Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Təbuq qəzvəsi (müharibəsi)

Təbuq qəzvəsi (müharibəsi)
+3
Mətndə qrammatik səhv var?

Təbuq Suriya sərhədi ilə Hicr və Şam arasında yerləşən bir bulağın adıdır.
Şamdan gələn bir nəfər Hz.Peyğəmbərə (s) xəbər verdi ki, Bizans ordusu böyük bir ordu ilə Mədinəyə hücum edib islamiyyəti yox etmək istəyir. Həmin
ordu hal-hazırda Mədinə yaxınlığında olan Bəlqa məntəqəsinə çatmışdır. Bu
orduda Ləxim, Amilə, Qəssan və Cəzzam qəbilələri də iştirak edirdilər.(65)
Bundan xəbər tutan Hz.Peyğəmbər (s) dərhal göstəriş verir ki, Bizansa qarşı döyüşmək üçün ordu toplansın. Həmin vaxt Mədinədə məhsul yığımı vaxtı
olduğu üçün Hz.Peyğəmbər (s) ordu toplamaqda çətinlik çəkirdi. Təbuq döyüşünə İslam tarixində “fazihə” döyüşü də deyilir. Çünki bu döyüşdə münafiqlərin çoxu rüsvay olmuşdur. Təbuq döyüşünün digər bir adı isə “ceyşul-uşrət”dir.
Çünki bu döyüşdə iştirak edən əsgərlər çətinlik və qıtlıqdan əziyyət çəkmişlər.
Eyni zamanda Təbuq döyüşü əsl möminləri münafiqlərdən ayırmaq üçün gözəl
bir fürsət idi. Çünki bu döyüşdə bəzi şəxslər müxtəlif bəhanələr gətirərək ordudan yayınmağa çalışırdı.

Təbuq döyüşündə iştirak etməyənlər bir neçə qrupa bölünür:


1) Şəhvətpərəstlər: Hz.Peyğəmbər (s) münafiqlərdən olan Cədd ibn Qeysi
döyüşə çağırdıq da o, qadınpərəst olduğunu bəhanə gətirərək ordudan yayınır.
Bu zaman Qurani-Kərimin Tövbə surəsinin 49-cu ayəsi nazil olur. Ayədə deyilir: “Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izn ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri qaplayacaqdır!”

2) Münafiqlər: Bəzi münafiqlər də özləri döyüşə getməməklə yanaşı digərlərini də döyüşə getməkdən yayındırmağa çalışırdılar. Onlar havanın isti olmasını bəhanə gətirərək ordudan yayınırdılar. Onların bəhanəsinə cavab olaraq Qurani-Kərimin Tövbə surəsinin 81-ci ayəsi nazil oldu. Ayədə deyilir: “(Təbuq döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (bir-birlərinə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbər!) De: “Cəhənnən odu daha
istidir!” Kaş biləydilər!” .

Bəzi münafiqlər də bizanslıların həddən artıq güclü olduğunu deyərək müsəlmanları döyüşə getməkdən çəkindirirdilər.(66)
3) Ağlayanlar: Bəzi səhabələr də var idi ki, onlar həqiqətən döyüşdə iştirak etmək istəsələr də heç bir vəsaitləri olmadığı üçün döyüşə gedə bilmirdilər. Bu şəxslərə İslam tarixində “ağlayanlar” deyilir və onlar haqqında Qurani-Kərimin Tövbə surəsinin 92-ci ayəsində belə buyurulur: “(Döyüşə getməyə minikdən ötrü) gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, – deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərə də heç bir günah
yoxdur!”

4) Məhsul yığanlar: Səmimi qəlbdən İslamı qəbul edən Kəb, Hilal və Mürarə kimi bəzi səhabələr də məhsullarını toplamadıqları üçün belə qərara gəlirlər ki, məhsulu toplayıb qurtardıqdan sonra Mədinədən çıxıb orduya qoşulsunlar. Qurani-Kərimin Tövbə surəsinin 118-ci ayəsində onlar haqqında belə buyurulur: “Həmçinin (Təbuq döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara (əvvəlki hallarına) qayıtmaq üçün tövbə nəsib etdi və tövbələrini qəbul buyurdu. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.”

Döyüşdən qayıtdıqdan sonra Hz.Peyğəmbər (s) və müsəlmanlar bir müddət onlarla danışmırlar.

5) Fədakar möminlər: Bəzi möminlər özləri döyüşə gedə bilməsələr də, onlar ordunun toplanmasında yaxından iştirak etmişlər.
Bütün bu çətinliklərə baxmayaraq Hz.Peyğəmbər (s) 30000 nəfərlik ordu
toplayaraq Mədinədən Bizansa doğru hərəkət etdi. Hz.Peyğəmbər (s) Mədinədən çıxarkən Hz.Əlini (ə) Mədinədə qoydu ki, Mədinə münafiqlərinin çevriliş cəhdinin qarçısını alsın. (Hz.Peyğəmbərin (s) iştirak etdiyi döyüşlərdən yalnız Təbuqda Hz.Əli (ə) iştirak etməmişdir).
Hz.Əlinin (ə) Mədinədə qalmasından narahat olan münafiqlər belə şayiə yaydılar ki, guya Hz.Əli (ə) ilə Hz.Peyğəmbərin (s) arası pozulduğu üçün onu özü ilə döyüşə aparmamışdır. Bundan narahat olan Hz.Əli (ə) arxadan Hz.Peyğəmbərə (s) çataraq Mədinədə baş verənləri ona çatdırır. Bu zaman Hz.Peyğəmbər (s) buyurdu:“Ya Əli! Mədinəyə qayıt. Çünki Mədinənin işlərinə nəzarət etməyə mən və səndən başqa layiqli bir şəxs yoxdur. Sən mənim qohumlarım arasında qəyyumumsan. İstəmirsənmi mənə olan nisbətin Harunun Musaya olan münasibəti kimi olsun? Bircə fərq odur ki, məndən sonra peyğəmbər gəlməyəcək. Əgər gəlmiş olsaydı o mütləq sən olardın. Harun Musadan bilavasitə sonra onun canişini olduğu kimi sən də məndən sonra bilavasitə mənim canişinimsən.”(67) Hz.Peyğəmbər (s) 30000 nəfərlik ordu ilə Təbuq adlı məntəqəyə gəlsə də heç bir Bizans ordusuna rast gəlməyib ordu ilə məşvərət etdikdən sonra Mədinəyə qayıtdı. Hz.Peyğəmbər (s) Təbuqdan qayıdarkən Bizans sərhəddində yerləşən “İlə”, ”Əzrə” və “Cərba”nın xaçpərəst hökmdarları ilə müqavilə bağladı ki, onlar Bizansla əlbir olub müsəlmanlara qarşı mübarizəyə qalxmasınlar.(68) Təbuq döyüşü Hz.Peyğəmbərin (s) iştirak etdiyi son qəzvə(müharibə) idi.


Mənbələr: Şahlar Şərifov-İslam tarixi səhifə 56-57-58
65. İbn Hacər Əsqəlani, Fəthul-bari.
66. Carullah Zəməxşəri, Rəbiul-əbrar.
67. Carullah Zəməxşəri, əl-Kəşşaf, Beyrut-1995.
68. Əbu Həyyan Əndəlusi, əl-Bədrul-muhit
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.