Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 8-ci mövzu

ATEİZM, DEİZM VƏ TEİZM. 8-ci mövzu
+1
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 8-ci mövzu


SUAL: Din tiryəkdirmi? Materialistlər iddia edirlər ki, din Allah tərəfindən göndərilməyib və insanlar tərəfindən uydurulub. Onlar iddia edirlər ki, dinin insanlar tərəfindən yaradılmasındakı məqsəd isə siniflər arası sərhəd yaratmaq, varlıların kasıbları din nağılları ilə inandırıb, sanki mənəvi tiryəklə hallandırıb, başlarını qatmaq, öz var dövlətlərini artırmaq və onlar üzərində təsirlərini çoxaltmaqdır. Bu iddialar nə dərəcədə səhvdir və ya doğrudur?
CAVAB: Biz bu irada hal-hazırda dünyada yeganə həqiqi və İlahi din olan İslamın nəzərindən cavab verəcəyik. Çünkü digər dinlərin həqiqətləri artıq çoxdan təhrif edilmiş, dəyişdirilmiş və bu gün o dinlər düzgünlüyü əks etdirmir. Biz razıyıq ki, həqiqətən bəzi dinlər mövcuddur ki, onlar mənəvi tiryəkdir və güclülərin gücsüzləri istismar etməsi üçün istifadə olunan bir ideologiyadır. Misal üçün orta əsrlər dövründə xristian kilsəsinin kralların, kordinalların və oliqarxların əlində bir oyuncaq və idarə etmə vasitəsi olduğunu heç bir kimsə inkar edə bilməz. Elmə qarşı gələn, insanlara cənnət qəbzi (bileti) satan, alimləri yandıran və zalımlara qarşı çıxmağı yasaq edərək, onlara yalançı cənnət vəd edən bir din təbii ki, tiryək kimidir. Lakin bunu həqiqi İlahi din olan İslama aid etmək qəti düzgün deyil. Aşağıda çəkəcəyimiz çox ibtidai formalı misallarla sübut etməyə çalışacayıq ki, İslam dini qətiyyən tiryək deyil.

Çox güman ki, dini tiryəkə bənzədərək, onu uyuşdurucu, ağlı aradan aparan bir vasitə hesab edənlər çox böyük səhv edirlər. Həqiqətdə isə din yüngüllük, avamlıq, yuxululuq və tufeyli azadlıq deyil. Əksinə din böyük məsuliyyət və xüsusi qanunlar toplusudur. İlahi bir din məsuliyyətdən qaçmaq üçün istifadə olunan tiryək deyil və olada bilməz. Quranda bəyan olunan tərzdə desək İslam dini əvvəldən axıra qədər zəhmət dinidir, fəaliyyət dinidir. Tənbəl və məsuliyyətsiz insanlara bu dində yer yoxdur.

İslam bizim əlimizi heç bir zaman dünya həyatından soyudaraq yalnız axirətə bağlayan bir din deyil. İslam təkcə axirəti deyil, öncə bu yaşadıqımız dünya həyatını gözəlləşdirmək üçün göndərilmişdir. Quranda deyilir: "... işlərdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et" (Ali İmran 159). Bu ayədən açıq aydın məlum olur ki, İslam bizi kor-koranə olaraq yaşamağa deyil, məsləhət və düşüncə əsasında yaşamağa dəvət edir. Yəni bu ayə bizə onu göstərir ki, əlinizi əlinizin üzərinə qoyaraq heç bir iş görmədən deyil, öncə öz aranızda məsləhətləşib, qərar qəbul etdikdən sonra, Allaha təvəkkül edin, ondan bu qərarınızda və işinizdə sizə kömək etməsi üçün yardım istəyin.

