ATEİZM, DEİZM VƏ TEİZM. 14-cü mövzu.
- 05 yanvar 2017
- Bölmə: Ateistlərə cavablar
- Baxış: 4 033
- Şərhlər: 0
- Müəllif: besir
Bu gün gənclər hansı səbəbdən ateist və deist olurlar?
Bu məqalədə cəmiyyətimizdə indiyə qədər əlaqədə olub, söhbətləşdiyimiz ateist şəxslərlə görüşlərin, müzakirələrin, müşahidələrin nəticəsi olaraq yuxarıdakı suala cavab verməyə çalışdıq. Gerçək olan budur ki, bir teist-dindar kimi mən və mənim dostlarımı son zamanlar narahat edən bir mövzulardan biri də budur ki, Azərbaycanımızda və digər müsəlman ölkələrində insanlar, xüsusəndə gənclər niyə atezimə və deizmə bu qədər meyl edir, yönəlir və öz ailə nəsillərinin sahib olduğu inancdan niyə üz döndərirlər?. Bu məqalədə bu suala ibtidai və hamının başa düşəcəyi bir formada, qəliz terminologiyadan uzaq bir şəkildə qısa və konkret cavablar hazırladıq.
GƏNCLƏR NİYƏ ATEİST VƏ DEİST OLUR?
CAVABLAR:
1. Birinci səbəb budur ki, yetkinlik yaşına çatan və artıq düşüncəsi azad bir şəxsiyyət olaraq formalaşan gəncdə daxili müvəqqəti və keçici bir üsyan hissi baş qaldırır. Bu üsyan onun indiyə qədər bildiyi, öyrəndiyi hər şeyə qarşı yönələ bilir və qarşısına çıxan istənilən metafizik məlumatı yalan sayacaq qədər güclü olur. Psixoloqlar bu dövrü çox həssas bir dövr adlandırırlar. Çünkü bu yaşlarda gənclərdə düçüncə püskürməsi baş versədə, lakin bu düşüncə tələbatını qarşılayacaq elm, məlumat olmadığı üçün gənclər inkara meyillənir və düşdükləri düşüncə burulğanından, ilahi varlıq barədə bildiklərini inkar edərək qurtalacaqlarını zənn edirlər.
2. İkinci səbəb budur ki, gənclərdə yaranan bu düşüncə burulğanı və onun yaratdığı Allah barədə çoxlu sayda suallar cavabsız qalır, bu gənclər ya öz suallarını ətrafda olan tanışlara ictimai qınaqdan qorxduqları üçün bildirməkdən çəkinirlər və yaxudda onların ətrafında bu sualları cavablaya biləcək bir şəxs olmur. Bu cavabsız qalan sualların ardınca gələn digər suallar inadı və inkarı birazda gücləndirir . Gənc isə bu sualları tanıdığı birinə bildirdiyi zaman isə ya tənqid, ya istehza, ya çox bayağı bir cavab və yaxudda ciddiyə alınmama ilə qarşılaşır və bununlada Allaha olan inam zəifləyir.
3. Üçüncü səbəb budur ki, gənclər adətən hamıdan daha çox kefə, əyləncəyə, günaha, intim münasibətə meyilli olurlar. Adətən Allah qorxusu, dini qayda qanunlar, günah, cəza, cəhənnəm və digər məsələlər bir gəncin pak bir fitrətinin günah əyləncəyə tərəf getməsinə mane olur. Dinin mahiyyəti barədə kifayət qədər məlumatı olmayan, dinin əyləncəyə qarşı olduğunu düşünən gənc isə fikirləşir ki, din onun sərbəstliyin, azadlığın əlindən alır. Buna görədə rahat günah edib, rahat əylənməsi, öz valideynlərini və yaxınlarını rahat şəkildə aldatması üşün ən asan varinatı seçərək, Allahın və ya dinin varlığını inkar edir. Bir neçə din əleyhinə yazılmış məqaləni oxuyaraq və fikirlərə qulaq asaraq öz vicdanını susdurmağa çalışır və fikrini dinin əleyhinə olaraq formalaşdırır.
