorürlər. Əbdüməttəlib və oğlu Haris bir tərəfdən onları bir-bir quyudan çıxarır, digər tərəfdən isə quyunun altından gələn bir nəmişlik özünü hiss etdirirdi. Artıq vaxt tamamdı, çox keçməmiş Zəmzəm də ortaya çıxır.
Onlara heç kimə nəsib olmayan bir lütf ehsan edilmişdi. Əlbəttə, bu cür nemət onu verənə təşəkkür etməyi zəruri edirdi və işin bu yerində Əbdüməttəlib:
− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır.
Bu həyəcan qureyşlilərin də diqqətini cəlb etmişdi. Az sonra onun ətrafın¬da böyük bir halqa meydana gətirirlər.
− Bu, babamız İsmailin mirasıdır, bunda bizim də haqqımız var. Bizi də bunlara şərik eləməlisən, − deyir və quyudan çıxan qızıl-gümüşü onlarla bölüşdürməsini istə¬yir¬dilər. Əbdüməttəlib onlara: Xeyr, bunu edə bilmərəm. Çünki bu, ancaq mənə bəxş edilmiş xüsusi bir durumdur, − cavabını verir. Amma onlar israr edirlər.
− İnsaflı ol! Səninlə döyüşməli də olsaq, əl çəkəsi deyilik, − deyə onu təhdid edir¬dilər. Hətta aralarından Ədiyy ibn Nofəl irəli çıxaraq Əbdülmüttalibə:
− Bu necə ola bilər? Sən tək adamsan. Yanında oğlundan başqa heç kimin yoxdur. Hansı cəsarətlə bizə qarşı çıxır, istəklərimizi yerinə yetirmirsən? − deyir və tələblərinə boyun əyməsi üçün Abdulmuttalibə, sanki, meydan oxuyurdu.
Əbdüməttəlib Ədiyyin sözlərindən təsirlənmişdi. Güc və qüvvəni ancaq yanın¬dakı adamların sayı ilə ölçən Ədiyyə başa düşdüyü dillə cavab verməli idi. Buna görə də Əbdülmüttalib əllərini açır, üzünü səmaya tutaraq bunları söyləməyə başlayır:
− And içirəm ki, əgər Allah mənə on oğul verərsə, bunlardan birini Kəbənin ya¬nında qurban edəcəyəm! Bu, içdən gələn bir dua olduğu kimi, Beytullahın kölgəsində Allaha verilmiş söz idi.
Ancaq çəkişmə davam edirdi. Bu əsnada Əbdüməttəlib bir təklif irəli sürür:
− Gəlin, bu məsələ haqqında aramızda hökm verməsi üçün istədiyiniz adamı hakim təyin edək. Pis təklif deyildi. Çünki istədikləri adamı təklif edə biləcəkdilər. Tərəddüd etmədən:
− Sadoğullarının kahini, − deyirlər. Bu adam Şam əşrəfindən olmaqla sayılıb seçilən və mötəbər bir şəxs idi. Onsuz da Əbdüməttəlib üçün heç nə dəyişməyəcəkdi:
− Olar, − deyib başını aşağı saldı.
Bundan sonra yaxın qohumlarını da özü ilə götürən Əbdüməttəlib və ondan pay tələb edənlər hər qəbilədən bir nümayəndə ilə Şam tərəfə yola düşürlər. Yol uzun, şərait çətin idi. Yollarda əsas etibarilə səhra şərtləri hakim idi.
Qədərin bir təcəllisi olaraq, Hicazla Şamın arasında bir yerə çatanda Əbdüməttəli¬bin və yanındakıların suyu qurtarır. Səhrada suyun qurtarması ən böyük fəlakət, ölüm demək idi. Səbr edib bir müddət davam etdilər, amma ucsuz-bucaqsız səhra bitib-tükən¬mirdi. Çarəsiz qalıb aralarında mübahisə olsa da, yol yoldaşları olan məkkəli¬lər¬dən su istəyirlər. Amma onların su vermək niyyəti yox idi:
− Biz də səhradayıq və biz də sizin kimi susuz qalmaqdan qorxuruq, − deyirlər.
Artıq onların kömək etməyəcəyini başa düşmüşdülər. Bu dəfə Əbdüməttəlib yanındakı qohumlarına tərəf dönərək:
− Siz nə fikirləşirsiniz? − deyə soruşur.
− Biz sənə tabeyik. Sən nə desən, onu da edərik, − cavabını verirlər.