Peyğəmbərin (s) dövründə bir ərəb öz dəvəsinin Allaha tərəfindən qorunacağına arxayın olaraq, onu sərbəst buraxdı. Peyğəmbər (s) isə onun bu işinə irad bildirərək, belə buyurdu: "Öncə dəvəni bağla, sonra isə Allaha təvəkkül et". Bu kiçik hadisə bizə bir daha onu göstərir ki, İslam təbii qanunların ziddinə gedərək və zəhmət çəkmədən hər şeyi Allahdan gözləməyi müsbət hal hesab etmir.

Din ayıqlıqdır, sayıqlıqdır, məsuliyyətdir, hər bir edilmiş işə və deyilmiş sözə cavabdeh olmaqdır. Din tiryək qəbul etmiş insanın halına qəti bənzəmir.

Həqiqətdə isə İslam insanları yuxuya verməz, əksinə oyandırır. İslam Quranda bir neçə yerdə gözü olub amma kor olanları, qulağı olub amma eşitməyənləri bərk qınayır. Bu kəslər o insanlardır ki, onlar düşünmək istəmir, həqiqəti axtarmağa çalışmır, ən adi həqiqətləri belə inkar edir, Allahın varlığını danır və özünə bir məsuliyyətsiz həyat təsvir edib, onu yaşayır. Əslində əsl mənəvi tiryək elə materializmdir. Çünkü materializm insanı dar bir qəfəsə salaraq, düşüncəsini yalnız materia ilə məhdudlaşdırır, insanın ali həqiqətini inkar edir.

İslamın sosial göstərişlərində belə bir hədisə rast gəlirik ki, deyilir ki "“Qiyamət qopmaq üzrə olsa belə əlinizdən gəlirsə, bir ağac əkin.” Sizcə belə bir tövsiyəni edən bir din tiryək ola bilərmi? Yoxsa ki, Allahı qəbul etmədiyi üçün, öz mənfəətinə uyğun olmayan hər bir şeyi inkar edən, yalnız özünü düşünən bir eqo sistem yaradan - dinsizlikmi tiryəkdir?

Biz yaxın tarix olan 20-ci əsrdə, materializm ideologiyasının, qan içən çağdaş despot diktatorlar tərəfindən necə uyğun şəkildə istifadə edildiyinin, bu ideologiyanın vasitəsi ilə insanları robot formasında qul halına salınmasının, istismar edilməsinin, qarşı çıxanların dərhal yox edilməsinin və utopik, xəyali bir cəmiyyət qurmaq üçün edilən cəhətlərin şahidi oluruq. Təsadüfi deyil ki, dünyada ikinci cahan savaşını məhz materialist düşüncəsinə sıx bağlı olan dövlətlər - Faşist Almaniyası və SSRİ yaratdı.

İslam dini ilk meydana çıxdığı gündən etibarən məzlumları, kasıbları qoruyan, zəkat qurumunu quraraq varlıların mallarının bir qismini möhtac olanlarla bölüşməyi əmr edən, məzlumların haqlarını qoruyan, ölənləri şəhid qəbul edən, hər cür haqsızlığı, despotluğu, zalimliyi şiddətlə lənətləyən İslam dini tiryəkdirmi?

Məgər Quran belə demirmi ki, "Qızıl gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ"?. (Tövbə surəsi 34) Quranda keçən bu ifadə onu göstərir ki, İslam malı, kapitalı bir yerə cəmləyib hamını özündən aslı hala salan bir sistemi bəyənmir və təklif edir ki, qazancın içindən müəyyən sosial vergilər - xüms və zəkat ödənilsin, ehtiyaclı insanlara sədəqə payı ayrılsın. Bu artıq yoxlanılmış bir fikirdir ki, əgər varlılar xüms və zəkatlarını vaxtında ödəsəydilər, dünyada heç bir ehtiyaclı insan qalmazdı.