4. Dördüncü səbəb budur ki, bu gün müsəlman cəmiyyətlərində gənclərlə, uşaqlarla işləyəcək dini məlumatlarla malik psixoloqları yox səviyyəsindədir. Buna görədə din psixoloqu və dinlə, Allahla bağlı ilkin məlumat vermək vəzifəsi bu gün ilk olaraq valideynlərin öhdəsinə düşür. İndi nəzər alsaq ki, valideynlərin əksər böyük hissəsi komunist dönəmdə oxuyan pionerlər olub, dindən anlayışları olduqca azdır, dinə zahirən əməl edən deyillər, bu zaman o gənclərin halını müəyyən etmək çətin deyildir. İnsana ən yaxın şəxs olan ata və ananın insana çox uşaq yaşında, uşaqın bilik səviyyəsinə uyğun formada, Allah barədə məlumat verə bilməməsi və uşaqın bu barədə olan suallarına çox laqeyid və diqqətsizcəsinə göstərdiyi münasibət səbəb olur ki, insanda çox gənc yaşlarından ateist fikirlərin təməli qoyulur.
5. Beşinci səbəb budur ki, məktəblərdə tədris olunan tarix, anatomiya fənlərində darvinizmin, təkamül nəzəriyyəsinin tədris olunması və insanın Adəm və Həvvadan deyil, insana bənzər meymundan əməllə gəlməsi fikri gənclərin zehnində özünə məxsus formada yer edir. Sonrakı illərdə gəncin atesit fikirlər üçün aldığı ilham çox zaman məhz məktəb dərsliklərində olan bu tip yanaşmalar olur.
6. Altıncı səbəb budur ki, bu gün müsəlman cəmiyyətlərində atezmin təbliğatı artıq son dərəcə çoxalıb və hər evə daxil ola biləcək formada artıb. Sosial şəbəkələrdə, auditoriyalarda, saytlarda Allah və din əleyhinə yerləşdirilən materiallar düşüncəsi zəif və ya özünü azad hiss etmək istəyən xəyalpərəst gənclərin beynini zəhərləyir.
7. Yeddinci səbəb budur ki, ateizm barədə məlumat alan, Allahın inkarı barədə fikirləri qəbul edən bir gənc çalışıb dinə, Allaha olan iradlarına və öz dinə qarşı olan suallarına cavab olaraq öz səviyyəsində araşdırma aparmır, savadlı, intelektual səviyyəli ilahiyyatçılardan bu barədə heç nə soruşmur, teizm barədə məqalə və kitablarla maraqlanmır və din fəlsəfəsi ilə tanış olmur. Yalnız kor tutduğunu buraxmaz misalına uyğun olaraq beş üç çürük dəlilə əsaslanaraq dinə və Allaha inamını itirir.
8. Səkkizinci səbəb budur ki, bu gün ateistlik sanki bir ictimai elit səviyyə, prestij hesab olunur. Bəzi məlumat mərkəzlərindən cəmiyyətə elə təqdim olunur ki, din və dini qayda qanunlar köhnəlik və köləlik qalıqlarıdır. Şüuraltımıza yeridilərək, ictimai bir rəy yaradılmağa çalışılır ki, dinə riayət edərək yaşamaq bu günkü dövrün normativlərinə uyğun deyil və bu əsrin insanı dinsiz yaşamalı, Allahsız bir sərbəst, azad həyat sürməli, xətri nə istədisə onu da etməlidir. Qısacası bir heyvani həyat tərzini bəzəyərək elit bir həyat tərzi kimi təqdim edir və düşüncəsi dayaz, zəif və şüurunda yalnız və yalnız boş, mənasız əyləncə olan gənclər isə bu tip həyat tərzini onların nəfslərinə uyğun olduğu üçün sevə-sevə qəbul edirlər.
9. Doqquzuncu səbəb isə bu gün dini-elmi cameədə dinə yönəlmiş ateist və deist suallarına çox az bir formada cavab hazırlanır, hazırlanan cavabların əksəri şablon və çox keyfiyyətsiz cavablar olur. Bəzi ilahiyyatçılar isə ateist və deistlərlə hər hansı bir elmi mübahisəni, müzakirəni faydasız və mənasız görür. Buda olduqca yanlış bir fikirdir. Mənasız və nəticəsiz görsənsə də belə sualların və iradların cavablandırılması mütləq formada vacibdir. Burada çox dahi müsəlma mütəfəkkiri Mürtəza Mütəhhərinin bir sözünü qeyd etmək istərdim ki, o buyurur:
- İslamda cavabsız qalan sual yoxdur, sadəcə bəzi suallara cavab verməyi bacarmayan bəzi tənbəl din xadimləri mövcuddur.
