Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 9-cu mövzu

ATEİZM, DEİZM VƏ TEİZM. 9-cu mövzu
0
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 9-cu mövzu


SUAL: Allah niyə bəlalara yol verir? Siz müsəlmanlar iddia edirsiz ki, Allah mərhəmətlidir, rəhimdir, mehribandır. Əgər Allah mehribandırsa o zaman niyə xəstəlikləri, bəlaları, zəlzələləri yaradıb? Bu qədər bəlanın yaranış səbəbini necə izah edirsiz?
CAVAB: Ateistlərin toxunduğu bu problem fəlsəfənin ən mübahisəli məsələlərindən biridir və bu mövzuya aid müxtəlif cavablar və fikirlər mövcuddur. Olduqca geniş cavaba malik bir sual olduğu üçün bu sualın özünü bir neçə hissəyə bölmək lazımdır. Suala cavab verməmişdən öncə qeyd edək ki, müsəlman əqidəsinə görə Allah heç zaman kimsəyə zülm etməz və heç kəsi əbəs yerə cəzalandırmaz. Birdə müsəlmanlar iddia etmir ki, Allah qəzəblənmir. Allah müəyyən mənada qəzəblənir, lakin bu qəzəb bizin anladığımız qəzəbdən fərqli olaraq nəfsə və hisslərə söykənən emosional qəzəb deyil, tam fərqli olaraq bütün bəşərin tərbiyəsinə, oyanmasına və günahkarların cəzalanmasına yönəlmiş bir qəzəbdir.

Bəlalar niyə vardır? Bu sualın cavabında ilk olaraq öncə qeyd edək ki, Allah bizi müəyyən faiz olaraq azad varlıq olaraq yaratmışdır. Bizim hər birimizin günah və ya itaəti sərbəst olaraq seçmək haqqımız vardır. Allah istəsəydi əgər prinsipcə bizim hamımızı mələklər kimi yalnız itaət edən olaraq yarada bilərdi. Lakin o zaman bizim azadlığımızı əlimizdən alması gərəkərdi. Amma yaradılış aləmində ən ali varlıq olan insanın dəyəri elə ona verilən bu seçim hüququnda və azadlığındadır. Allah yaratdıqlarının bütün ehtiyacını ödəyir, insanın isə bəzən ayılması və tərbiyəsi üçün bəla donunda olan rəhmətə ehtiyacı olur, Allah həmçinin bu ehtiyacıda qarşılayır. Misal olaraq özünü soyuqa verib, xəstələnən birisi, sağalması üçün ağrıdıcı iynəni və acı dərmanı qəbul etməsi kimi.

İkinci bir tərəfdən isə biz ömrümüzün çox hissəsini əsasən salamatlıqda keçiririk, xəstəliklər isə ömrümüzün qismən bir hissəsini əhatə edir. Yer kürəsində baş verən fəlakətlərdə həmçinin sabit günlərlə müqayisə də çox cüzi faiz təşkil edir. Yəni bəlalar müvəqqəti olur və keçicidir.

Yuxarıdakı suala cavabı düzgün başa düşmək üçün mütləq bizim bəlaya və əzaba baxışımız dəyişməlidir. Bu dünyada başımıza gələn bir çox bəla və müsibətlər bizim xeyrimiz üçün nəzərə alınıb. Qısacası belə deyək ki, əgər insan övladı ona verilən azadlıqdan sui istifadə edib, özünü bədbəxt etməsəydi, Allaha qarşı üsyan etməsəydi, günah və fəsad baş alıb getməsəydi, heç zaman bəlalar yer üzündə baş verməzdi və kimsəyə azacıq belə olsun xətər toxunmazdı. Allahın göndərdiyi hər hansı bir bəla, sözə baxmayan və sözlə tərbiyə olunmayan uşağa valideynin verdiyi fiziki cəzaya bənzəyir. Bu cəza valideynin uşağa olan nifrətindən deyil, əksinə onun tərbiyəsi üçün və təhlükədən uzaq olması üçün mehribanlıqdan və sevgidən qaynaqlanır. Yəni bir çox bəlalar Allahın qəzəbindən deyil, rəhmətindən qaynaqlanır.