Belə vəziyyətdə iki yol qalırdı; ya dayanıb ölümü gözləməli, ya da ətrafa dağılışıb su axtarmalı idilər. Onlar ikinci variantı seçdilər. Su tapmaq məqsədi ilə axtarışa başladılar. Dəvəsinin yanına gələn Əbdüməttəlib ayağa qalxan dəvənin altından şirin su fışqırdığını görüncə Zəmzəmdə olduğu kimi həyəcanlanır:
− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır. Hamı dərhal onun başına toplaşır. Mənzərəni görənlər dəhşətə gəlmişdi. Susuzluğun başlıca təhlükə olduğu və insanların, heyvanların susuzluqdan tələf olma həddinə çatdığı bir yerdə, həm də belə qızmar səhranın ortasında, hətta torpağın üstünə qədər çıxan belə bir suyun varlığı, həqiqətən, təkbir gətirməyi zərurətə çevirən açıq-aşkar bir inayət idi.
Əvvəlcə Əbdüməttəlib qılıncı ilə suyun çıxdığı yeri genişləndirir, ardınca həm yoldaşları su içir, həm də heyvanları suvarırlar. Sonra da birgə gəldikləri və özləri susuz qalacaq deyə onlara su verməyən məkkəliləri dəvət edir:
− Gəlin, Allahın bizə bəxş etdiyi sudan siz də için və heyvanlarınızı da suvarın, − deyir.
Hamı bir-birinin üzünə baxır. Gözlərinə inana bilmirdilər. Bu, mümkün deyildi. Amma həqiqət idi. Əvvəlcə gəlib sudan doyunca içir, sonra heyvanlarını gətirib suva¬rırlar. Bu qədər aşkar bir lütf qarşısında utanmışdılar: su vermədikləri Əbdüməttəlib əlindəki suyunu onlarla bölüşürdü. Vicdan əzabı çəkdikləri hallarından hiss olunurdu. Çox keçmədən Əbdüməttəlibə yaxınlaşıb belə deyirlər:
− Ey Əbdüməttəlib, Allaha and olsun ki, hökm bizim əleyhimizə nəticələndi. Vallah, Zəmzəm məsələsində səninlə əsla çəkişməyəcək, haqq tələb etməyəcəyik. Şüb¬həsiz ki, sənə Zəmzəmi bəxş edən də − bu səhrada suyu lütf edən Allahdır. Məsələ artıq xoşluqla həll edilmiş, hakimin yanına getməyə də ehtiyac qalma-mışdı. Bir müddət isti¬rahət edib Məkkəyə qayıdırlar.
Uzun müddət rəyasət (rəhbərlik, rəislik) vəzifəsini layiqincə yerinə yetirən Əbdüməttəlibin bu illərdə on oğlu dünyaya gəlmişdi. On oğlunun da sağlam boya-başa çatdığını və ona dayaq olacaq yaşa gəldiyini görüb Zəmzəmi tapanda dediyi nəziri xatırlayır, sözünü yerinə yetirmək üçün onlardan birini qurban vermək istəyir. Çünki Allaha səmimi qəlbdən dua etmiş və istəyinə cavab verildiyi təqdirdə oğlanlarından birini Kəbədə qurban edəcəyini nəzir demişdi.
Əvvəlcə oğlanları Haris, Zübeyr, Hacəl, Dirar, Muqavvim, Əbdülüzza (Əbu Ləhəb), Abbas, Həmzə, Əbu Talib və Abdullahı öz hüzuruna toplayıb məsələni onlarla müzakirə edir. Nəzir ataları tərəfindən deyilmişdi, etiraz etmək olmazdı, onlar da qəbul etdiklərini bildirdilər. Ancaq qurbanın hansı yolla müəyyənləşdiriləcəyi hələ məlum deyildi. İşin bu yerində Əbdüməttəlib hər birinin bir ox götürməsini və üstünə adını yazıb ona verməsini tələb edir. Atalarının bu istəyi də dərhal yerinə yetirilir. Sonra oxları da götürüb Kəbədəki Hübəl bütünün yanına girən Əbdüməttəlib oxlardan birini çəkir. Həyəcanla oxun üstündəki ada baxır: “Abdullah” yazılmışdı. Abdullah onun ən çox sevdiyi sonbeşiyi idi. Onun yerinə yüz dəvə qurban verərək nəzirini yerinə yetirdi.
Quyunun yeri aşkarlanandan sonra siqayə və rifadə vəzifələrinə Zəmzəm quyu¬suna nəzarət də əlavə olundu. Bu isə Əbdüməttəlibin nüfuzunu daha da artırdı.
Zəmzəm quyusu tarix boyu Kəbəni ziyarət edənlərin su ehtiyacını qarşılamışdır. Zəmzəm suyu sadəcə susuzluğu yox, eyni zamanda aclığı da ortadan qaldırırdı. Rəsu¬lul¬lahın (s) baxıcısı Ümmü Eymən Onun səhərlər zəmzəm suyu içdiyini, bəzən isə bütün gün boyu yemək yemədiyini deyir.
Əbdülmüttəlibin dövründən etibarən zəmzəm xurma və kişmişlə bərabər içilirdi. Əbdülmüttəlib dəvələrini sağar, südlərini balla qarışdırıb zəmzəmlə bərabər hacılara paylayardı.
İstinad:Şahlar Şərifov
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.