Quran digər bir yerdə belə deyir: "...Allah yolunda nəyi paylamalı olduqlarını soruşanlara isə de ki: "Ehtiyacınızdan artıq qalanını möhtaclara paylayın" (Bəqərə surəsi 219) İslamın sosial ədalət üçün təyin etdiyi bu qədər mərhəmətli və insafla uyğun olan qaydalara rəğmən yenə də İslama tiryək adını vermək istəyirlər?

İslam başqa dinlərə nisbətən xalqalara daha çox fayda və idarə sistemində proqressiv qanunlar gətirdi. Bu xalqlar İslam dövründə yüksək inkişaf nöqtəsinə çatdılar. İslamın qanunları günahsız bir şəxsiyyəti bəşəriyyətə bərabər tutur. Bu Quranda belə təsdiqlənir: "...Hər kəs günahsız bir kimsəni öldürsə, o bütün insanları öldürmüş kimi sayılır. Hər kəs günahsız bir kimsəni diriltsə (ölümdən qurtarsa) o bütün insanları diriltmiş (ölümdən qurtarmış) kimi olur. (Maidə surəsi 32)

İslam dini insanın fərdi şəxsiyyətini mütləq kəmiyyət kimi götürür, lakin başqa siyasi nəzəriyyələrdə insan şəxsiyyəti nisbi kəmiyyətə malikdir. İnsan şəxsiyyətinə İslam qədər önəm verən, onun hörmətini, izzətini qoruyan və hətda əsiri, düşməni belə alçatmağa qəti icazə verməyən ikinci bu cür ideologiya yoxdur.

Kapitalizm (modern quldarlıq) güclü olanara zəif olanların əməyini istismar edəcək dərəcədə azadlıq verirsə, kommunizm bu azadlığı tam olaraq ləğv edir, İslam isə nə ifrat azadlıq vermir və nə də qazanmağı qadağan etmir, orta mövqe seçir.

Bəlkə də dünyada ilk ideologiyadır ki, qadını hər bir işdə pay sahibi hesab edir, onun qazancına toxunmur və kişiyə ixtiyar vermir ki, qadının qazandığına zor ilə sahib çıxsın. Quranda deyilir: -"Kişilərin öz qazandıqlarından öz payı, qadınların isə öz qazandıqlarından öz payı vardır".

Hər zaman insanlara qazandığı paydan ehtiyaclılara pay ayırmağı, yetimləri qorumağı, qadınlarla çox hörmətlə davranmağı, onları yad insanlardan qorumağı tövsiyə edən və bütün növ uyuşdurucu vasitələri kəsin formada qadağan edən bir dinmi tiryəkdir yoxsa qazandıqını heç kimlə paylaşmayan, eqoist bir insan yetişdirən, qadınları istifadə üçün alət hesab edən, azad seksi təbliğ edərək əslində əxlaqsızlıq yayan, maddi ləzətdən, əyləncədən başı açılmayan bir gənclik yetişdirən, hər cür narkotikadan az qala azad istifadəyə icazə verən bir materialist sistemmi tiryəkdir?

Hər gün insana axirəti yad etdirən, uğurlu və əbədi gələcəyə ümidləndirən, əməllərinə görə cəza və ya mükafat alacağı barədə vəd verən, əbədi kamillik və xoşbəxtlik vəd edən və həqiqi xoşbəxtliyin, pak yaşamaqın yollarını təyin edən bir dinmi tiryəkdir yoxsa hər şeyin bu dünyada olduğunu, "ye, iç, kef elə" məntiqi ilə yaşayan, heç bir insani qanun tanımayan, öz xeyri üçün hətda öz qardaşını belə satan və sonda ölüb torpaq olacağını, yox olacağını təlqin edən düşüncə tərzi olan dinsizlikmi tiryəkdir?

İslam dini əsla tiryək deyil, əksinə İslam insanlığın beynin ələ keçirib onu şüur köləsinə çevirənlərə, həqiqi tiryək yayanlara qarşı kəskin bir mövqe tutan və mübarizə aparan bir dindir.


Mansurov Bəşir. 26.08.2016
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.