Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu

ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu
-1
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu


[Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur:

SUAL: Dünyada elə tayfalar, millətlər yaşayır ki, onların dinlərdən, peyğəmbərlərdən və ilahi əmrlərdən xəbəri yoxdur. Bəs o zaman onların aqibəti necə olacaq? Əgər bütün insanlar Qiyamətdə sorğu sual olunacaqsa bəs o zaman bu xəbərsiz insanları hansı haqla sorğu sual edəcəklər?

CAVAB: - Əvvəla ilk öncə onu qeyd edək ki, bu sualın qoyuluşunda yenə də incə səhv vardır. İlk öncə bizim bu suala düzəliş etməyimiz lazımdır. Sualda iddia olunan "xəbərsiz insanlar" ifadəsi tələskənlikdən və xəbərsizlikdən doğan bir ifadədir. Axı sübut oluna bilərmi ki, onlara Peyğəmbər gəlməyib? və ya onlar xəbərdar olunmayıblar?

Əgər ateistlər bu suala cavab olaraq İslamın nəzərini öyrənmək istəyirlərsə o zaman bilməlidirlər ki, İslama görə bütün ümmətlərə onların öz içlərindən bir peyğəmbər gəlmiş və onların yadına Allahı, axirəti və düzgün yaşayış qaydalarını salmışdır. Qurani Kərimdə bu mövzuda belə bir ayə vardır:
- Elə bir ümmət yoxdur ki, onlar üçün öz içlərindən qorxudan bir peyğəmbər gəlib-getməsin. (Hicr surəsi 24)

Quranı Kərimdə cəmi 25 peyğəmbər barədə məlumat verilmişdir və bu məlumatlar da sırf ibrət alınmaq üçün olan xüsusi mövzulardır. Quran avtobioqrafiya və ya tarixi xronologiya kitabı deyil ki, orda 124 min peyğəmbər və onların hamısı barədə, hansı qövmə gəlmələri barədə məlumat verilsin. Əgər məlumat verilsəydi o zaman bu minlərlə cild kitab edərdi və ilahi kitab formasından çıxıb, ensiklopedik bir kitab formasına düşərdi. Həmçinində o zaman artıq bu kitabı qormaq, yazmaq və yadda saxlamaq bəşərin imkan dairəsindən xaric olardı.

Bəşəriyyətə göndərilmiş minlərlə peyğəmbər vardır ki, biz onlar barədə heç bir məlumata sahib deyilik. Bunun səbəblərindən biri də budur ki, o peyğəmbərlərin göndərildiyi qövmlər o insanları ya məhv edərək adlarının tarixə keçməsinə mane olublar, ya onlara cadugər, şaman, kahin, dəli adını qoyaraq onların tarixdə peyğəmbər kimi yad olunmasının qarşısını alıblar və yaxudda ümumiyyətlə o qövmlər sivilazsiyadan, yazı mədəniyyətindən xəbərləri olmadığı üçün öz tarixlərini gələcək nəsillərə ötürə bilməmişlər. Digər bir əsas səbəb isə budur ki, o qövmlərə gələn peyğəmbərin gətirdiyi ilahi hökmlərin vaxt keçdikcə mahiyyəti dəyişdirilmiş, təhrif olunmuş və ya sadəcə fəlsəfi fikir formasında qalmışdır. O peyğəmbərlərə isə vaxt ötdükcə filosof adı qoyulmuşdur.