İnsan həyatı boyu bir çox çətinliklərlə üzləşir. Hər bir insan ömründə bir neçə böyük imtahana, bəlaya tuş gəlir. İrili-xırdalı problemlər də öz yerində. İnsanı ən çox düşündürən, və eyni zamanda, ən çox da onun oyanmasına, ibrət götürməsinə səbəb olan amil - məhz imtahanlardır, bəlalardır. İnsan çətinliyə düşdükcə, onun özünü necə aparması mövzusu böyük əhəmiyyət kəsb edir. Necə ki, bir şəxs müəyyən idman növü ilə məşğul olur, amma yarışlar olmasa, onun məşğələlərdə öyrəndiyinin effektliyini yoxlamaq mümkün deyil, eləcə də, insanın özü ilə məşğul olmasının, özünə, öz daxili aləminə diqqət ayırmasının səmərəliliyi məhz imtahan və sınaqlarda büruzə verilir. Yəni bəla və çətinliklər insanın həqiqi kimliyini ortaya qoyan əsas amillərdəndir. Bəla və çətinlik insan ruhiyyəsini mətinləşdirir, insanın dözümün, səbrin qüvvətləndirir.

Bəzən insan sağlam halında qətiyyən Allahı, axirəti, yaradılış məqsədini düşünmür və ona verilən sağlam bədəni necə gəldi istifadə edir. Buna görə ona ifrat etdiyi üçün bir xəbərdarlıq olaraq xəstəlik göndərilir. Əslində bu xəstəlik insan əməllərinin təbii və fiziki nəticəsi olur. Əgər xəstəlik qorxusu və heç bir fiziki ağrı olmasaydı, siz təsəvvür edirmisiz ki, bəzi insanlar hansı növ cinayətləri edərdi və insan bütün hədləri aşardı. Baş verən xəstəlik bəzən ifrat edən insanlara bir xəbərdarlıq olur. Xəstəlik insanın sağlamlığına qiymət verməsi üçün çox lazımlı bir nemətdir. Digər tərəfdən - ilahi baxış bucaqdından isə bəzi növ xəstəliklər insanın etdiyi günahın cəzası olur və kəffarə şəklində ödənir. Yəni bəzi günahların cəzası bu dünyada xəstəlik cəzası vasitəsi ilə ödənir və axirət aləminə o günahdan əsər qalmır. Bu özüdə Allahın bir növ rəhmətidir.

Dünya həyatında olan digər çətinliklər isə insanın bir azad varlıq olaraq tərəqqisi, inkişafı və kamilləşməsi üçün nəzərdə tutulub. Əgər insan çətinlik görmədən inkişaf və mütləq kamillik istəyirsə o bilməlidir ki, bu Allahdan qeyri kimsəyə məxsus ola bilməz. Əgər insana əziyyətsiz kamillik verilsəydi belə, insan bu nemətin qədrini bilməz və Allahlıq iddiasına düşərdi, bununlada zəlalətə uğrayıb məhv olardı.

Bəlaların var olması isə digər tərəfdən insanın ictimai məsuliyyət daşıması üçündür. İnsan yer üzünü öz vətəni, öz evi hesab etməli və anlamalıdır ki, etdiyi hər hansı bir çirkin bir iş onun evinə, vətəninə təsir edəcək və onu xarabazara çevirəcək. Allah neməti gözəl şəkildə yaratdı, amma tamahkar insan isə daha çox məhsul əldə etmək üçün o nemətə min cür zəhərli maddə qatıb onun xüsusiyyətini dəyişdi və nəticə də onu yeyən insanda müəyyən xəstəliklər baş qaldırdı. Allah neməti həddində istifadə etməyi tövsiyə etdi, lakin insan həddini aşdı və nəticədə qəzalar, müharibələr, aclıqlar, epidemiyalar baş verdi. Yəni qısaca deyək ki, bütün baş verən bəlalar bizim etdiyimiz çirkinliklərin və ifratçılıqların təbii nəticəsidir.