Qəbul etmək çətin olsada bu gün ölkəmizdə və digər müsəlman ölkələrində İslam fəlsəfi və əqli məktəbinin inkişafı çox zəif gedir və bu zəiflikdən dolayıda atezim və deizm ideologiyası özünə ciddi rəqib görmür. Lakin bu heçdə ateistlərə və deistlərə cavab verilməməsi anlamına gəlməməlidir. Lazım olan qədər olmasada müəyyən qədər cavab vardır və araşdırma üçün kifayət edər.
10. Onuncu səbəb budu ki, ali təhsil müəssələrində yetərincə atest təfəkkürlü və ya dinə qarşı çox aqressiv mövqe tutan müəllimlər mövcuddur. Onlar çox məharətlə, söz oyunu quraraq, elmi dinə qarşı qoyaraq cavan və məlumatsız gəncləri atezim adlı bəlaya yoluxdura bilirlər.
11. On birinci səbəb budur ki, ateistlər çox zaman inadkar və qərəzli bir mövqeyə sahib olurlar. Əksər ateistlər həqiqəti tapa bilmədikləri üçün deyil, həqiqətdən qorxuqları və dinə çox mənasız və ucuz səbəblərdən düşmən olduqları üçün Allahı və dini inkar edirlər. Belələri ilə mübahisə zamanı hiss edirsən ki, onlar qarşı tərəfə, inanclı insanlara, dinə hörmət qoymağı bacarmır, məqsədli şəkildə, sanki öncədən "nə olur olsun mən deyən düz olmalıdır" məntiqi ilə ilə mübahisəyə daxil olurlar.
12. On ikinci səbəb isə budur ki, dindar, inanclı insanların içərisində də ateist və deistlərə qarşı olan kəskin, sərt və aqressiv mövqe ortaya qoyanlar vardır. Sağlam, əxlaqi formada müzakirə etmək, qarşı tərəfə tam qulaq asıb açıq dəlil ortaya qoymaq əvəzinə, iş dolaşıqa düşdüyü zaman lənət, aqresiya, təhqir sərgilənir. Buda təbii olaraq dindən və Allahdan küsənləri birazda inadkarlaşdırır, qərəz və düşmənçiliklərini artırır. "Bilmirəm" demək eyib deyil, bilmədən mübahisəyə girib, məğlub olub, təhqir və lənət demək eyibdir.
13. On üçüncü səbəb budur ki, teist və dindarlar arasında olan mübahisələr çox zaman düzgün formada təşkil olunmur və mübahisə mövzusu barədə hər iki tərəf fikirlərini anlaşılan formada çatdıra bilmir. Burada diqqətiniz bir məqama çəkmək istəyirəm ki, əziz oxucular, yalnız başqa bir ateisti təqlid edərək ateist olmuş şəxslə yalnız cəmiyyətə xatir dindar olmuş, dini və əqidəni sağlam ağlı ilə deyil, kimlərinsə təqlidi ilə qəbul edən bir dindar arasında keçən mübahisədə heç bir xoş nəticə əldə oluna bilməz. Mübahisənin əsas şərti budur ki, hər iki tərədə öz ideologiyasına qarşı inam olsun.
14. On dördüncü səbəb isə budur ki, əksər şəxslər dinin bəzi hökmlərinə, Peyğəmbərin bəzi davranışlarına və Qurani-Kərimdə səsləndirilən bəzi fikirlərə qarşı iradlı mövqe tutaraq ateist olur. Yəni cənab ateistlər Quranda yazılmış bəzi mövzuları humanizmə zidd hesab edir, Peyğəmbərin bəzi davranışlarının, möcüzələrin elmi, məntiqi əsası olmadığını iddia edir və tələskənliyə yol verirlər. Bütün bunların hər birinin özünə məxsus cavabı olasada çox təssüf ki, bir çoxları bu cavablarla tanış olmadan inadkarlıqla dinin yanlış olması barədə fikir irəli sürürlər.
Bu məqalədə yazılanlar barədə əziz inanclı insanları və hörmətli ateistləri bir daha düşünməyə dəvət edirik. Əgər həqiqəti axtarırıqsa o zaman gəlin biri-birimizə sevərək kömək edək. Gələn məqaləmizdə isə ateist ideologiyası ilə keyfiyyətli mübarizə yolları barədə söhbət açacayıq.
Bəşir Mənsurov. 05.01.2017
(Saytın materiallarından istifadə edərkən istinad vacibdir.)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.