Bəzi ibtidai tayfalar isə onlara gələn peyğəmbərin təlimlərini dəyişdirib, onu bütpərəstliklə əvəz etmiş və həqiqi Allahı bütə dyişmişlər. Məsələn elə əvvəllər Həzrəti İbrahimin Hənif (tək Allahlı) dinində olan Hicazlılar sonradan bu dinin prinsiplərini təhrif edib, bütə sitayiş edən olmuşlar. Biz onların bütə sitayiş etdikləri dövrü əlimizdə bayraq götürüb deyə bilmərik ki, onlara Peyğəmbər gəlməyib, əgər gəlsəydi belə etməzdilər. Tarixlə tanış olanlar, Hicaz əhlinin necə həqiqi dindən dönüb bütpərəst olduğunu gözəl bilirlər. Burada o mövzuya girməyə lüzum yoxdur. Həmçinin bu cür metodla digər qövmlər də onlara gələn peyğəmbərlərin təlimlərini rədd etdikləri üçün, bu gündə acınacaqlı vəziyyətdə qalmaqda davam edirlər. İbtidai insanların dinlərini öyrənən dinşünas alimlərin araşdırmaları göstərir ki, onların da vaxtı ilə bizim dinə bənzəyən şəriəti, qanunlar toplusu olub. Məsəl üçün mov-mov tayfasında Mujayn adlı Allaha inanırlar və hesab edirlər ki, Mujayn nə doğub, nə doğulub, ona bənzər olan yoxdur, gözəgörünməzdir, mütləq yaradıcıdır, hamıya yeyəcək verir, şəfa verir və sairə. İndi diqqətlə baxın bu ibtidai tayfanın Mujayn dediyi Allah çox faiz etibarı ilə Peyğəmbərlərin tərif etdiyi həqiqi Allah deyilmi? Əgər onlara vaxtı ilə Peyğəmbər gəlməyibsə onlar bu məlumatları necə öyrəniblər? Demək ya onlara vaxtı ilə bir peyğəmbər gəlib və yaxudda başqa bir qövmün Peyğəmbərinin təlimlərindən xəbərdar olublar.

Odur ki, bu sualda iddia olunan irad İslama görə yalnış bir iraddır. Lakin burada diqqət olunası digər bir məqam isə budur ki, Allahın insanları axirət aləminə, düzgün yaşamağa, ədalətli olmağa inandırması müxtəlif yollarla ola bilər. Yəni insanın Allaha, axirətə, qeyb aləminə inanması üçün Peyğəmbərin olması zəruridir, lakin yeganə yol deyildir.

Allahın insan üçün yaratdığı ən böyük nemət olan ağıl və vicdan İslama görə daxili Peyğəmbər sayılır. Yəni vacib deyil ki, kimsə gəlib bizə desin ki, oğurluq yaxı şey deyil, bunu insan zatən öz ağlı və vicdanı vasitəsi ilə də anlayır və başa düşür. Bütün insanlar yaradılış etibarı ilə pak fitrət və pak vicdan əsasında yaradılıblar. İnsan ağlı kəsdiyi müddətdən etibarən ağlı ona səhv və düzü başa salıb və vicdan isə onun xəta etdiyi zaman sıxıb, incidib və peşman olmağa vadar edib. Lakin insan bütün bunlara baxmayaraq öz ağlının əksinə gedib, səhv etdiyini bildiyi halda iyrənc əməllərini artırıb və sonda vicdanın səsini belə unudaraq azğın bir varlığa çevrilib. Bu tip insanlar Qiyamətdə niyə öz sağlam ağıllarına qarçı çıxdıqlarına görə, pisi və yaxşını ayırd etdikləri halda niyə məhz pisi seçdiklərinə görə, onlara pis iş görən zaman əzab verən vicdanın səsini dinləmədiklərinə görə sorğu-sual olunacaqlar.

Burada daha dərindən diqqət olunası məqam isə budur ki, Peyğəmbərlər insanlar üçün onların heç zaman tanış olmadıqları, yeni qanunlar deyə bir şey gətirməyiblər. Peyğəmbərlər sadəcə insanların yadına onların bilib lakin unutduqları həqiqətləri salıblar, onlara unutduqları Allahın varlığından və ona itaətdən danışıblar.Çünkü bütün insanlıq tək Allahlı fitrət əsasında yaradılıb və hamıda istisnasız Allaha pərəstiş hissi mövcuddur. Sadəcə kimlərsə bu hissi nəfsin iyrənc təlqinləri ilə aradan aparır və bədbəxt olur, kim isə əksinə ruhunu təmizləyərək Allahın varlığını hiss edərək, yəqin adlı ən yüksək məqama çataraq xoşbəxt olur.

Allaha geniş mərhəmət sahibidir, O heç zaman insanları öz qabiliyyətlərindən artıq yükləməz və xəbərdar olmayan qafil insanlarla edəcəyi sorğu sualı xəbərdar olan insanlarla etdiyi formada etməz. Kim bilir bəlkədə ibtidai formada yaşayan bir zəncinin öz hissiyatına və fitrətinə əsasən Allah qarşısında qorxudan bircə dəfə səmaya yönəlmiş nəzəri, bizim bütün ibadətlərimizdən üstündür.


Mansurov Bəşir
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.