Sualların biri də budur ki, bəs niyə günahkar insanlara cəza verilərkən günahsız insanlar, körpələr və qocalar da bu cəzaya tuş gəlir? Bu sualın isə qısa cavabı budur ki, əvvəla yenə də Allah bununla bizə ictimai məsuliyyəti başa salır ki, bizim etdiyimiz çirkin əməllərin odu tək özümüzü deyil, həm də cəmiyyəti yandıracaq. Yəni biz anlamalıyıq ki, biz fərdi vəzifədən əlavə həmdə ictimai, sosial vəzifə daşıyırıq. İkinci tərəfdən isə bu dünyada günahkarların ucbatından bəlaya tuş gələn insanlar günahsız olduqları üçün axirət aləmində xoşbəxtliyə qovuşacaqlar, yəni onlar bəla nəticəsində aradan getməklə bədbəxt olmurlar, tam əksinə. Ola bilsin ki, burda müəyyən əzab çəksinlər, lakin bu əzab onların müəyyən kiçik günahlarının kəffarəsi olacaq və çəkidikləri əzabın əvəzində əbədi həyatda mütləq ilahi mükafata layiq görüləcəklər.

Burada çətin, lakin ən önəmli məqam - məsələnin zahirinə deyil, batininə varmaqdır. Zahirən, əlbəttə ki, rahatlıq, zənginlik, bəlasızlıq - müsbət emosiya, çətinlik, bəla, xəstəlik isə mənfi emosiya doğuran bir şeydir. Amma sağlam ağıl hökm edir ki, sən bunlara epizodik baxma, kompleks halında nəzər sal. Tutaq ki, bəlanın zahiri forması insanın həyatı, müqəddaratı üçün əhəmiyyət kəsb etmir. Lakin diqqətli olmalıyıq ki, bəla zahirən bədxah görünsə də, öz-özlüyündə bəlanın mahiyyəti tam başqa cürdür. Uzun müddət ali məktəbə hazırlaşan abituriyentə, bu məşğələlər bəla kimi görünür. Amma sevdiyi peşəyə yiyələnmək üçün müvafiq ali məktəbə daxil olduqda, bu məşğələlərin, onun gecəsini də, gündüzünü də, əyləncə və istirahətini də əlindən alan bu hazırlaşmaların həqiqətdə nemət olduğunu anlayır. İmam Həsən Əsgəridən (ə) nəql edirlər: «Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun». Hər bir bəlanın, hər bir çətinliyin kökündə, əhatəsində, gerçək mahiyyətində bir nemət durur. İnsan bu neməti görməli, onu dərk etməli, qəbul etmək iqtidarında olmalıdır. Belə olan halda, bəla onun üçün nemətə çevrilər. Əks təqdirdə isə - bəla elə bəla olaraq onun belini bükər.

Burada çox yaxşı olardı ki, bu mövzuya Quranın verdiyi cavablarla da tanış olaq. Quran bu barədə belə mövqe ortaya qoyaraq, buyurur:

"Həqiqətən Allah insanlara zərrə qədər də olsun zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunis surəsi 44)

"Allah sizi çətinliyə salmaq istəmir, bəlkə şükr edəsiz deyə, sizi paklandırıb, öz nemətini sizin üçün tamamlamaq istəyir." (Maidə surəsi 6)

"Əgər o məmləkətin əhalisi iman gətirib, haramlardan çəkinsəydilər, sözsüz ki, onların üzərinə göydən və yerdən bərəkət yağdırardıq. lakin onlar yalan hesab etdilər." (Əraf surəsi 96)


Mansurov Bəşir. 17.09.2016
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.